|
Hacı Şahin Həsənli- “Azərbaycanlı şiələrin İraqa getməyinə ehtiyac yoxdur”Ayətullah Sistaninin fətvası bütün müsəlmanlara aid deyil. Bu, cihad fətvası deyil, sadəcə, İraq vətəndaşlarına terroristlərə qarşı səfərbər olmağa səslənib. Bu, müctəhid tərəfdən ölkə vətəndaşlarına qarşı səfərbərlik qərarıdır".Ahlibeyt.az-ın verdiyi məlumata görə bu sözləri tanınmış ilahiyyatçı alim,"Məşədi Dadaş" məscidinin imam cüməsi Hacı Şahin Həsənli Publika.az-a açıqlamasında bildirib.
Hacı Şahin Həsənli bildirib ki, Azərbaycanlı şiələrdən İraqa getmək niyyəti olan yoxdur və soruşulduğu halda fətvanın yalnız həmin ölkədə yaşayanlara aid olması barədə məlumat verirlər:
“Dini mühitin içindəyəm və bu vaxta qədər bir nəfər də olsun azərbaycanlı şiə fətvaya cavab olaraq İraqa getmək barədə müraciət etməyib. Azərbaycanda heç kim İraqa gedib döyüşmək arzusunda deyil. Tam şəkildə istisna etməsək də, azərbaycanlılar arasında İraqa getmək niyyətinin olmasının şahidi deyiləm. Azərbaycan və eləcə də, digər ölkələrdən sıravi insanların İraqa döyüşmək üçün gedəcəyinə inanmıram, buna ehtiyac yoxdur. Çünki İraq əhalisinin böyük bir hissəsi terroristlərə qarşı mənfi mövqedə dayanır. Məzhəb baxımından da ölkə əhalisinin 70%-i şiədir və könüllü özünümüdafiə dəstələri yaradılıb. Din xadimlərinin fətvası da yalnız dövlətə dəstək məqsədi daşıyır. Bu terrorçu qruplaşmalar bütün müsəlmanları narahat edir, amma bu döyüşlərdə iştirak etmək anlamına gəlmir. Sistani İraqda yaşayır və onun cihad fətvası müdafiə olunmaq məqsədilə verilib. Şəriətdə fərzi-kifai deyilən hökm var ki, o, yalnız İraq əhalisinə aid edilir. Bu fətva məntiqli qərardır. Çünki bir qrup terrorist dövləti parçalamaq istəyir və Sistani də vətəndaşları ona qarşı səfərbər olmağa çağırır”.
İlahiyyatçı alim bildirib ki, bütün müsəlmanlar üçün ümumi fətva verilməsini eşitməmişəm, belə bir praktika olmayıb.
"Belə bir fətva verilməsinə inanmıram və buna ehtiyac yoxdur.Verilmiş fətvanın əsas mahiyyəti müqəddəs yerlərin qorunmasıdır. Çünki terroristlər Nəcəf və Kərbəlanı dağıdacaqları barədə məlumat yayıblar. Məqsəd dini yerlərin qorunmasıdır, siyasi proseslə bağlı fətva verilməyib”.
O, İranlı müctəhidlərin fətva verməsinin inandırıcı olmadığını bildirib:
“İranda hər hansı müctəhid heç öz vətəndaşlarına belə bir çağırış etməyib. Azərbaycanlı şiələr üçün verilməsi də real deyil. İraqlı vətəndaşların müqəddəs yerləri qorumaq imkanı olmadığı halda, digər ölkələrdən fərdlər şəklində gedilməsi istisna deyil. Bu proses bizi narahat etməlidir. Amma mən azərbaycanlıların hər hansı silahlı qruplaşmaların qarşısında vuruşmasının əleyhinə olmuşam. Dua və digər vasitələrlə dəstək vermək olar. Amma bu prosesdə iştirak üçün İraq vətəndaşları yetərincədir. Bu ümumi məsələ olmaqla yanaşı, bir məqamda İraqın daxili işidir. Müqəddəs məkanlarla bağlı təhlükə olduğu halda belə, İraq şiə və sünnilər mübarizə apara bilər. İraqdakı sünni alimlər də müqəddəs yerlərin qorunması üçün müraciət ediblər. Bunun nümunəsini Suriyada da görmüşdük. İraqda müqəddəs yerləri dağıtmaq istəyən radikal qruplaşmalar qarşılarında həm şiə, həm də sünniləri görəcək. Kənardan yardıma ehtiyac yoxdur”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 İyun, 2014 12:02 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |