إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bugün İmam Muhəmməd Təqi əleyhissəlamın mübarək təvəllüdü günüdür

 

İmam Muhəmməd Təqi (ə) buyurub: Әn böyük еyib özündә оlаn еybi bаşqаlаrındа ахtаrmаqdır

 

Ləqəbləri: Cəvad, Təqiyy, Qane, Muxtar, Zəkiyy, Murtəza, Alim, Nuri sate.

Künyəsi: Əbu Cəfər.

Atası: İmam Riza (əleyhissalam).

Anası: Səbikə. (İmam Riza (əleyhissalam) onu Xizran, Dürrə, Reyhan adlandırmışdır).

Doğulduğu gün: 10 Rəcəb.

Doğulduğu yer: Mədineyi-Münəvvərə.

Doğulduğu il: 195-ci hicri ili.

Şəhid olduğu gün: Zilqədənin son günü.

Şəhid olduğu il: 220-ci hicri ili.

Ömrü: 25 il.

Şəhadət səbəbi: Zövcələrindən biri tərəfindən(Mötəsimin göstərişi ilə) zəhərləmişdir.

Dəfn olunduğu yer: Kazimeyn.

Övladlarının sayı: 4 (2 oğlan, 2 qız).


İmam Məhəmməd Təqi (ə) (İmam Cavad) İmam olduğu müddət ərzində iki Abbasi xəlifəsi ilə, yəni Məmun (193-218 h.q) və Mötəsimlə (218-227 h.q) bir dövrdə yaşamışdır. Adı çəkilən xəlifələrin hər ikisi o Həzrəti məcburi şəkildə Mədinədən Bağdada gətizdirmiş və Məmunun İmam Rza (ə) barədə icra etdiyi siyasəti davam etdirərək onu paytaxtda saxlamaqla nəzarət altına almışlar.

İmam Riza (ə)nın dövrü xüsusi bir mərhələ olmuş və o Həzrət özündən sonrakı İmamı təyin etməkdə keçmiş İmamların heç birinin üzləşmədiyi bir sıra çətinliklərlə üzləşmişdir. Çünki bir tərəfdən İmam Kazimin (ə) şəhadətindən sonra Vaqifilər adlanan bir dəstə şiə, maddi məqsədə görə İmam Rza (ə)nın İmamətini qəbul etməmiş,digər tərəfdən də, onun qırx yeddi yaşına qədər övladı olmaması Peyğəmbərdən  olan hədisdə İmamlarının sayının on iki nəfər olub onların doqquzunun İmam Hüseynin (ə) nəslindən olacağı fikrinə əsasən, həm o Həzrətin öz İmamətini, həm də İmamətin davam edəcəyini sual altına alırdı. İmam Cavad(ə)ın doğulması bu ixtilafa son qoyur. Beləliklə də, İmam Rıza (ə)-ın mövqeyi möhkəmlənir və etibarı artır.

Azyaşlı İmam İmam Cavad (ə) uşaq yaşlarında İmamət məqamına yetişmiş ilk İmam olduğundan, o Həzrətin həyatını mütaliə edərkən irəli çıxan ilk sual bu olur ki, kiçik bir uşaq müsəlmanların rəhbərlik və İmamət məsuliyyətini necə öz öhdəsinə götürə bilər? İnsan bu yaşda olarkən Peyğəmbərin canişini olması kamalına çata bilərmi? Keçmiş ümmətlərdə də, belə bir hadisə olubmu?

Bu məsələni daha yaxşı izah etmək üçün bu istisnalardan bir neçəsini nəzərdən keçirmək olar

Qurani-Kərim Həzrət Yəhya əleyhissəlamın peyğəmbərliyi və onun uşaq yaşlarından Peyğəmbər seçilməsi barədə buyurur: "Biz uşaq ikən ona hikmət  verdik."

İmam Baqirin (ə) qeyd etdiyimiz ayədəki "hikmət" sözünü Həzrət Yəhya əleyhissəlamın uşaq ikən peyğəbmər seçilməsinə aid edərək bu cür buyurmasıdır: "Həzrət Zəkəriyya əleyhissəlamın vəfatından sonra oğlu Yəhya (ə) onun kitab və hikmətini ondan irs aparır. Bu isə məhz Allah-taalanın Quranda "Ey Yəhya! Kitabdan bərk yapış! [Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!] Biz uşaq ikən ona hikmət [[[Allah]] kəlamının incəliklərini anlamaq, peyğəmbərlik] verdik" – deyərək buyurmasıdır."

