إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün Qədir Xum bayramıdır

Qədir Xümm hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xümm (əslində Ğədir əl-Xümm) vahəsində baş vermiş məşhur hadisənin adıdır.

Rəvayətlərə görə Həzrət Mühəmməd Peyğəmbər (s) 100 min nəfərdən artıq səhabə ilə birlikdə vida həccini yerinə yetirib, zilhiccə ayının 14-də Məkkəni tərk etdi və Mədinəyə sarı üz tutdu. Məkkə ilə Mədinənin fasiləsi 500 km.-ə yaxındır. Bu şəhərlərin arasında, Məkkədən təqribən 4 mənzil şimalda, Qırmızı dəniz sahilindən 6 mil (təqribən 10 km.) məsafədə Cühfə kəndi yerləşirdi. Cühfənin adı əvvəllər «Məhyəə» idi, sel buranı dağıtdıqdan sonra «Cühfə» adlanmağa başladı (ərəb dilində «cühfə» - «dağıdılmış» deməkdir). Cühfədə Misir, Şam və Mədinə yolları bir-birində ayrılırdı. Məhz həmin nöqtədə, hacılar öz vətənlərinə dağılışıb getməzdən əvvəl Qədir-Xümm hadisəsi baş vermişdir.

Karvan Cühfəyə çatanda Allah-təala öz Peyğəmbərinə aşağıdakı ayəni vəhy etdi: «Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!» («Maidə», 67).

Cühfədən 2 mil (təqribən 3 km.) məsafədə Qədir-Xümm vahəsi yerləşirdi. Ərəblər səhranın çökəklik yerlərinə «ğədir» deyirlər. Yağış mövsümündə bu çökəkliklərə su yığılır, sonra istinin təsiri ilə su tədricən buxarlanıb çəkilir. Nəhayət, yayın qızmar günlərində bu çökəklik də səhranın bir hissəsinə çevrilir. «Xümm» sözünün mənşəyi barədə bir neçə fərqli məlumat vardır. Bu sözü həm şəxs adı kimi, həm də «qamışlıq», «bulaq çıxan yer», «gölməçənin yanında qazılmış quyu» kimi mənalandırmışlar. Həqiqətən, Qədir-Xümmdə bir quyu var idi. Onu Peyğəmbərin yeddinci nəsildən ulu babası Mürrə ibn Kəb qazımışdı.

Yuxarıdakı ayə nazil olduqdan sonra Peyğəmbər karvana köç salmaq əmrini verdi. Karvanın dayandığı yerdə 5 ədəd «səmürə» adlı iri səhra kolu bitmişdi. Peyğəmbər tapşırdı ki, kolların altını süpürsünlər. Kollardan birinin üstünü parça ilə örtüb kölgəlik yaratdılar, orada dəvə kəcavələrindən minbər qurdular.

Həzrət Mühəmməd Peyğəmbər camaatla zöhr namazını qıldı, sonra isə hazırlanmış minbərə qalxıb xütbə söylədi. 
Peyğəmbər xütbənin əvvəlində Allaha həmdü-səna etdikdən və tezliklə bu dünyanı tərk edəcəyini bildirdikdən sonra məşhur «səqəleyn» hədisini bir daha söylədi. O həzrət müsəlmanlara xatırlatdı ki, özündən sonra iki qiymətli əmanəti – Quranı və öz itrətini (nəslini) ümmətə tapşırır. Müsəlmanların vəzifəsi budur ki, həmin iki əmanətə ehtiramla yanaşsınlar, onlardan uzaq düşməsinlər.

Sonra Peyğəmbər yanında durmuş Əli ibn Əbu Talibin əlini tutub yuxarı qaldırdı və soruşdu: «Ey camaat! Möminlərə başçılıq etməyə onların özündən daha layiqli olan kimdir?». Yerdən cavab verdilər: «Bunu Allah və Onun elçisi yaxşı bilir». Peyğəmbər buyurdu: «Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam və onlara hökm etməyə özlərindən daha layiqəm. Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır».

