Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən verdiyi xəbətə görə Tədbiri giriş sözü ilə açan Qaradağ RİH-in başçısı Süleyman Mikayılov DQİDK-ın sədri Mübariz Qurbanlının Qaradağ rayonu dini icma rəhbərləri ilə görüşünün əhəmiyyətini vurğulayaraq, bu görüşün dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb etdiyini deyib: “Azərbaycanda dini tolerantlıq mövcuddur. Ölkəmizdəki dinlərarası münasibətlər digər dövlətlərə əsl nümunədir”.
DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov Qaradağ rayonundakı dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verib.
Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Faiq Əhmədov isə deyib ki, Qaradağ rayonunda mövcud olan 11 məsciddən 6-sı QMİ-nin nəzarətindədir: “QMİ-nin sədri Allahşükür Paşazadənin göstərişi ilə bu məscidlərin fəaliyyəti ilə maraqlanırıq və hər ay QMİ-yə hesabat təqdim edirik. Bu gün Azərbaycan dünyaya tolerantlıq nümunəsidir. Azərbaycanda tolerantlığın hökm sürməsi, din-dövlət münasibətlərinin formalaşması, məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün isə Prezident İlham Əliyevin şəxsi diqqət və qayğısı ilə yeni məscidlər, məbədgahlar tikilir, dini abidələr təmir-bərpa olunaraq xalqımızın istifadəsinə verilir”.
DQİDK-nın sədri Mübariz Qurbanlı isə çıxışında deyib ki, bu görüşün keçirilməsində məqsəd Qaradağ rayonu dini icma rəhbərləri açıq söhbət aparmaq, rayondakı dini vəziyyətlə bağlı fikir mübadiləsi aparmaqdır: “Bizim milli-mənəvi dəyərlərimiz arasında İslam dini xüsusi əhəmiyyətə malikdir. Bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin düzgün təbliği prioritet məsələlərdəndir. Prezident İlham Əliyevin qayğısı ilə yeni məscidlər tikilir, dini abidələr təmir-bərpa olunur. Bu isə dövlətin dinə olan münasibətidir”.
M.Qurbanlı vurğulayıb ki, son vaxtlar qeyri-ənənəvi cərəyanlar din adından istifadə etməklə öz ideologiyalarını yaymağa və siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar: “Biz bunu dünyanın müxtəlif ölkələrində gedən proseslərdə aydın şəkildə görürük. Azərbaycanda bu istiqamətdə problemlər ciddi olmasa da, biz də bundan tam sığortalanmamışıq. Bu gün dünyanın müxtəlif dövlətləri İslam dövlətlərini parçalamaq üçün əllərindən gələni edirlər. Bunun üçün müxtəlif təriqətləri yenidən dirçəldir və ya yenilərini yaradırlar. Anti-terror əməliyyatları adı altında bu ölkələrə basqılar edilər. Bu geopolitik mübarizədir. Bu gün Azərbaycana kənardan soxulan qeyri-ənənəvi cəryanların arxasında ölkəmizi geopolitik toqquşmalar meydanına çevirmək istəyən qüvvələr dayanır. Hesab edirəm ki, düzgün dini təbliğat, insanlara dinin ali prinsiplərini mükəmməl formada çatdırmaq dini icmaların əsas vəzifəsidir”.
Sonda M. Qurbanlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.