Həzrəti İsa (ə) dünyaya gəldiyi ilk günlərdə,hələ beşikdə olarkən danışmış və anasını müdafiə edərək inadkarların dedi-qodusunu məntiqlə aradan aparmışdır. Halbuki, bu cür danışmaq, özü də belə bir məfhuma malik söz demək yalnız böyüklərin əlindən gələ bilər. Qurani-Kərim İsa əleyhissəlamın sözlərini bu cür açıqlamışdır: "Allahdan bir möcüzə olaraq körpə  dilə gəlib dedi: "Mən, həqiqətən, Allahın bəndəsiyəm. O, mənə kitab  verdi, özümü də Peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək [həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən] etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi, [heç kəsə qarşı] zülmkar, asi eləmədi."

İmam Rıza (ə) Müəmmər ibn Xəllad adlı səhabəsinə buyurur: "Mən Cavadı öz yerimdə əyləşdirib onu öz canişinim təyin etmişəm. Biz elə bir nəsildənik ki, kiçiklərimiz hər şeyi böyüklərimizdən irs aparır."

Kiçik yaşında ikən İmamət məqamına nail olmağın mümkünlüyü haqqında kifayət qədər danışılsa da, İmam Cavadın (ə) yaşının az olması məsələsinin söz-söhbəti səngimək bilmirdi. Bu söz-söhbətdə nə təkcə bir çox adi şiələrin, eləcə də, bəzi şiə alimlərinin payı var idi. Buna görə də, İmam Rıza(ə)nın şəhadətindən sonra İmamətin İmam Cavadın (ə) öhdəsinə düşdüyü bir dövrdə şiələr  çox təhlükəli, o vaxta qədər misli görünməmiş bir əqidə çaşqınlığı ilə üzləşir və İmam Cavadın (ə) yaşının az olması böyük bir müşkülə çevrilmişdi. Hicri tarixi ilə dördüncü əsr alimi ibn Rüstəm Təbəri yazır: "Onun altı yaşı olarkən, Məmun onun atasını şəhid edir və nəticədə şiələr çaş-baş qaldığı üçün camaat arasında fikir müxtəlifliyi yaranmağa başlayır." Bu məsələni həll etmək məqsədilə onlar yığıncaqlar təşkil edib İmam Cavad (ə) ilə görüşlər keçirərək o Həzrətin İmamət üçün lazım olan elmə malik olub-olmaması baxımından arxayın olmaq üçün ona suallar verir və o Həzrətdən qəti və qaneedici cavablar aldıqda arxayınlaşırdılar.

Beləliklə İmam Cavad (ə) ilə olmuş bu cür görüş, bəhs və müzakirələr Həzrətin İmam olduğuna dair arxayınlıq gətirərək fikirlərdəki şəkk-şübhələri aradan qaldırırdı.

İmam Cavad (ə) İmamət elmi sayəsində öz qəti və aydın cavabları ilə özünün İmam olması məsələsi üzərindən bütün şəkk-şübhəni qaldıraraq İmam olduğunu və ümumiyyətlə, İmamət məsələsini isbat edirdi. Buna görə də, daha İmam Hadinin (ə) imaməti dövründə (o Həzrət də kiçik yaşlarında ikən İmamət məqamına yetişmişdi) bu məsələ heç bir müşkül doğurmurdu. Artıq o zaman hamıya məlum olmuşdu ki, yaşın az olması Allah tərəfindən verilmiş bu məqama heç bir təsir göstərə bilməz.

Məmun Tus şəhərindən Bağdada köçdükdən sonra İmam Cavada (ə) bir məktub yazıb onu Bağdada dəvət edir. Bu dəvət də, İmam Rza(ə)nın  Tus (Mərv) şəhərinə dəvət olunması kimi zahirdə könüllü,həqiqətdə isə məcburi bir səfər idi. İmam Cavad (ə) Məmunun dəvətini qəbul edib Bağdada gedir. Bir neçə gündən sonra Məmun onu öz sarayına dəvət edərək ona qızı Ümmul-Fəzllə evlənmək təklifini edir. İmam Cavad (ə) Məmunun bu təklifi qarşısında sükut edir. Məmun da sükutu razılıq əlaməti sayıb tədarük fikrinə düşür. O, təntənəli şəkildə bir məclis qurmaq istəyirdi. Lakin bu xəbərin Bəni-Abbas arasında yayılması böyük narazılığa səbəb olur. Bəni-Abbas sülaləsinin nümayəndələri bir yerə toplaşaraq Məmuna öz etirazlarını bildirib dedilər: "Bu nə işdir görürsən? Əli ibn Musa ər-Rzanın vəfat etdiyi və hakimiyyətin Bəni-Abbasın əlində olduğu bir halda hakimiyyəti yenə də, Əlinin övladlarına vermək istəyirsən? Biz bu işə yol verə bilmərik. Aramızda olan neçə illik düşmənçiliyi unutmusan?" Məmun soruşur: "Bəs sizin fikriniz nədir?" Onlar dedilər: "O, uşaqdır və hələ elm və bilikdən xəbəri yoxdur." Məmun - "Siz bu ailəni yaxşı tanımırsınız, onların kiçiyi də, böyüyü də tükənməz elm sahibidir. Əgər mən deyənə razı deyilsinizsə, onda onu yoxlayın. Qəbul etdiyiniz bir alimi gətirib onunla bəhs etdirin, onda mənim dediklərimə inanarsınız."

