إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün Əmirəlmöminin İmam Əli(ə)nin mübarək mövlud günüdür


Bu gün möminlərin əmiri, İslamı ilk qəbul edən şəxs, əziz peyğəmbərimizin (s) qardaşı, İslamın sütunu, qiyamətədək bütün bəşəriyyətə öndər olan Həzrət Əli (ə) mövlud günüdür. O elə bir dahi şəxsiyyət olmuşdur ki, Allah onun Xəndək müharibəsində vurduğu bir zərbəni dünyanın yaranışından sonuna qədər bütün bəşəriyyətin ibadətindən üstün bilmişdir

Fatimə binti Əsəd deyir: ``Sübh vaxtı bir nida eşitdim: ``Ey Fatimə, Bizim Evə gəl``. Əbu Talib (ə) və Peyğəmbər (s) onu Məscidül-Harama gətirdilər. Abbas ibn Əbdül Mütəllib bir dəstə insanla məsciddə əyləşmişdi. Gördülər ki, Fatimə Məscidül-Harama daxil oldu. Kəbə ilə üzbəüz dayanıb: səmaya baxaraq belə dua etdi: ``Pərvərdigara! Mənim Sənə, Peyğəmbərlərinə və Sənin tərəfindən göndərilən Kitablara imanım var. Mən babam Ibrahimin kəlamını təsdiq edirəm. O, bu evi bir şəxsin haqqına xatir tikib. Səni and verirəm, bətnimdə olan, mənimlə danışıb ünsiyyət quran övladın haqqına xatir, bu doğumu mənə asan et`` Bu zaman, Kəbənin arxa tərəfindəki divar yarıldı. Fatimə binti Əsəd (ə) içəri daxil oldu. Kəbənin qapısındakı qıfılı nə qədər açmaq istəsələr də mümkün olmadı. Bildilər ki, bu işdə Allahın hikməti var  Fatimə binti Əsəd (ə) deyir: ``Kəbəyə daxil olduqda gördüm ki, Həvva, Sara, Asiya, Musa ibn Imranın anası və Isanın anası Məryəm (ə) gəldilər. Onlar mənə salam verdilər: ``Əssəlamu əleyki, ya Vəliyullah``. Və qarşımda əyləşdilər. Peyğəmbərlərin sonuncusu Həzrət Məhəmməd (s) dünyaya gəldikdə yerinə yetirdiklərini, Əlinin viladətində də, yerinə yetirdilər. O zaman Fatimə binti Əsəd, Peyğəmbər (s) dünyaya gəldikdə iştirak etmiş və əhvalatı Əbu Talibə danışmışdı. Həzrət Əbu Talib qabaqcadan ona demişdi: ``30 il səbr elə, Allah sənə Peyğəmbərlərin sonuncusu kimi bir övlad bəxş edəcək. Yalnız o, Peyğəmbər olmayacaq, onun vəsisi və canişini olacaq``

Cümə günü Əli (ə) Kəbədə  günəş kimi saçdı. Kəbəyə ayaq qoyan kimi səcdəyə düşdü və əllərini səmaya qaldırıb buyurdu: ``Əşhədu ən la ilahə iləllah və ənnə Muhəmmədən Rəsulullah və əşhədu ənnə Əliyyən vəliyyu Muhəmmədin Rəsulullah, bi Muhəmmədin yəxtimullahun - nubuvvətə və bi yəxtimul vəsiyyətə və ənə Əmirul-muminin`` (Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur. Məhəmməd (s) Allahın rəsuludur. Əli Məhəmmədin vəlisidir. Məhəmmədlə nübüvvətlik, mənimlə isə vəsilik kamil və tamam olur. Mən möminlərin ərşiyəm. Sonra buyurdu: ``Haqq gəldi və batil aradan getdi``. Mübarək vücudu bu torpağa qədəm qoyan kimi Kəbədə olan bütlər üzü üstə yerə düşdü, səmalar nurlandı, şeytan fəryad etdi: ``Vay olsun bütlərə və bütpərəstlərə``.

Fatimə binti Əsəd üç gün Kəbədə ilahi qonaq olduqdan sonra öz möhtərəm və sevimli oğlunu qucağına alıb Kəbədən xaric oldu. Qeybdən belə bir nida gəldi: ``Ey Fatimə, bu uşağın adını Əli qoy. Mən Əliyyi-Əla olan Allaham. Mən onun adını Öz adımdan seçmişəm, ona ədəb öyrətmişəm və Öz əmrimi ona tapşırmışam. Onu öz elmimdən agah etmişəm. O, Mənim Evimdə dünyaya gəlib. O, Mənim Evimin üstündə azan deyəcək ilk şəxsdir. O, bütləri sındıracaq, Kəbənin üstündən yerə atacaq. Xoş o adamın halına ki, Onu sevib itaət və kömək edə. Ona düşmən kəsilib, ondan boyun qaçırıb xar edərək haqqını inkar edən kəsin halına vay olsun``

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 May, 2014  11:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!