إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Qarabağ Seyid Ocaqları rəhbəri-"Başımızı dik tutmalıyıq"

Qarabağ Seyid Ocaqları rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli cəbhə xəttində ermənilərin hücumları nəticəsində şəhid olmuş Vətən övladları ilə bağlı ölkə ictimaiyyətinə müraciət edib.

Ahlibeyt.az-ın Yeniufuq.org-a istinadən verdiyi xəbərə görə Müraciətdə bildirilir ki, bu, Azərbaycan xalqı üçün ağır itkidir: “Təmsil etdiyim Qarabağ Seyid Ocaqları adına Azərbaycan ordusunun qəhrəman şəhid əsgərlərinə üzülərək ailələrinə Allahdan rəhmət diləyir, baş sağlığı verirəm. Onlar şəhid olmaqla Allah dərgahında ən uca zirvəni fəth etdilər. İndiki bir şəraitdə bütün xalqımızı mübariz olmağa, şəhidərimizin ruhunu sevindirəcək vətənpərvərlik ruhuna köklənməyə çağırırıq. Çünki düşmən hələ məğlub edilməyib. Əminəm ki, onların bu hücumu cavabsız qalmayacaq. Bir millət olaraq başımızı dik tutmalı və “Vətən sağ olsun!” deyərək, torpaqlarımızın işğaldan azad olunmasında fəaliyyətimizi davam etdirməliyik. Düşmənlərimiz ana-bacılarımızı gözü yaşlı görməməli, xalqımızın hər zaman yüksək döyüş əhval-ruhiyyəsinin şahidi olmalıdır.”

Müraciətdə qeyd edilir ki, bu ağır faciə günündə bir sıra Azərbaycan televiziyalarında əyləncə verilişləri nədənsə dayandırılmadı: “Bu telekanallar heç bir mənəvi dəyərlərə sığmayan, ölkənin matəmə büründüyü bir vəziyyətdə atdıqları addımı xalqın heysiyyatı adına xəyanət adlandırır, milli-mənəviyyat hissinə xələl gətirən verilişlərin yayımlanmasını şiddətlə qınayırıq. Əsrlərdir ki, xalqın and yerinə çevrilən Əhli-Beyt mənsubları olaraq, bunu şəhidlərimizin ruhuna qarşı hörmətsizlik kimi qiymətləndiririk.

Qarabağ Seyid Ocaqları olaraq inanırıq ki, Azərbaycan dövləti və ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəsarəti və iradəsi nəticəsində tez bir zamanda qarşı tərəf öz layiqli cəzasını alacaq. Dövlətimizin bütövlüyü, birlik və bərabərliyimizin qorunması ən başlıca prinsiplərimizdən biri olmalıdır. Qəhrəman şəhidlərimizin qisası mütləq alınacaqdır. Biz buna əminik.

Qarabağ Seyid Ocaqları olaraq, bütün xalqımızı Vətənimizin bu ağır günündə, torpaqlarımızın işğaldan azadlığı naminə bir olmağa çağırırıq. Uca Allah bizimlə olsun. Amin!”

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Avqust, 2014  14:35 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!