|
Allahşükür Paşazadə- “Allahu-Əkbər” sədaları altında gerçəkləşdirilən qardaş qırğınının İslama heç bir aidiyyəti yoxdur” (müsahibə)“Baş verənlər o qüvvələrin əməlidir ki, müsəlman dünyasının parçalanmasını, xaosun davam etməsini, məzhəblər arasında qarşıdurmanın qızışdırılmasını, son nəticədə İslamın gözdən salınmasını istəyir”
Ahlibeyt.az-ın verdiyi xəbərə görə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Hacı Şeyxülislam Allahşükür Paşazadə apa-ya müsahibə vermişdir:
- Şeyx həzrətləri, Azərbaycanda hazırda mövcud dini durumu necə qiymətləndirirsiniz?
- Bismillahir-rəhmanir-rəhim! İlk növbədə, mübarək günlərini yaşadığımız Ramazan ayında hər birinizi səmimi qəlbdən salamlayır, qarşıdan gələn Eydül-Fitr bayramı münasibətilə xalqımıza təbriklərimi, xeyir-dualarımı çatdırıram. Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm. Qoy mübarək Ramazan bayramı hər birinizin ocağına rifah və əmin-amanlıq bəxş etsin, inşallah!
Əlhəmdüllillah, Azərbaycanda dini durum, ümumən, sabitdir. Dini icmalar öz fəaliyyətlərini davam etdirir, dövlətin yardım və qayğısı sayəsində ərsəyə gəlmiş yeni məscidlərdə, bərpa olunmuş və yenidən qurulmuş ibadətgahlarda dini vacibatlarını həyata keçirir, qanunla təsbit olunmuş hüquqlarından yararlanırlar.
Naşükürlük etmək Allaha xoş getməz, bəziləri bu şəraiti dəyərləndirmək iqtidarında deyillərsə, bunun günahı onların üzərinə düşər. Dindarlarımız dövlətin və dövlət başçımızın yürütdüyü siyasətdən, dini dəyərlərə olan özəl ehtiramından razıdırlar. Dövlət rəhbərimizin dünya miqyasında İslamın təəssübünü çəkməsini, müqəddəs dinimizə olan hücumları, islamofobiya təzahürlərini ən mötəbər kürsülərdən tənqid etməsini, bütün din və millət ardıcıllarına münasibətdə tolerantlıq, multikulturalizm ideyalarını təbliğ etməsini dindarlarımız böyük rəğbətlə qarşılayırlar. Azərbaycanda bölgənin ən böyük məscidinin tikintisi başa çatmaq üzrədir. Və bu möhtəşəm və nəfis tərtibatlı məscid ölkə prezidentinin bilavasitə diqqət və qayğısı sayəsində ərsəyə gəlir. Dövlət başçımızın builki Ramazanın iftar süfrəsində doğru olaraq vurğuladığı kimi, Azərbaycan cəmiyyəti görür ki, baxmayaraq Konstitusiyaya görə din dövlətdən ayrıdır, ancaq din və dövlət bir yerdədir. Çünki amalımız Azərbaycanın daha güclü olmasıdır.
- Son günlər Azərbaycanda dini məzhəblərarası münasibətlərin kəskinləşməsi gündəmdə çox müzakirə olunur. Buna səbəb kimi nəyi görürsünüz və tövsiyələriniz nədir?
