إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Forum başa çatdı- Dini məzmunlu mədəni irsin qorunması məqsədilə təkliflər paketi hazırlanıb (foto)

Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda keçirilən 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü sentyabrın 2-də başa çatıb.

Ahlibeyt.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, mübadilə görüşünün üçüncü - sonuncu panel iclası "Dini xarakterli mədəni irsin mədəniyyətlərarası dialoqa və Avropa Şurasının dəstəklədiyi universal dəyərlərə töhfəsi" mövzusuna həsr olunub.

Panel iclasın moderatoru, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin prezidenti Jan-Mari Heydt qeyd edib ki, hazırda dünyada baş verən bir sıra münaqişələrin dini kökləri var. Belə şəraitdə abidələr uçurulur, məhv edilir. Bütün bunlar qarşıya həll edilməsi vacib olan böyük vəzifələr qoyur. Məhz bu səbəbdən Avropa Şurası tərəfindən son illər mədəniyyətlərarası dialoqa aid bir sıra sənədlər tərtib edilib.

Dini mədəni irsin mədəniyyətlərarası dialoqa təsirinin müzakirəsi zamanı Yunanıstanın Aristotel Universitetinin ilahiyyat üzrə professoru Angeliki Ziaka bildirib ki, dini məzmunlu mədəni irsin qorunması və təşviqi məqsədilə Avropa Şurasının üzv dövlətlərinin konsepsiyası əsasında təkliflər paketi hazırlanıb: "Dini məzmunlu mədəniyyətin mədəniyyətlərarası dialoqa töhfəsi, bu töhfənin araşdırılması, tarixən bu istiqamətdə əldə edilmiş təcrübəni özündə əks etdirən siyasi sənədlərin hazırlanması, üzv dövlətlərin müvafiq sahədə təcrübə mübadiləsi, gənclərin bu işə qoşulması vacib amillərdəndir. Nəinki qədim mədəni irsin, yeni dövrə aid irsin qorunması və təşviqi də bütün üzv dövlətlərə tövsiyə edilib".

O, ölkələrdə dini, etnik münaqişələrin hələ də davam etməsindən təəssüfləndiyini bildirərək deyib ki, din vətəndaş cəmiyyətinin daim ayrılmaz hissəsi olaraq qalacaq. Ona görə də bu işdə fəaliyyət göstərən təşkilatlar prosesdən kənarda qalmamalı, elmi araşdırmaları ilə öz töhfələrini verməlidirlər.

Mədəni irsin qorunması və təşviqi ilə bağlı UNESCO-nun mövqeyini diqqətə çatdıran UNESCO-nun Özbəkistan üzrə təmsilçisi Krista Pikkat bildirib ki, qlobal sülhün qorunmasında xalqların iştirakı vacibdir. Xalqların isə milli mənəvi dəyərləri, xüsusilə dini azadlığı nəzərə alınarsa, onlar qlobal sülhün qorunmasında daha fəal iştirak edərlər.

Çıxışlar ətrafında gedən müzakirələrdə isə mövzu ilə bağlı dünyada mövcud olan problemlərlə yanaşı, ölkələrin müsbət təcrübələri də qeyd olunub, Bakının mədəniyyətlərarası dialoqa dair forumların, dini liderlərin sammitlərinin davamlı olaraq keçirildiyi ünvana çevrilməsi təqdirəlayiq nümunə kimi qiymətləndirilib.

Mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün bağlanış mərasimində Avropa Şurasının Demokratiya, Avropa quruculuğu və dinlər qrupunun vitse-prezidenti Gabriel Nissim, İnsan hüquqları və kommunikasiya üzrə icraçı katib, Belçikadan Avropa Kilsələr Konfransının kilsə və cəmiyyət komissiyasından Elizbeta Kitanoviç, Strasburq şəhərinin ravvini Mendel Samama iki gün ərzində keçirilmiş üç panel iclasa dair hesabat məruzəsi ilə çıxış edərək müvafiq problemlərin həllində əməkdaşlığın vacibliyi vurğulayıblar.

Yekun mülahizələrini bölüşən Avropa Şurasının demokratik vətəndaşlıq və iştirak departamentinin direktoru Jan-Kristof Bas qeyd deyib ki, hazırda dinlərarası mübadilələr indiyədək tarixdə görünməyəcək dərəcədə vacibdir.

Bakıdakı 2014-cü il üzrə mübadilə görüşünün həmsədrləri - Slovakiyanın və Portuqaliyanın Avropa Şurasındakı daimi nümayəndələri Drahoslav Stefanek və Luis Filip Kastro Mendes sonda çıxış edərək Bakı görüşünün dinlər və mədəniyyətlərarası əməkdaşlığa töhfə verəcəyinə əminliklərini bildiriblər.

Qeyd edək ki, sentyabrın 1-də başlayan mübadilə görüşünün iştirakçıları üçün bu gün Bakıda mədəni proqramın təşkil edilməsi də nəzərdə tutulub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2014  18:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!