إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dövlət Komitəsi ölkə üzrə tolerantlıqla bağlı silsilə tədbirlərin keçirilməsinə başladı (Fotolent)

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), İslam Konfransı Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzi (İKGF ARM) ilə birlikdə Milli Tolerantlıq Mərkəzi layihəsi çərçivəsində silsilə seminar-treninqlərin keçirilməsinə başlamışdır.

Ahlibeyt.az-ın Dini komitənin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə "Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan" müasir çağırışlar və tolerantlıq mövzusundakı seminar-treninqlərdən birincisi avqustun 15-də Quba şəhərində Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarındakı müsəlman və digər dinləri təmsil edən dini icma rəhbərlərinin və fəallarının iştirakı ilə keçirilmişdir.

Tədbirdə DQİDK-nın, İKGF-nin, Milli Tolerantlıq Mərkəzinin, yerli icra hakimiyyətinin nümayəndələri, dini icma rəhbərləri və rayon ziyalıları iştirak etmişdir.

Tədbirin açılışında çıxış edən İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin direktoru  (İKGF ARM) Elçin Əsgərov tolerantlıq anlayışı haqqında məlumat verib. O, qeyd edib ki, Azərbaycanda digər dinlərin nümayəndələri az olsa da, hər halda var. Azərbaycanda uzun illərdir dinlərin, məzhəblərin dinc yanaşı yaşaması digər dövlətlərə də bir nümunədir. Onun fikrincə, cəmiyyətlərdə dincliyin, sabitliyin yaranmasının əsas səbəblərində biri də dözümlüyə riayət etməkdir.

Düzgün dini maarifləndirmə işlərinin aparılmasının mühüm əhəmiyyət kəsb etdiyini deyən DQİDK-nın Dinşünaslıq eskpertizası, ictimai əlaqələr və analitik təhlil şöbəsinin müdir müavini Əliheydər Zülfüqarov isə bildirib ki, cəmiyyətdə istənilən dini dünyagörüşə hörmətlə yanaşılmalıdır. Lakin əgər kimsə antihumanist hərəkat olarsa, hamı ona qarşı birləşməlidir.
Tədbirin açılışında DQİDK-nın sifarişi əsasında çəkilmiş “Azərbaycan - tolerantlıq məkanı” adlı video çarx nümayiş olunmuşdur.

Milli Toleranlıq Mərkəzinin direktoru Elmin Əliyev deyib ki, silsilə treninqlərin avqust-sentyabr ayları ərzində Şamaxı (Qobustan, Şamaxı, İsmayıllı), Göyçay (Ağsu, Göyçay, Ağdaş), Oğuz, (Qəbələ, Oğuz, Şəki), Zaqatala (Zaqatala, Qax, Balakən), Cəlilabad (Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran) rayonlarında, həmçinin Bakı, Sumqayıt və Gəncə şəhərlərində həyata keçirilməsi planlaşdırılır.

Bundan əlavə, Milli Tolerantlıq Mərkəzi layihəsi çərçivəsində ilin sonunadək konfransın, ölkənin müxtəlif dinlərə məxsus dini icmalarının tərəfdaşlığı ilə müştərək layihələrin və digər tədbirlərin keçirilməsi, eləcə də xarici mütəxəssislər tərəfindən Azərbaycanın milli tolerantliq ənənələrini araşdiracaq tədqiqat işlərinin tamamlanması və təqdimatı da nəzərdə tutulur.

Daha sonra paytaxtdan dəvət olunmuş ilahiyyatçı ekspertlər tərəfindən milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumlarının dini təməlləri istiqamətində maraqlı məruzələr dinlənilmişdir. Tədbirin sonunda radikal dini düşüncənin qlobal fəsadları, dini zəmində parçalanma, məzhəb ayrıseçkiliyi probleminin səbəbləri və aradan qaldırılması yolları mövzusunda dini icma nümayəndələri ilə müzakirələr aparılmışdır.

Qeyd edək ki, Milli Tolerantlıq Mərkəzi 29 may 2013-cü il tarixində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində DQİDK və İKGF ARM-nin birgə layihəsi olaraq təsis edilmişdir. Mərkəzin rəsmi təqdimat mərasimində BMT Sivilizasiyalar Alyansı və ISESCO ilə memorandumlar imzalanmışdır. Fəaliyyət prioriteti dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş layihələrin dəstəklənməsi, seminar-treninqlərin və konfransların təşkil edilməsi olan Mərkəz bölgələrdə dini maarifləndirmə işinin aparılması və Azərbaycan tolerantlıq modelinin dünyada tanıdılması istiqamətində “Tolerantlığın ipək yolu”, “Azərbaycan-tolerantlıq məkanı”, “Hörmət naminə birləş” kimi bir sıra beynəlxalq və daxili tədbirlər həyata keçirmişdir.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Avqust, 2014  19:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!