|
Elşən Mustafaoğlu- “Bu təxribatların qarşısı alınmalıdır!”Ahlibeyt.az-ın verdiyi xəbərə görə lahiyyatçı-alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu islam.az-la cəmiyyətdə çaxnaşma salmağa can atan ünsürlər barədə fikirləri ilə bölüşüb. "Sabitliyin təmin olunması, asayişin qorunması hər bir cəmiyyətin, hər bir dövlətin inkişafı baxımdan vacibdir. Kiçicik təxribatlar, cəmiyyətdə iğtişaşlara yol açan qarşıdurmalar gələcəkdə böyük münaqişə odunu alovlandıran qığılcım rolunu oynamaqdadır. Tarix boyu dünyada baş verən iğtişaşların, hətta savaşların kökündə əvvəl vaxtlarda bir o qədər ciddi qəbul edilməyən kiçik qarşıdurmalar dayanıb. Amma təxribatçıların aranı qızışdırması sonrakı mərhələdə böyük fəsadlara gətirib çıxarıb. Belə təxribatların ön sırasında dini-məzhəbi zəmində olan qarşıdurmalar yer alır. Tarix boyu bu qəbildən olan qarşıdurmalar forma və məzmun etibarilə, ən təhlükəli münaqişələrə səbəb olub. Təəssüflər olsun ki, müasir dünyamız da dini-məzhəbi zəmində baş vermiş münaqişələrin şahidir. Dünyanın müxtəlif nöqtələrində, xüsusilə də regionumuza yaxın olan Yaxın Şərqdə din adı ilə qan axıdılır. Məsələni təhlil edərkən şahidi oluruq ki, dini-məzhəbi (konfessional) zəmində baş verən qarşıdurmaların qığılcımları rolunda adətən təxribatyönümlü sözlər, ifadələr, ittihamlar, bəyanatlar, yazılar çıxış edir. Dini cameə hər bir toplumun ən həssas zümrəsi hesab edilə bilər. Kiçicik qığılcımlar dindar kütlənin emosiyalarını coşdura, cəmiyyətdə sabitliyi poza, çaxnaşmalara, iğtişaşlara səbəb ola bilər. Odur ki, dinə münasibətdə müxtəlif baxışlara malik olan, müxtəlif inancları təmsil edən insanların bir-birinin dini hisslərinə, inanclarına hörmətlə yanaşması, dözümlülük göstərməsi, tolerantlığı hər bir toplumun sabitliyi üçün labüddür. Təəssüflər olsun ki, təxribatlar sayəsində ətrafımızda dini-məzhəbi xarakter alan münaqişələr baş verməkdədir. Və əfsuslar ki, bəzi bədxahlar bu münaqişələrin qığılcımlarını bizim cəmiyyətimizə də sıçratmaqla məşğuldurlar. Məsuliyyətsiz çıxışları ilə açıq-aşkar təxribatçılıqla məşğul olan belə ünsürlər Azərbaycan əhalisinin əksəriyyətinin ənənəvi inancına qarşı qarayaxmalar edir, inanclı insanların dini hisslərini aşağılayırlar. Bu çirkin hərəkətləri ilə, tarixən ölkəmizdə mehriban şəraitdə yaşayan şiələrlə sünnilər arsaında ədavət toxumu səpirlər. Görəsən bu ünsürlər bu təxribatın bütövlükdə xalqımıza, cəmiyyətimizə, dövlətimizə qarşı yönəldiyinin fərqindədirlərmi? Ötən gün cəmiyyətimiz belə təxribatlardan biri ilə üzləşdi: siyasətbazlardan biri media vasitəsilə şiələri nəzərdə tutaraq, "Peyğəmbərin xanımına namussuz deyənlər" adlandırıb. Halbuki bu, açıq-aşkar böhtandır. Heç bir şiə belə bir çirkin iddiada olmayıb və bu iftiranın şiəliklə heç bir əlaqəsi yoxdur! Tarixdən məlum olduğu kimi, Həzrət Məhəmməd peyğəmbərin (s) zamanında baş vermiş bir hadisə zamanı bəzi şəxslər Allah rəsulunun (s) zövcələrindən birini belə bir ləyaqətsizlikdə ittiham edib. Lakin bunun üzərinə bir ayə nazil olub və xanımın bu qarayaxmadan uzaq, namuslu olduğu sabit edilib. Bu rəvayət isə elə əhli-sünnə mənbələrində nəql edilib və şiəliklə heç bir əlaqəsi yoxdur. Məzhəbindən asılı olmayaraq, sünnili-şiəli bütün müsəlmanlara görə, Peyğəmbərin (s) istisnasız olaraq, bütün xanımları namuslu-iffətli olublar və bu məsələdə müsəlman məzhəbləri arasında fikir ayrılığı yoxdur. Lakin siyasətbazlıqla məşğul olan təxribatçılar belə bir iftiranı gündəmə gətirməklə, məzhəblərarası münasivətlərdə gərginlik yaratmağa, ölkəmizdə dini zəmində ədavət toxumu səpməyə cəhd göstərir. Ümid edirik ki, inancından asılı olmayaraq, hər bir vətəndaşımız belə ünsürlərin təxribatçı bəyanatlarına uymayacaq, onların bədxah niyyətlərini ürəklərində qoyacaqlar. Belə bir həssas vaxtda bu kimi qarayaxmalarla cəmiyyət arasında dini-məzhəbi zəmində ayrı-seçkiliklər salıb, qarşıdurmalar yaratmaq milli təhlükəsizliyimizi təhdid edən ciddi təhlükədir. Və şübhəsiz ki, bu təxribatların qarşısı alınmalıdır! Ölkəmizdə, cəmiyyətimizdə əmin-amanlığın və sabit inkişafın təmin olunması naminə!.. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 İyul, 2014 15:09 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |