Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan və Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Dövlət Komitəsinin dini icmalarla bu görüşünün əhəmiyyətini vurğulayaraq qeyd edib ki, belə görüşlər dövlət-din arasında mövcud sıx münasibətlərin daha da inkişaf etməsinə xidmət edir.
Xəzər rayonundan millət vəkili seçilmiş Rauf Әliyev bildirib ki, müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi dini sahədə də xeyli dəyişiklər baş verib. Sovet dövründə dinə qarşı böyük basqıları müşahidə edirdiksə, müstəqillikdən sonra bu basqılar aradan qaldırılıb, dövlət-din münasibətlərini tənzimləyən qanunlar qəbul edilib, həm də konstitusiyamızda bu məsələlər öz əksini tapıb.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Dövlət Komitəsinin sədri bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışıb.
M.Qurbanlı qeyd edib ki, Azərbaycan unitar, hüquqi, demokratik və dünyəvi dövlətdir. Ölkədə dünyəvilik konstitusiyada öz əksini tapıb və bununla yanaşı “Dini etiqad azadlığı” haqqında qanun da qəbul edilib. Bu qanun da cəmiyyətimizdə fərdlərlə, dini icmalarla dövlət arasındakı münasibətləri nizamlayır. DQİDK-nin təsis olunmasının başlıca məqsədi dövlət-din münasibətləri, o cümlədən dini icmaların fəaliyyətini nizamlamaqdan ibarətdir. Burda bir incə məqam var. Dövlət dindən ayrı olsa da, dindar dövlətdən ayrı deyil. Hər bir dindar istər-istəməz dövlətlə təmasda olmaq məcburiyyətindədir. Hesab edirik ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir.
Ölkəmizdə istənilən dini icmanın azad fəaliyyətinə tam şərait var. Azərbaycan tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasındadır. Tolerantlığın təminatı üçün hökumət tərəfindən müəyyən addımlar atılıb. İstər paytaxtda, istərsə də bölgələrdə dini münasibətlərlə bağlı təhlillər aparsaq, xristian, müsəlman, yəhudi dini icmalarının paralel şəkildə dinc yanaşı mövcud olduğunu görə bilərik.
Çıxış edən din xadimləri son vaxtlarda Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiklərini söyləyiblər.
Sonda M.Qurbanlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, Dövlət Komitəsinin sədri rayon ərazisində yerləşən “Mir Mövsüm ağa” ziyarətgahında olub.