إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli - “Gələcəkdə məscidlərdə mühazirələrin təşkil olunmasının tərəfdarıyam"

“Məscidlərin tərkibində kitabxanaların yaradılmasına münasibətim olduqca yüksəkdir”.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə bunu  Modern.az-a İlahiyyatçı alim "Məşədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənli Bilik Fondunun məscidlərin tərkibində kitabxanaların yaradılması təklifinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, məscid təkcə ibadət yeri olmamalıdır:

“Məscidlər yalnız ibadət yeri olmamalıdır. Hər bir məscid elm və mədəniyyət mərkəzinə çevrilməlidir. Ora gələn insanlar xüsusilə gənclər asudə vaxtlarını kitab mütaliə etməklə keçirməlidirlər. Ümumiyyətlə məscidlər barədə təsəvvürlər dəyişər. Gənc nəslin də elm öyrənməsinə, həmçinin ziyanlı cərəyanların qarşısını alar. Yaradılacaq kitabxanalara veriləcək kitablar dini və dünyəvi ola bilər. Dini kitablar Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin icazəsi ilə nəşr olunan və Bilik Fondunun özünün də seçdiyi kitablar ola bilər. Azərbaycan və dünya ədəbiyyatı nümənələrinin məscidin kitabxanasında yer alması çox yaxşı olar. İnanclı gənclərin həm də vətənpərvər kimi yetişməsinə xidmət edən kitablar olmalıdır. Çünki gənclərə tərkibində zərərli fikirlər daşıyan kitabçalar paylanılır. Belə halların qarşısını almaq üçün məscidlərdə kitabxanaların yaradılması çox faydalı olacaq. İnanclı insanların intellektual səviyyəsinin artmasına gətirib çıxaracaq”.

Hacı Şahin məscidlərdə kitabxanalar yaradılması ilə yanaşı, mühazirələrin keçirilməsinin də tərəfdarıdır:

“Gələcəkdə məscidlərdə mühazirələrin təşkil olunmasının tərəfdarıyam. Bu mövzular müxtəlif ola bilər. Məsələn, fəlsəfi-ictimai, dini mövzularda gənclər üçün din xadimlərimiz, ziyalılarımız mühazirələr deyə bilər. Bu məsələ ilə bağlı Bilik Fonduna da müraciət etmək olar.  Məscid həm ibadət yeri olmalıdır, həm də elm ocağına çevrilməlidir”.

Bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin də münasibətini öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova ideyanın təqdirəlayiq olduğunu, amma bütün detallar aydınlaşdıqdan sonra ictimaiyyətə açıqlama verəcəklərini bildirdi.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Sentyabr, 2014  17:58 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!