Peyğəmbər bu cümləni üç dəfə təkrar etdi, ardınca belə söylədi: «İlahi, Əlinin dostları ilə dost, düşmənləri ilə düşmən ol! Əlini sevənləri sən də sev, ona kin bəsləyənlərlə ədavət et! Əliyə kömək edənlərə köməkçi ol, ondan üz çevirənlərdən sən də üz çevir! İlahi, Əli hansı tərəfə getsə, haqq-ədaləti də onunla birilkdə hərəkət etdir! Ey camaat! İndicə eşitdiklərinizi burada olmayanlara da çatdırın!».

Camaat Peyğəmbərin əhatəsindən dağılışmazdan əvvəl bu mübarək ayə nazil oldu: «Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim» («Maidə», 3-cü ayədən).
Sonra Peyğəmbər Əli ibn Əbu Talib üçün çadır qurdurdu, özü da başqa bir çadırda əyləşdi. Bütün müsəlmanlar Əlinin çadırına yaxınlaşıb, Onu təbrik etdilər. Hətta Peyğəmbərin xanımları da münasib bir şəkildə Əli ibn Əbu Talibə təbriklərini çatdırdılar. Bu mərasim gecənin üçdən-bir hissəsi keçənə kimi davam etdi.

Rəvayət edirlər ki, Həzrət Əli ibn Əbu Talibi təbrik etmiş ilk şəxs gələcək raşidi xəlifələri Əbu Bəkrlə Ömər ibn Xəttab olmuşlar. Ömər bu sözləri demişdi: «Xoş sənin halına, ey Əbu Talibin oğlu! Mənim, habelə, bütün mömin kişi və qadınların mövlası oldun!».
«Peyğəmbərin şairi» ləqəbi ilə tanınan Həssan ibn Sabit bu hadisəni elə oradaca nəzmə çəkdi və Peyğəmbərin icazəsi ilə 10 beytlik «Qədir-Xümm» qəsidəsini söylədi.

Tarix boyunca Qədir-Xüm əhvalatı səhih və mötəbər rəvayətlər sırasında durmuşdur. Tarixçilər, hədis alimləri, təfsir ustaları, filosoflar və şairlər öz əsərlərində Qədir-Xüm əhvalatını təsvir etməyi fəxr bilmişlər. Qədir-Xümm hadisəsinin təsvir edilmədiyi mötəbər tarix, hədis və təfsir kitabı tapmaq çətindir. Əldə olan məlumatlara görə, bu hadisə barəsində indiyə kimi 26 müstəqil kitab qələmə alınmışdır. Təbəri, Hakim Həskani, İbn Üqdə, Əbu Səd Sicistani, Mir Hamid Hüseyn Hindi kimi dünya şöhrətli alimlər Qədir-Xümm hədisinə bütöv kitab həsr etmişlər. O cümlədən, Əbu Səd Sicistani 17 hissədən ibarət olan «Kitabüd-dirayə fil-hədisil-vəlayə» əsərində Qədir hədisini 120 nəfər səhabənin dilindən 1300 sənədlə rəvayət etmişdir. XX əsrin ən məşhur cəfəri alimlərindən sayılan təbrizli Əllamə Əbdülhüseyn Əmini İslam tarixinin bu iftixarlı hadisəsini 11 cildlik «əl-Ğədir» kitabında araşdırmışdır. Həmin kitabda Qədir-Xümm hədisi 110 nəfər səhabədən, 84 nəfər tabeindən və hicri II-XIV əsrlərdə yaşamış 360 alimin kitabından nəql edilir. Kitabda Qədir-Xümm mövzusuna həsr edilmiş ən gözəl şeir nümunələri də toplanıb.

Əşəreyi-mübəşşərəyə (əhli-sünnə əqidəsinə görə, Peyğəmbərin cənnətlə müjdələdiyi 10 nəfərə) aid olan 10 məşhur səhabə, Abbas ibn Əbdülmüttəlib, Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Əmmar ibn Yasir, Əbuzərr, Salmani-farsi, Əsəd ibn Zürarə, Xüzeymə ibn Sabit Züş-şəhadəteyn, Əbu Əyyub Ənsari, Abdullah ibn Ömər, Bəra ibn Azib, Zeyd ibn Sabit, Əbu Səid Xüdri, Miqdad, Əbu Hüreyrə, Cabir ibn Abdullah, Zeyd ibn Ərqəm, Ənəs ibn Malik, Üsamə ibn Zeyd, Həzrət Fatimə, ümmül-möminin Aişə, Ümmi-Sələmə, Əsma bint Ümeys və başqaları Qədir-Xümm hədisinin raviləri sırasındadırlar. Göründüyü kimi, hədis mütəvatir dərəcəsindədir. Miladi XVII əsrdə yaşamış yəmənli alim Ziyaüddin Müqbili yazırdı: «Əgər Qədir hədisini səhih hesab etməsək, gərək İslamda heç nəyi səhih saymayaq» («əl-Ğədir», I, 307).

Əhli-sünnənin mötəbər hədis məcmuələrindən sayılan «Sünənüt-Tirmizi» («Kitabül-mənaqib», 19-cu bab, 3713-cü hədis) və «Sünənü İbn Macə» («Kitabüs-sünnə», 11-ci bab, 116-cı və 121-ci hədis) kitablarında Qədir-Xümm hədisi qeyd edilmişdir. İmam Əhməd ibn Hənbəl «Müsnəd» kitabında Qədir hədisini müxtəlif səhabələrin (Əli ibn Əbu Talib, Büreydə Əsləmi, Zeyd ibn Ərqəm, Bəra ibn Azib və b.) dilindən on dəfələrlə təkrar etmişdir. İmam Nəsai «Xəsaisü Əmirəl-möminin Əli ibn Əbi Talib» əsərində Qədir-Xümm hədisinə 14 dəfə müraciət etmişdir (9, 12, 24, 77, 79, 80, 87, 93-96, 98, 99 və 157 saylı hədislər ).
Dini sənədlərdə Qədir-Xümm günü «Ali-Mühəmmədin bayramı» adlandırılır.

Bir nəfər İmam Cəfər Sadiqdən (ə) soruşdu: «Müsəlmanlar üçün cümə, Fitr və Qurban günlərindən savayı bayram varmı?». İmam cavab verdi: «Bəli..». Həmin adam soruşdu: «Bəs, o hansı bayramdır?». İmam buyurdu: «O həmin gündür ki, Allahın Rəsulu Əmirül-möminin Əlini (ə) öz yerinə canişin təyin edib söylədi: «Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır». Bu bayramın vaxtı zilhiccə ayının 18-ci günüdür». Sual verən adam yenə soruşdu: «Həmin gün hansı əməlləri yerinə yetirmək lazımdır?». İmam Sadiq (ə) buyurdu: «O gün oruc tutun, ibadət edin, Mühəmməd Peyğəmbəri (s) və nəslini xatırlayıb onlara salavat söyləyin. Peyğəmbər Əliyə vəsiyyət etmişdi ki, həmin günü bayram etsin».

Əbu Reyhan Biruni, Məsudi, Təbəri, İbn Xəllikan kimi məşhur tarixçilərin əsərlərindən məlum olur ki, onların dövründə Qədir-Xümm günü ən böyük şiə bayramlarından sayılırmış. İran və İraq ərazisində Büveyhilərin (932-1062) və Səfəvilərin (1501-1732), Misirdə isə Fatimilərin (909-1171) hakimiyyəti dövründə Qədir günü rəsmi dövlət səviyyəsində qeyd edilirdi. Həmin gün xəzinənin hesabına subaylar üçün toy mərasimi keçirir, kölələri azad edir, qurban kəsib ətini aclara paylayırdılar (Əllamə Mühəməd Hüseyn Müzəffər – «Şiəliyin tarixi», səh. 294-297).
Azərbaycanda da Qədir-Xümm bayramı şiələr tərəfindən qeyd edilir. Qədir gününü xalq arasında «seyyidlər bayramı» da adlandırırlar.