Abbasilər alimlərin arasında (öz elmi ilə aləmə səs salmış) Yəhya ibn Əksəmi seçirlər. Məmun İmam Cavadın (ə) elm və bilik səviyyəsini yoxlamaq üçün bir məclis təşkil edir.Elmi bəhslər zamanı Yəhya İbn Əksəmin İmam Cavadın (ə) qarşısında aciz olduğunu açıq-aşkar hiss olunur. Bu vaxt Məmun deyir: "Şükr olsun Allaha ki, mənim fikirləşdiyim düz çıxdı." Sonra isə üzünü öz qohum-əqrəbasına tutub deyir: "Qəbul etmədiyiniz həqiqəti indi anladınızmı?"

Alimlərin nəzərində İmam Cavadın (ə) şəxsiyyəti ,söhbətləri, elmi mübahisələri,elmi və fiqhi müşkülatları həll etməsi İslam alimlərini, heyran qoymuş, onlar İmamın (ə) şəxsiyyətinin bu cür əzəməti qarşısında öz təəccüblərini gizlədə bilməmiş və onların hər biri o Həzrəti bir vasitə ilə tərifləmişdir. Nümunə üçün Səbt ibn Əl-Cuzinin dediyini qeyd etmək olar: "O, elm, təqva, zahidlik və səxavətdə atasının tutduğu yolu gedirdi."

İbn Həcər Heytəmi yazır: "O, yaşının az olmasına baxmayaraq, elm, bilik və helm baxımından bütün alimlərdən üstün olduğu üçün Məmun öz qızını ona ərə vermək istəyirdi."

Şəbəlnəci deyir: "Məmun daima onun vurğunu olmuşdur. Çünki yaşının az olmasına baxmayaraq, öz fəzilət, elm və ağıl-kamalı ilə əzəmətini sübuta yetirmişdi."

Şiə məzhəbinin böyük ustadı Şeyx Müfid və həmçinin, Fəttah Nişaburi İmam Cavadı (ə) bu cür yad etmişlər: "Məmun onun vurğunu olmuşdu.O görürdü ki,İmam yaşının azlığına baxmayaraq elm, hikmət, ədəb və əqli kamillik baxımından elə yüksək mərtəbəyə yetişmişdir ki, o dövrün böyük elmi şəxsiyyətlərinin heç biri o mərtəbəyə yetişməmişdi."

İmam Rza(ə)-ın dövründə Məmun bir sıra siyasi çətinliklərlə üzləşdiyindən Peyğəmbər (s.ə) ailəsi ilə aranı düzəltmək qərarına gəlir. Elə buna görə də, İmam Rza(ə)-a güclə vəliəhdliyi qəbul etdirməklə öz çoxcəhətli siyasətini həyata keçirmək istəyirdi. Digər tərəfdən isə Abbasilər Məmunun bu hərəkətindən, hakimiyyəti Abbasilərdən alıb Ələvilərə verəcəyi ehtimalından çox narahat olduqlarından, ona qarşı çıxmağa başlayırlar.Lakin İmam Rza(ə) Məmun tərəfindən zəhərlənərək şəhid olduqdan sonra onlar sakitləşib razı olaraq Məmuna üz tuturlar. Məmun İmam Riza əleyhissəlama zəhəri çox gizli şəkildə vermiş və çalışırdı ki, camaat onun bu cinayətindən xəbər tutmasın. O, öz cinayətinin üstünü örtmək məqsədilə əzadarlıq edib özünü narahat qələmə verirdi.

İmam Cavad (ə) ilə dostluq əlaqəsi bərpa etmiş Məmun qərara gəlir ki, öz qızını o Həzrətə ərə verməklə İmam Rza əleyhissəlama zorla qəbul edilmiş vəliəhdlikdən istifadə etdiyi kimi İmam Cavad (ə) ilə olan bu qohumluqdan da istifadə etsin. Bu məqsədlə o, hicrətin iki yüz dördüncü ili,İmam Rza əleyhissəlamın şəhadətindən düz bir il sonra İmam Cavadı (ə) Mədinədən Bağdada gətizdirir. İmam Cavadla Yəhya ibn Əksəm arasındakı elmi mübahisə məclisində  öz qızı Ümmul-Fəzli o Həzrətə nişanlayır.