- Bizim məramımız Azərbaycanda öz milli, dini, mənəvi dəyərlərinə sadiq, yüksək səviyyədə tolerant cəmiyyət formalaşdırılmasıdır ki, əlhəmdülillah, biz, dövlətimizin də dəstəyi ilə bu mərama yetmişik. Bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik, inşallah. Allaha şükürlər olsun ki, Azərbaycan, həqiqətən, bütün sahələrdə olduğu kimi, tolerantlıq, müxtəlif dinlərin ardıcılları, habelə müxtəlif məzhəblər arasında səmimi, gözəl münasibətlərin hökm sürdüyü bir məkan olaraq da bütün dünya üçün uğurlu nümunədir. Nifaq salmaq istəyən qüvvələr isə bütün dövrlərdə olub və olacaq. Azərbaycanın sabitlik və istiqrarda yaşaması, müstəqil siyasət yeritmək qüdrəti bəzi qüvvələri - bədxahlarımızı ciddi narahat edir. Onlar burada qarışıqlıq yaratmaq üçün bəzən din adından sui-istifadə edirlər. Bəli, bu cür meyllər yox deyil. Açığı, bizdə də məzhəblər arasında nifaq salmaq, dinlər arasında iğtişaş yaratmaq istəyirlər. Lakin mən həmişə demişəm, Azərbaycan vətəndaşları öz Vətəninə, torpağına, dədə-baba adətinə sadiqdirlər və heç bir qüvvə onları bu yoldan döndərə, başqa yollara apara bilməz. Çünki bu dövlətin, din-dövlət əlaqələrinin bünövrəsini ulu öndər Heydər Əliyev həzrətləri qoyub. İqtisadi qüdrəti və mənəvi gücü, vətəndaş həmrəyliyi və vətəndaş-dövlət birliyi olan, dini dəyərlərinə sədaqət və ehtiram nümayiş etdirən Azərbaycan cəmiyyətində belə təzahürlər heç bir problem yarada bilməyəcək, inşallah.
- İŞİD-in Yaxın Şərqdə elədikləri barədə xəbərləri oxuyuruq. Bu təşkilata Azərbaycanda da qoşulanların olması ilə bağlı məlumatlar var. Bu barədə nə düşünürsünüz?
- Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı dünya ictimaiyyətinə müraciəti oldu. Bu müraciətdə mən din xadimi olaraq bu məsələlərə münasibətimi bildirməklə yanaşı, Ramazan ayı ərzində, bu aya xatir günahsız insanların ölümünə səbəb olan qanlı hadisələrin dayandırılmasının vacibliyini xüsusi vurguladım. Bütün ixtilafların Yaradanımızın buyurduqlarına uyğun tərzdə həllini tapmalı olduğuna diqqəti çəkdim. Necə ki müqəddəs ayeyi-şərifdə buyurulur: “(Ya Muhəmməd!) İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et...” (“ən-Nəhl”, 125).
Bilirsiniz, tarix boyunca bütün dinlərin daxilində müəyyən fikir ayrılıqları, ixtilaf və parçalanmalar olub. Bu fikir ayrılıqları şəri məsələlərə dair elmi mübahisələrə əsaslanmalıdır. Təhlükə isə ənənəvi dinlərdən, onların təlqin etdiyi müqəddəs dəyərlərdən deyil, din adından sui-istifadə edənlər, dini ehkamları təhrif edənlərdən qaynaqlanır. Yalnız xalqların qətiyyətli iradəsi qarşısında belə ünsürlər öz mənfur niyyətlərinə çata bilməzlər. Dinlər, məzhəblərarası tolerantlığın hökm sürmədiyi cəmiyyətdə əmin-amanlıq ola bilməz, əmin-amanlıq olmayan yerdə isə tərəqqi, inkişaf mümkün deyil. Odur ki, biz müsəlman qardaş və bacılarımıza üzümüzü tutaraq, onları belə təxribatlara uymamağa, əməllərində müqəddəs dinimizin təlqin etdiyi yüksək mənəvi dəyərlərə sadiqlik nümayiş etdirməyə çağırırıq. Baş verənlər o qüvvələrin əməlidir ki, müsəlman dünyasının parçalanmasını, xaosun davam etməsini, məzhəblər arasında qarşıdurmanın qızışdırılmasını, son nəticədə İslamın gözdən salınmasını istəyir. Məzhəbindən asılı olmayaraq, hər bir sağlam düşüncəli müsəlman gözəl anlayır ki, bu növ təxribatlar bütövlükdə İslam və onun müqəddəs dəyərlərinə qarşı yönəlib və onu törədənlər müsəlman ola bilməz. İslam adından, “Allahu-Əkbər” sədaları altında gerçəkləşdirilən qardaş qırğınının İslama heç bir aidiyyəti yoxdur. Əgər bir cərəyan ruhani həyat axtarışına deyil, müəyyən ambisiyaların gerçəkləşdirilməsinə xidmət edirsə, bu yolda insan qanının axıdılmasına bəraət verib, terrora haqq qazandırırsa, mütləq Allah və cəmiyyət qarşısında cavab verəcək. Qafqaz Müsəlmanları İdarəsi müsəlmanları diqqətli olmağa, ayıq-sayıqlıq nümayiş etdirməyə, İslam düşmənlərinin dəyirmanına su tökməməyə, birliyimizi hər vəchlə bütün kənar təsirlərdən qorumağa çağırır.
- Azərbaycana dini müstəvidə kənardan müdaxilələrin olması ilə bağlı fikirlər var. Bunu Siz də bir neçə dəfə səsləndiribsiniz. Bu ünvanı dəqiq göstərə bilərsiniz?
- Bu gün Azərbaycan 20 il əvvəlki məkan deyil, insanlar da dəyişib, təkmilləşib, maariflənib, dövlətimiz də güclənib. Dini maarifləndirmə işlərinin də səviyyəsi yüksəlib. Şükürlər olsun, Vətənimiz Azərbaycanda İslam adından sui-istifadə edərək öz məkrli niyyətlərini gerçəkləşdirmək istəyənlərin, ənənəvi mili-dini dəyərləri sıxışdıraraq, yad və dağıdıcı ideyaları təlqin edən qüvvələrin təsirindən qurtulmaq yönündə xeyli iş görülüb və nailiyyətlər var. Təbii ki, bu, elə də asan və qısa müddətə başa gələn bir məsələ deyil. Və bu gün də bu təhlükə tam sovuşmadığından səylər davam etdirilməlidir.
- Siz dindarları Ramazan ayında QMİ-nin tərtib etdiyi cədvələ uyğun olaraq iftarlarını açmağı tövsiyə etmisiniz. Lakin elə paytaxtın müxtəlif məscidlərində QMİ-nin bu təqviminə əməl edilmir, iftar azanları bir-birindən bəzən 15-20 dəqiqə fərq olmaqla səslənir. Həmin məscidlərin axund və imamları da QMİ-nin tövsiyəsi ilə təyin edilir. Sizin tabeliyinizdəki şəxslər Sizin təlimatınıza əməl etmir. Bunu necə qiymətləndirirsiniz?
- Ümumən, azanla bağlı Qafqaz Müsəlmanları İdarəsinin mövqeyi bundan ibarətdir ki, ölkəmizdə azan eyni vaxtda səsləndirilməlidir. Hər iki məzhəbdən olan din xadimlərimizlə uzun illər ərzində apardığımız məşvərətdən sonra belə bir mövqedə bir araya gəlmişik ki, hər iki tərəf ehtiyat üçün qoyulan dəqiqələrdən güzəştə gedərək, ortaq məxrəcə gələk. Azərbaycanda müxtəlif zamanlarda azanın verilməsi bizi narahat edir. Bu azanın fəlsəfəsinə də ziddir. Çünki azan müsəlmanları Allaha ibadət üçün bir araya gətirən məqamdır, burada pərakəndəliyin mövcudluğu lazım deyil. Bu, xalq, millət olaraq vəhdətimizə xələl gətirməməlidir. Ramazan bayramının hansı günə düşməsi ilə bağlı da bəzən problemlər ortaya çıxırdı. Hansı ki, bu, fikir ayrılığı ilə deyil, müsəlmanların istinad etdiyi Ay təqviminin özəlliyindən irəli gələn məsələdir. Belə ki, müsəlman ayları yeni Ayın doğuluşu ilə əlaqədardır. Ayın görünməsi isə onun doğuluş anı ilə eyni məqamda olmur. Ramazana gəlincə, İslam Peyğəmbəri Mühəmməd Salavatullah hədisi-şərifində buyurur ki, Ramazan Ayını gözlə gördün, orucu tutmağa başla, yeni Ayı, yəni Şəvval ayının Ayını gördün, Bayram et.
