إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Qafqaz Müsəlmanları İdarəsi Avropa Şurasında təmsil oluna bilər

Şeyxülislam Allahşükür Paşazadə Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni ilə görüşüb

Sentyabrın 1-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni ilə görüşüb.

Ahlibeyt.az-ın AzərTAc-a istinadən vedrddiyi xəbərə görə, görüşdə Allahşükür Paşazadə Azərbaycanın dünyada tolerantlıq mənbəyi olduğunu bildirib. Şeyxülislam ölkədə müxtəlif dini qrupların nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığını qeyd edib. O, vurğulayıb ki, Azərbaycanda tolerantlığın bünövrəsi ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub. Bu gün isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. A.Paşazadə deyib: “Bəzi dövlətlər tolerantlığı yalnız sözdə göstərir, amma biz əməllərimizlə göstəririk”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan şeyxülislam Azərbaycanın bu problemin sülh yolu ilə və beynəlxalq hüququn prinsipləri çərçivəsində həllinə çalışdığını bildirib. O, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində dini-mədəni abidələri dağıtdıqlarını diqqətə çatdırıb.

Bəzi beynəlxalq qurumların Azərbaycana qarşı ikili standartlar mövqeyindən çıxış etdiklərini deyən A.Paşazadə vurğulayıb ki, Azərbaycanın inkişaf yolu bəllidir və din adamları da bu inkişafa öz töhfələrini verəcəklər.

QMİ-nin sədri bildirib ki, bu gün müasir Azərbaycan dünyaya dini tolerantlıq, millətlərarası münasibətlərin inkişafı modelini nümayiş etdirir.

Görüşdə A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Avropa Şurasında təmsil olunması təklifi ilə çıxış edib.

Qabriella Battaini Draqoni bildirib ki, dini liderlərin dünyada baş verən proseslərə təsir gücü böyükdür və bu, önəmli məsələdir. Müxtəlif dinlərin nümayəndələrinin birlikdə mehriban şəraitdə yaşamaları çox müsbət haldır. Qafqaz Müsəlmanları İdarəsinin Avropa Şurasında təmsil olunması təklifini yüksək qiymətləndirən qonaq bu cür təcrübənin mövcud olduğunu qeyd edib. Baş katibin müavini bu təklifin müzakirə ediləcəyini söyləyib.

Qabriella Battaini Draqoni, həmçinin Azərbaycanda mövcud tolerantlığın yüksək səviyyədə olduğunu bildirib. O, Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqla bağlı müzakirələrin keçirildiyi məkana çevirdiyini vurğulayıb.

Görüşdə iştirak edən Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşein, Bakı Dağ Yəhudiləri İcmasının idarə heyətinin sədri Milix Yevdayev və digər dini icmaların nümayəndələri Azərbaycanda bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etmələrinə, müxtəlif millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşayıb çalışmalarına lazımi şərait yaradıldığını bildiriblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2014  13:25 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!