Hz. Əlinin “Qədir Xumm” hadisəsinə istinadı barədə maraqlı əhvalat

Bəziləri soruşurlar: Qədir-Xümm və bu qəbildən olan hədislər həqiqətə əsaslanırsa, niyə hər şeydən əvvəl Imam Əli (ə) onlara istinad etməmiş və həmin hədisləri öz müasirlərinin yadına salmamışdır? Bu fikirdən belə bir nəticə çıxarırlar ki, əgər Əli (ə) özünün haqlı olduğunu sübuta yetirmək üçün mübarizə aparmamışsa, deməli, özünün xilafətə layiq olduğu qənaətində olmamış və bu istiqamətdə tələb və iddia ilə çıxış etmək lüzumunu da hiss etməmişdir. 

Bu barədə onu deyə bilərik ki, istər Əli ibn Əbu Talib (ə), istər Fatimeyi-Zəhra (ə), istərsə də Imam Həsən (ə) və Imam Hüseyn (ə) dəfələrlə Qədir-Xümm hədisini xatırlatmış, həm öz tərəfdarları ilə söhbət edərkən, həm də müxalif qüvvələrlə mübahisə apararkən bu hədisi əsas sübutlardan biri kimi irəli sürmüşlər. 

Məsələn, Həzrət Əli ibn Əbu Talib (ə) ikinci xəlifə Ömər ibn Xəttabın sui-qəsd nəticəsində vəfatından sonra 6 nəfərlik şura tərəfindən həyata keçirilmiş xəlifə seçkisində özünün xilafətə hamıdan (şuradakı qalan 5 nəfər də daxil olmaqla) daha layiq olduğunu vurğulamaq üçün sair dəlillərlə yanaşı, Qədir-Xümm hədisinə də istinad etmişdi. Imam Əli (ə) xəlifə olduqdan sonra da bir neçə dəfə dostlarının və düşmənlərinin əhatəsində Qədir-Xümm hədisini xatırlatmış, başqalarını da buna çağırmışdı. Məsələn, Cəməl savaşı gedişində Imam adam göndərib, Təlhə ibn Übeydullahla görüşmək istədiyini bildirdi və görüş zamanı Qədir-Xümm hədisini onun yadına saldı. Təlhə əvvəlcə bu hədisi xatırladığını bildirdi, amma Əlinin: «Bununla belə, yenə mənimlə döyüşürsənmi?» sualının qarşısında inadkarlıq edib, hədisi unutduğunu söylədi (Hakim Nişaburi. Əl-Müstədrəkü ələs-Səhiheyn, III, 371; Məsudi. Mürucüz-zəhəb, II, 364-365, Məsudi yazır ki, Təlhə bundan sonra peşman olub döyüşdən uzaqlaşdı və Mərvan ibn Həkəm bundan qəzəblənib onu oxla vurdu; Xətib Xarəzmi Hənəfi. Əl-Mənaqib, 182, 221-ci hədis; Heysəmi. Məcməüz-zəvaid və mənbəül-fəvaid, IX, 133-134 və s.). 

