إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycandan Həcc ziyarətinə gedənlərin kvotası xeyli artırılıb

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarların kvotasında dəyişiklik olub və ziyarətə gedəcək zəvvarların sayı xeyli artıb.

QMİ-dən verilən məlumata görə, nəzərdə tutulan 3200 nəfərlik kvota artırılaraq 4100 nəfərə çatdırılıb.

 

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə buna səbəb ziyarətə getmək üçün sənəd verənlərin kifayət qədər çoxluğu olub. Bundan başqa, artıq zəvvarların qruplara bölgüsü də başlayıb və yaxın zamanda zəvvarların neçə qrupda səfərə çıxacaqları məlum olacaq.

 

Qeyd edək ki, bu il Azərbaycandan Həcc səfəri sentyabrın 23-dən başlayacaq. 4100 zəvvarın tam yarısı 4100 manatlıq variantla, yəni VİP şəraitdə ziyarətə gedənlərdir. İlk gün bir reys, növbəti günlər isə hər gün 2 və ya 3 reys olmaqla, uçuşlar sentyabrın 28-dək davam edəcək. Sentyabrın 28-də Azərbaycandan bu il Həcc ziyarətinə son səfər günü kimi nəzərdə tutulur. Ziyarətdən qayıdış isə Qurban bayramından 5 gün sonraya -  təxminən oktyabrın 10-dan nəzərdə tutulur. Bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4-5-də qeyd olunacaq.

 

Xatırladaq ki, Azərbaycanda bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu fevralın 13-dən başlayıb. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı, yəni VİP şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Azərbaycanlı zəvvarların uçuşlarını ASAS (Advance Spesial Aviation Service) aviaşirkəti həyata keçirəcək.

 

Sənədlər Həcc ziyarətini təşkil edən yeganə qurum olan QMİ-nin Həcc şöbəsində qəbul olunur. Ziyarətə getmək istəyən vətəndaşlardan tələb olunan sənədlər 4 ədəd 3x4 şəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasport və sağlamlıq haqqında arayışdan ibarətdir. Təklif olunan qiymətlər ötən ilki qiymətlərlə eynidir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Avqust, 2014  16:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!