إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib(fotolent)

 

Avqustun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib. Tədbirdə Dövlət müşaviri xidmətinin əməkdaşları, DQİDK-nın rəhbərliyi, eləcə də mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.


Ahlibeyt.az-ın DQİDK-nın rəsmi mətbu orqanına istinadən verdiyi xəbərə görə müşavirəni açan komitə sədri Mübariz Qurbanlı ölkəmizdə dövlət-din müasibətlərinə, Dövlət başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin vacib komponentlərindən biri olan din siyasətinin dünyaya tolerantlıq örnəyi olmasına diqqət çəkmiş və müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verərək qeyd edib ki, Dövlət Komitəsinin gələcək fəaliyyətinin qurulması və dini durumun tənzimlənməsi baxımından müşavirə xüsusi əhəmiyyət kəsb edir.

Gündəliyə uyğun olaraq əvvəlcə Dövət müşaviri K.Abdullayevin bölgələrə səfərləri zamanı dindarlar və ziyalılarla görüşlərində dini durumla bağlı qaldırılmış məsələlər və verilmiş tapşırıqların icra vəziyyəti barədə bölgə şöbə müdirlərinin məlumatı dinlənilib. Bildirilib ki, Dövlət müşaviri respublikanın şəhər və rayonlarının mütləq əksəriyyətində olub, mərkəzi və ucqar kənd məscidlərində, kilsə və sinaqoqlarda, kirxa və məbədlərdə yerli dindarlarla çoxsaylı görüşlər keçirib. Həmin görüşlərdə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, görüşlərdə dindarları narahat edən məqamlarla bağlı məsələlər qaldırılıb və K.Abdullayev bu istiqamətdə müvafiq işlərin görüləcəyini bildirdi. Bölgə şöbə müdirləri qeyd etdilər ki, ötən müddət ərzində sadalanan məsələlərin və verilmiş tapşırıqların xeyli hissəsi həll olunub, bilavasitə Dövlət Komitəsinin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə müvafiq dövlət qurumlarına yönəldilib.

Müşavirədə Ramazan ayının yekunları da müzakirə olunub. Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Ramazan ayında DQİDK-nın həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib. Eyni zamanda, Ramazan ayında ölkə üzrə aparılmış monitorinqin nəticələri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət müşaviri K.Abdullayev səsləndirdiyi fikirlərində ölkəmizdə mövcud olan dinlərə dövlətin münasibətinin dərin tarixi ənənələrə söykəndiyini, Ölkə Prezidenti tərəfindən bu ənənlərin daima qorunub saxlanıldığını diqqətə çatdırdı, görülmüş işlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışdı, həmçinin, müvafiq tövsiyələrini verdi. Mövcud dini durum və Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə edildikdən sonra Dövlət Komitəsinin sədri M.Qurbanlı son sözlərində bu formatda tədbirlərin mütəmadi keçirilməsini səmərəli hesab edərək gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğuladı.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində  müşavirə keçirilib

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Avqust, 2014  18:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!