Həzrət Əlinin (ə) Qədir-Xümm hədisinə istinadı barədə faktların sırasında biri mənbələrdə daha geniş xatırlanır. Əllamə Əmininin «əl-Ğədir» kitabında yazdığı kimi, bu hadisə 4 səhabənin və 14 nəfər tabiinin rəvayətinə əsasən, onlarla kitabda öz əksini tapmışdır. Söhbət Həzrət Əlinin (ə) Kufə kənarındakı çöldə (ərəblər buna «rəhbə» deyirlər) öz tərəfdarlarını toplayaraq, onlardan Qədir-Xümm hədisini eşidib-eşitmədikləri barədə soruşmasından gedir. Imam Əli (ə) Kufədə ona sadiq olan insanları bir yerə toplayaraq, Qədir-Xümm hədisini eşidənlərin şahildilk etməsini tələb etdi. Bu zaman bir neçə səhabə ayağa qalxıb, həmin hədisi vida həccindən qayıdarkən Həzrət Mühəmməd Peyğəmbərin (s) dilindən şəxsən eşitdiklərinə şəhadət verdilər. Bunların sayı barədə məlumatlar fərqlidir. Bəzi rəvayətlərdə 10 nəfərdən artıq, bəzi hədislərdə isə 12, 13, 16, 17 və ya 30 nəfərin şəhadət verdiyi bildirilir. Rəqəmlər arasındakı fərqi tədqiqatçılar aşağıdakı səbəblərlə bağlayırlar: Ola bilər ki, hadisədə iştirak edən bəzi şəxslər şəhadət verənlərin hamısını tanımamış və yalnız tanıdıqları adamların sayını və adını qeyd etmişlər. Bəlkə də izdihamın çoxluğu üzündən şəhadət verənlərin sayını tam müəyyən etmək çətinlik törədib. Bəlkə də bəzi rəvayətçilər yalnız ənsardan olan şəxsləri, bəziləri isə Bədr savaşında iştirak etmiş səhabələri saymışlar. Çünki hadisənin təsvirinin müxtəlif varinatlarında tez-tez şəhadət verənlərin hamısının və ya bir hissəsinin Bədr döyüşçüləri olduğu bildirilir. Məlum olduğu kimi, Bədr döyüşünün iştirakçıları hələ Peyğəmbərin sağlığında çox uca məqama sahib idilər, sonrakı xəlifələr də onları yüksək dəyərləndirirdilər. Bədr iştirakçılarının şahidliyi məhkəmələrdə xüsusi dərəcədə etibarlı sayılırdı. Onları fəxrlə «bədriyyun» adlandırırdılar. Qədir-Xümm hədisini təsdiq edənlərin sırasında bədriyyun təbəqəsinin mənsublarının olması bu hədisin mötəbərliyini daha da artırır. Əllamə Əmini Qədir-Xümm hədisini vaxtilə Peyğəmbərin dilindən eşitdiyinə Həzrət Əlinin (ə) xahişi ilə şahidlik etmiş 24 səhabənin adını qeyd edir. Bunların sırasında Əbu Əyyub Ənsari, Xüzeymə ibn Sabit züş-şəhadəteyn (Peyğəmbər onun şahidliyini iki nəfərin ifadəsinə bərabər tutmuşdu), Səhl ibn Hüneyf, Əbül-Heysəm ibn Teyyihan, Əbu Hüreyrə, Əbu Səid Xüdri, Əbu Leyli Ənsari kimi məşhur səhabələr də vardır (ilk 4 nəfər bədriyyundandır). 

Lakin tarix həmin gün Qədir-Xümm hədisini eşitdiyini danan və həqiqəti gizlədən bəzi səhabələrin adını da qoruyub-saxlayıb. Bunların ən məşhurları Ənəs ibn Malik, Zeyd ibn Ərqəm və Bəra ibn Azibdir. Əli ibn Əbu Talib (ə) onların yalan danışdığını bildiyi üçün, barələrində bəd-dua etmişdi: «Allahım, qəsdən həqiqəti gizlədən şəxsə bu dünyadan köçməmiş elə bir əlamət vur ki, həmin əlamətlə tanınsın».

Mənbələrdə yazıldığına görə, Ənəs ibn Malik Həzrət Əlinin (ə) xahişinə rəğmən, Qədir-Xümm hədisini eşitdiyini təsdiq etməmiş, Imam Əli (ə) ondan səbəbini soruşanda yaşının çoxluğunu bəhanə gətirib demişdi: «Artıq qocalmışam, unutduqlarım yadda saxladıqlarımdan çoxdur» (bu zaman Ənəsin təqribən 45 yaşı vardı; o, hicrətdən 10 il əvvəl doğulmuşdu, hadisə isə təqribən hicri 35-36-cı illərdə baş vermişdi). Həzrət Əli (ə) Ənəsin yalan dediyini başa düşərək, onun haqqında bu cür bəd-dua etdi: «Əgər yalan deyirsənsə, Allah sənin sifətinə elə bir ləkə vursun ki, əmmamə ilə də onu gizlədə bilməyəsən». Deyirlər ki, sonralar Ənəsin sifətinə və başına bərəs ləkələri düşdü (bərəs – dərinin piqmentləşməsindən yaranan xəstəlikdir, dəri üzərində ağ ləkələrin yaranması ilə müşayiət olunur). Başına qoyduğu əmmamə də bu xəstəliyin əlamətlərini örtə bilmirdi. Ənəs adətən üzünə niqab örtürdü (bax: Bəlazuri. Ənsabül-əşraf, I, 386). 

Digər səhabə Zeyd ibn Ərqəm isə Qədir-Xümm hədisini gizlətdiyinə görə gözünün nurunu itirib kor oldu. Zeyd ibn Ərqəmin özü də bunu etiraf edirdi: «Əli camaata and verdi ki, hər kim Peyğəmbərin: «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Allahım, onun dostları ilə dost, düşmənləri ilə düşmən ol!» hədisini eşidibsə, şəhadət versin. Bədr iştirakçılarından 12 nəfər qalxıb şəhadət verdi. Mən həqiqəti gizlədənlərdən oldum və nəticədə gözümü itirdim» (Ibn Məğazili. Mənaqibü Əmiril-möminin, səh. 74, 33-cü hədis; Heysəmi. Məcməüz-zəvaid və mənbəyl-fəvaid, IX, 13, 14619-cu hədis).

Bəra ibn Azibin də Qədir-Xüm hədisini gizlətdiyinə görə ömrünün sonunda kor olduğunu yazırlar (Həzrət Əlinin (ə) sadiq tərəfdarı olmuş, Cəməl, Siffeyn və Nəhrivan savaşlarında Onun tərəfində çıxış etmiş Bəranın bu hərəkətinin səbəbi tədqiqatçılar üçün mübhəm olaraq qalır).

Maraqlıdır ki, bu 3 nəfərin hər birinin Qədir-Xümm hədisini rəvayət etməsi barədə kitablarda məlumatlar vardır. Ehtimal edirik ki, onlar məhz Imam Əlinin (ə) bəd-duasından sonra peşman olaraq həqiqəti etiraf etmişlər. Əlinin (ə) səhabələrdən xahişi çox mürəkkəb bir dövrə təsadüf etmişdi. Imamın xilafətinin ilk aylarında bir çoxları hadisələrin nə ilə nəticələnəciyini gözləməyə və öz mövqeyini açıq bildirməməyə üstünlük verirdi. Çünki Əli ibn Əbu Talib (ə) və Cəməl savaşının səbəbkarları arasında yaranmış gərginlikdə kimin qələbə çalacağı hələ tam aydın deyildi. Üstəlik, Müaviyə kimi güclü bir fiqur da Əlinin (ə) hakimiyyətini hədələyirdi. Buna görə də, iradəcə zəif və qorxaq olan şəxslərin toplum qarşısında Əlini (ə) dəstəkləməkdən imtina etməsi o dövrün siyasi şəraiti baxımından normal qəbul edilməlidir.

Mənbə-İslam.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Oktyabr, 2014  13:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!