Hər ölkənin yerləşdiyi coğrafi en dairəsinə uyğun olaraq Ayın görünməsi zamanları da fərqli olur. Beləliklə, astronomik, coğrafi məsələ kimi gündəmə gələn bu məsələni məzhəb fərqi ilə əlaqələndirməyə ehtiyac yoxdur. Azərbaycanda bu sahədə hər hansı problem yaşanmasın deyə, dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi Şamaxı rəsədxanası ilə əməkdaşlıqda Ramazan təqvimini hazırlayır. Bu təqvimdə Azərbaycan şəraitinə və dinimizin buyurduğuna uyğun göstəricilər əksini tapır. Həmin təqvimə əməl olunması Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan fətvasının verilməsinə həsr olunmuş toplantılarında qazılar, axundlar, imamlara, İdarəmizin bölgələr üzrə səlahiyyətli nümayəndələrinə təqdim olunur və ona riayət olunması məsuliyyəti üzərlərinə qoyulur. Haradasa ətalət və ya etinasızlıq səbəbindən həmin təqvimdə göstərilənlərə əməl olunmursa, bu məqamlar İdarənin nəzarət-təftiş şöbəsi tərəfindən araşdırılır, müvafiq tədbir görülür.
Bayramlara gəlincə, Qafqaz Müsəlmanları İdarəsinin təklif və tövsiyəsi ilə Azərbaycan hökuməti həm Qurban, həm də Ramazan bayramlarının 2 gün qeyd olunması barədə qərar qəbul edib. Buna görə dindarlarımız dövlətimizə minnətdardırlar.
- Ramazan ayı ilə bağlı müsəlmanlara bir dini lider və dini alim olaraq tövsiyəniz...
- Bu əziz günlərdə dualarımız Vətənimizin xoşbəxt gələcəyi və xalqımızın səadətə qovuşması üçündür. Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın inşallah, bütün ülvi arzu və niyyətləti gerçək olsun! Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin, Vətənimizi qüdrətli və firavan qərar versin! Amin! Biz Uca Allaha dualar edirik ki, inşallah, müstəqilliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda səy göstərən dövlət başçımızın rəhbərliyi altında işğal altında olan torpaqlarımız azad olunsun, qaçqınlarımız və köçkünlərimiz öz doğma yurdlarına qayıtsın. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Din xadimi olaraq deyə bilərəm ki, ümumiyyətlə, hər il olduğu kimi, rəhbərlik etdiyim dini mərkəzin - Qafqaz Müsəlmanları İdarəsinin istər beynəlxalq əlaqələr müstəvisində, istərsə də maarifləndirmə, din xadimlərinin təkmilləşdirilməsi istiqamətində fəaliyyəti bu il də zəngin və çoxşaxəli olub. İnşallah, qarşıdakı zaman üçün də xeyli gözəl təşəbbüs və xoş niyyətlərimiz var. Allah qismət eləsin, dini-mənəvi həyatımızın daha da inkişaf etdirilməsi yönündə işlərimizə rəvac versin. Qoy Uca Allah Azərbaycanımızda hər zaman əmin-amanlıq və tərəqqi bərqərar etsin, bu yolda gərgin fəaliyyət göstərən dövlət başçımıza hər zaman uğur bəxş etsin.
Sizin Agentliyiniz vasitəsilə, bütün Azərbaycan xalqına öz xeyir-dualarımı yetirir, qarşıdan gələn müqəddəs bayram ərəfəsində ən xoş arzu və diləklərimi bildirirəm. Sizin vasitənizlə bütün Azərbaycan jurnalistlərini bu həftə qeyd etdiyiniz peşə bayramınız - Milli Mətbuat günü münasibətilə səmimi qəlbdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram. Qələm müqəddəsdir, onun müqəddəsliyini heç zaman unutmayın!
Uca Allah Oz Mərhəmətini üzərimizdə qərar versin, Ramazanın təlqin etdiyi kimi, mənəvi birlik və iman kamilliyimizə rəvac versin! Amin! Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyul, 2014 11:22 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |