إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün- 16 iyul Ramazan ayının birinci Qədr gecəsi daxil olur

Bu gecə şam (gün batdıqdan sonra) azanından sonra Ramazan ayının ehtimal olunan birinci Qədr gecəsi daxil olur.

Hədis və rəvayətlərə əsasən  Ramazan ayının 19, 21, 23-cü gecələrindən biri Qədr gecəsidir. Qədr gecəsi Quranın nazil olduğu gecəsidir.Allahu-təala (c.c.) Qurani-Kərimdə buyurur:

“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” (Qədr surəsi, ayə 1)

Bəqərə surəsində buyurur: “(Mübarək) Ramazan ayı elə bir aydır ki, Quran bu ayda nazil edilmişdir” (Bəqərə surəsi, ayə 185)

Qeyd olunan ayələrdən belə nəticə alırıq ki, Qədr gecəsi mübarək ramazan ayının gecələrindən birinə təsadüf edir. Qədr gecəsinin mübarək bir gün olduğu barədə Allahu-təala (c.c.) Duxan surəsində belə buyurur: “Biz Quranı mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik” (Duxan surəsi, ayə 3).

Qeyd olunan ayələrdən məlum olur ki, Qədr gecəsi mübarək bir gecədir və Quran bu gecə nazil olmuşdur.

Qurani-Kərim iki dəfəyə nazil olmuşdur. Birinci dəfə Quran bütövlükdə həzrət Peyğəmbər (s.a.a.v.)-in mübarək qəlbinə, ikinci dəfədə isə 23 il ərzində tədricən, ayə-ayə və surə-surə o həzrətə nazil olmuşdur. Bu iki növ nazil olmanı Allahu-təala (c.c.) Qurani-Kərimdə də vurğulamışdır. “Həqiqətən, Biz Quranı Qədr gecəsi nazil etdik.” ayəsindən və Duxan surəsinin 3-cü ayəsindən (”Biz Quranı mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik”) ayəsindən açıq-aydın məlum olur ki, Qurani-Kərim bütövlükdə Qədr gecəsində həzrət Peyğəmbər (s.a.a.v.)-in mübarək qəlbinə nazil olmuşdur.

Quranın tədricən, ayə-ayə nazil olması haqda isə Allahu-təala (c.c.) belə buyurur: “(Ya Peyğəmbər (s.a.a.v.)!) İnsanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik.” (İsra surəsi, ayə 106)

Beləliklə, bu ayədən də məlum olur ki, Quran bir dəfə də tədricən, ayə-ayə, surə-surə nazil olmuşdur.

Qədr gecəsinin fəziləti

Qədr gecəsi fəzilətli, başqa gecələrdən üstün və böyük əhəmiyyətə malik olan bir gecədir. Allahu-təala (c.c.) bu haqda Qurani-Kərimdə buyurur: “[Ya Peyğəmbər!] Sən nə bilirsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan daha xeyirlidir (bərəkətlidir, fəzilətlidir)” (Qədr surəsi, 2-3-cü ayələr)

Əgər bir şəxs Qədr gecəsi ibadətlə məşğul olarsa, onun bu gecədəki ibadəti 1000 ay (təqribən 84 il) ibadətindən üstün və fəzilətli olar.

 

İslami rəvayətlərdə Qədr gecəsinin fəziləti haqqında çoxlu hədislər nəql olunmuşdur. Onlardan bir neçəsini oxucuların nəzərinə çatdırmağı faydalı hesab edirik.

Burada qeyd etmək lazımdır ki, islam peyğəmbərindən əvvəlki peyğəmbərlərin dövründə onlar üçün qədr gecəsi təyin olunmamışdır. İslam peyğəmbərinin dövründə Allahu-təala  onun ümməti üçün bu mübarək gecəni təyin etdi.

Bir gün həzrət peyğəmbər öz sahəbələrinə keçmiş peyğəmbərlərin ummətlərinin uzunömürlü olmasından və onların 80 illik və daha artıq ibadətlərindən söhbət açdıqda onlar qibtə edərək dedilər: “İlahi! Nə olaydı, bizə də uzun ömr əta edəydin və biz də ömrümüzü Sənə ibadət etməyə sərf edəydik.” Belə düşünərək sahəbələr Bəni-İsrail tayfasına qibtə edirdilər. Allahu-təala  həzrət Peyğəmbər (s.)-ə bu ayəni nazil etdi: “Qədr gecəsi min aydan daha xeyirlidir.” (Qədr surəsi, ayə 3)

Yəni böyük Allahu-təala (c.c.) öz peyğəmbərinə demək istəyir ki, ey Mənim Peyğəmbərim, Mən sənin ümmətinə uzun ömr verməmişəm, lakin əvəzində onlar üçün gecələr arasında bir gecə təyin edirəm və adını Qədr gecəsi qoyuram. Kim o gecəni ibadətlə məşğul olarsa. Ona 1000 ayın ibadətinin savabından artıq savab verərəm.

Başqa bir hədisdə nəql olunur ki, islam peyğəmbəri Allahu-təalaya (c.c.) münacat edərkən belə dedi: “İlahi! Sən məndən əvvəlki peyğəmbərlərin ümmətinə uzun ömr vermişdin, onlar da sənə bütün ömrü boyu ibadət edib çoxlu savab qazanıblar. Lakin mənim ümmətimə öz ömür vermisən, onlar da Sənə təbii ki, o biri ümmətlərdən az ibadət edib az savab qazanırlar.” Beləcə, Peyğəmbər (s.) bu kimi ifadələrlə çox münacat etdi. Allahu-təala (c.c.) həzrət Peyğəmbər (s.a.a.v.)-ə buyurdu: “Düzdür, sənin ümmətinə az ömür vermiəşəm, lakin sənə və sənin ümmətinə çox dəyərli bir gecə təyin etmişəm. Bu gecənin ibadəti 1000 ayın ibadətindən daha fəzilətli və daha üstündür”.

Beləliklə, Allahu-təala (c.c.) bu ayəni nazil etdi: “Qədr gecəsi 1000 aydan daha xeyirlidir.” Bu ayənin ardınca Allahu-təala (c.c.) buyurur: “O gecə (Qədr gecəsi) mələklər və Ruh (Cəbrail) Rəbbinin izni ilə yerə enərlər.” Qədr 4

O gecə mələklər yer üzünə enib Allahu-təalanın (c.c.) bu aləmdə insanlara və cinlərə təyin etdiyi imamı, canişini ziyarət edərlər. Ümumiyyətlə, bunu da qeyd etmək lazımdır ki, hər bir zamanın bir imamı vardır. Allahu-təala (c.c.) hər bir zamanda peyğəmbərlər göndərmişdir. İslam peyğəmbərindən sonra da o həzrətin yolunu davam etdirən imamlar göndərmişdir. İmam Əli (ə), imam Həsən (ə), imam Hüseyn (ə), imam Səccad (ə), imam Baqir (ə), imam Sadiq, imam Museyi-Kazım (ə), imam Riza (ə), imam Muhəmməd Təqiy (ə), imam Əliyyən-Nəqiy (ə), imam Həsən Əsğəri (ə) bir-birinin ardınca imamlıq edəndən sonra Allahu-təala (c.c.) imam Zamanı (ə.c.) qeyb pərdəsi altında saxladı. Hal-hazırda o həzrət yaşayır, lakin insanların gözündən qeybdədir. Allahu-təala (c.c.) istədiyi zaman o, zühur edəcək. Bu, Allahu-təalanın (c.c.) iradəsidir. Odur ki, hər zaman yer üzündə imam vardır.

Allahu-təala (c.c.) Qurani-Kərimdə buyurmuşdur: “O gecə mələklər və Ruh (Cəbrail) Rəbbin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işi icra etmək üçün (Allahu-təala (c.c.) dərgahından əmrlər alaraq) yerə enərlər.”

Bir nəfər imam Baqir (ə)-dan soruşdu: “Ey Allahu-təalanın (c.c.) huccəti, Qədr gecəsinin Ramazan ayının hansı gecəsi olduğunu bilirsənmi?” İmam Baqir (ə) buyurdu: “Əlbəttə, bilirəm. O gecə bütün mələklər enərək bizi ziyarət edirlər.”

Deməli, məlum olur ki, yer üzü heç vaxt huccətsiz qalmayıb və qiyamət gününə qədər də huccətsiz olmayacaq.Hər il Qədr gecəsi mələklər yer üzünə enib Allah-təalanın  insanlar üçün təyin etdiyi imamı ziyarət edib salamlayırlar. İslam Peyğəmbərinin dövründə də Qədr gecəsi mələklər yerə enib o həzrəti ziyarət edirdilər. Həzrət Peyğəmbər (s.a.a.v.) özü buyurmuşdur: “Qədr gecəsi mələklər göydən yerə enib məni ziyarət edirlər. Məndən sonra Qədr gecəsi mələklər Əlini (ə) ziyarət edəcəklər. Əlidən sonra isə onun 11 övladını ziyarət edəcəklər.” Bu gecə şübhəsiz ki, mələklər yer üzünün huccəti olan İmam Zamanı (ə.c.) ziyarət edirlər.

Allah  Qurani-Kərimdə buyurur: “o gecə dan yeri sökülənə kimi salamatlıqdır.” (Qədr surəsi, ayə 5)

Yəni Qədr gecəsi Allahu-təala (c.c.) insanların dualarını qəbul edir və mələklər yerə enib insanları salamlayırlar. Qədr gecəsi gözəl bir gecədir və allah o gecədə mərhəmət, sağlamlıq və əmin-amanlıq nazil edir. Deməli, qədr gecəsində həm Quran nazil olub, həm də o gecənin ibadəti 1000 ayın ibadətindən üçtündür. O, həm bərəkətli bir gecədir, həm Allahu-təalanın (c.c.) mərhəməti olan bir gecədir, həm Allahu-təalanın (c.c.) xeyir-bərəkəti, əmin-amanlığı insanlara nazil olan bir gecədir və həm də o gecə mələklər yerə nazil olaraq yer üzünün imamını ziyarət edirlər.

Hədislərdə nəql olunmuşdur ki, o gecə şeytan möminlərə yaxın düşə bilmir. Şeytan fasiq, azğın, pozğun adamlarla məşğuldur, lakin möminlər o gecəni çətinliklə ibadət edirlər. O gecə mələklər bir-birini salamlayırlar və imamı ziyarət edəndən sonra möminləri də salamlayırlar.

Qədr gecəsi  insan həyatının gələcək müqəddaratında əhəmiyyətli təsiri olduğu üçün gecəni səhərə qədər oyaq qalmaq ibadətlə və münacatla məşğul olmağın böyük fəzilətləri vardır.

Onlardan bəziləri bunlardır:

1. Qüsl etmək.

2. Səhərə ibadət və dua etmək .

3. İki rəkət Qədr gecəsi namazı qılmaq (bu namaz sübh namazı kimidir, amma hər rəkətdə “Həmd” surəsindən sonra 7 dəfə “İxlas” surəsi oxunur və namaz bitdikdən sonra alını səcdəyə qoyub 70 dəfə “əstəğfirullahə və ətubu ileyh” deyilir.)

4. Quranı baş üzərinə qoyub Allah, Peyğəmbər və imamların adlarına Allahı and verib bağışlanma diləmək.

5. İmam Əli (ə.s) və İmam Huseynin (ə.s) ziyarətnaməsini oxumaq.

6. 100 rəkət müstəhəb namaz qılmaq. Qəza namazı olanlar yaxşı olar ki, 6 günlük qəza namazı qılsınlar. Bunun savabı həm 100 rəkətli namazın savabını ödəyir, həm də, 6 günlük qəza namazı qılınmış olur.

 

Bu gecənin digər xüsusi əməlləri müxtəlif dua kitablarında qeyd olunmuşdur .

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyul, 2014  19:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!