إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənliyə sui-qəsddə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Məşədi Dadaş” məscidinin Axundu Hacı Şahin Həsənliyə qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Mirzəhməd Rüstəmovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Ahlibeyt.az-ın  Apa-ya istinadən verdiyi xəbərə görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) ötən il noyabrın 23-də Bakıda yerləşən “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənliyə qarşı sui-qəsd hazırlayan iki nəfərin həbs olunması haqda məlumat yayıb.

 

Nazirliyin məlumatında qeyd olunur ki, Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri 2012-ci ilin aprel ayında odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə  etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə insanların həlak olması, onların  sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayışların törədilməsi barədə öz  aralarında razılığa gəliblər. Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri bu məqsədlə hazırda istintaqla araşdırılan yerdən  və mənbədən xeyli sayda odlu silah və döyüş sursatı əldə edib, saxlayıb, daşıyıb və gəzdiriblər. Onlar Bakı şəhəri, Yasamal  rayonundakı “Məşədi Dadaş” məscidinin partladılması üçün dini ibadətgah ətrafında müşahidələr aparıblar. Həmçinin Nəriman Mirzəyev  cinayətin törədilməsindən sonra hüquq-mühafizə orqanlarının təqibindən yayınmaq, onlara qarşı silahlı müqavimət göstərmək üçün  Mirzəhməd Rüstəmova Qusar rayonu ərazisindəki meşədə xüsusi gizlənc yerlərinin düzəldilməsini tapşırıb. Hazırlıq işlərini yekunlaşdırdıqdan sonra öz ətraflarına həmfikir toplamaq üçün Nəriman Mirzəyev bu ilin oktyabrında Facebook sosial  şəbəkəsində “cihada başlamaq”, o cümlədən axund Şahin Həsənovu qətlə yetirmək kimi çağırışlar edib.

 

N.Mirzəyev Cinayət Məcəlləsinin 214.2.3-cü (odlu silhadan istifadə etməklə terroeçuluq törətmə), M.Rüstəmov isə 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsinə əsasən ittiham olunublar.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəriman Mirzəyev 14 il, Mirzəmməd Rüstəmov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M. Rüstəmov apellyasiya şikayəti verib. Lakin N. Mirzəyev apellyasiya şikayəti verməyib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Sentyabr, 2014  15:55 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!