Məmunun israrı nəticəsində həyata keçmiş bu nikah tamamilə siyasi məqsəd daşıyırdı. Bir az diqqət etsək, Məmunun bu nikahdan aşağıdakı məqsədləri güdməsini çox aydın şəkildə başa düşərik:

1. Öz qızını İmamın evinə göndərməklə o Həzrətin bütün işlərindən xəbərdar olmaq istəyirdi. (Məmunun qızı üzərinə düşən "xəbərçilik" vəzifəsini layiqincəsinə yerinə yetirirdi. Tarix də buna şahiddir.)

2. Bu nikah Məmunun fikrincə,İmam Cavadı (ə) onun eyş-işrət mərkəzinə çevrilmiş sarayı ilə əlaqədə saxlayaraq, o Həzrəti eyş-işrətə, kef-əyləncəyə cəlb edəcək, beləliklə, İmam Cavadın (ə) müqəddəsliyi aradan gedər və Məmun də, o Həzrətin ismət və İmamət məqamını camaatın gözündə aşağı salaraq onu xar edər.

3. Bu nikahla Məmun şiələrin onun əleyhinə qaldırdıqları qiyamların qarşısını alar və onlarda özünə qarşı məhəbbət yaradar.

4. Məmunun dördüncü məqsədi avam camaatı aldatmaq idi. Bəzi vaxtlar onun özü deyirdi: "Mən qızımı ona görə İmam Cavada (ə) ərə verdim ki, qoy qızımın ondan övladı olsun və mən Peyğəmbərlə (s.ə) Əlinin (ə) nəslindən olan bir uşağın babası olum. Məmunun bu fikri baş tutmur.Onun qızı heç vaxt dünyaya övlad gətirmir.

İmam Cavad (ə) əziz atası İmam Riza(ə)nı şəhid etməklə böyük cinayət törətmiş şəxsin məhz Məmun olduğunu bildiyi halda o Həzrət bu nikaha Məmunun təzyiqləri nəticəsində razılıq vermişdir.Bu nikah İmam Cavadın (ə) məsləhəti ilə deyil, yalnız Məmunun məsləhəti ilə həyata keçirilmişdir.İmamın sarayla əlaqədə olmasında məqsədi, o Həzrətin Mötəsim tərəfindən qətlə yetirilməsinə mane olmaq və İmamın (ə) tərəfdarlarının aradan götürülməsinin qarşısını almaq olmuşdur. Bu da eynilə Əli ibn Yəqtinin şiələrin mənafeyini qorumaq məqsədilə Harun ər-Rəşidin vəzirliyini qəbul edərək saraya yol tapmasına bənzəyir. İmam Cavadın (ə) dostlarından olan Hüseyn Məkkari deyir: "Bir gün Bağdadda İmam Cavadın (ə) hüzuruna gedib güzəranı ilə tanış oldum. Fikirləşdim ki, artıq İmam (ə) rifahlı həyata nail olduğu üçün daha o Həzrət doğma vətəni Mədinəyə qayıtmaz. O Həzrət bir anlığa başını aşağı saldı. Başını qaldırdıqdan sonra rəngi qəm-qüssədən saralmış halda mənə buyurdu: "Hüseyn, Peyğəmbər (s.ə) şəhərində (Mədinədə) bir parça quru çörəklə duz yemək mənim üçün burada gördüyündən daha yaxşıdır."

Buna görə də, İmam Cavad (ə) Bağdadda qalmayıb həyat yoldaşı Ümmul-Fəzllə birlikdə Mədinəyə qayıdır və hicrətin iki yüz iyirminci ilinə qədər orada yaşamışdır.

İmam Cavad (ə) imkanlarının məhdud olmasına baxmayaraq, vəkil və nümayəndələr təyin etməklə tərəfdarları ilə əlaqəsini qoruyub saxlayır, bütün xilafət ərazisinə nümayəndə göndərirdi. İmamın (ə) nümayəndələri bir çox şəhərlərdə, o cümlədən, Əhvaz, Həmədan, Sistan, Bost, Rey, Bəsrə, Vasit, Bağdad, Kufə və Qum şəhərlərində fəaliyyət göstərirdilər. İmam Cavad(ə) şiələrə hökumət sarayına yol tapıb mühüm vəzifələr tutmasına icazə vermişdi. Buna görə də, Məhəmməd ibn İsmayıl ibn Bəzi və Əhməd ibn Həmzeyi-Qummi böyük vəzifələrdə işləmiş, Nuh ibn Dərrac isə bir müddət Bağdadın, sonra da Kufənin qazısı olmuşdur. Həmçinin, Hüseyn ibn Abdullah Nişaburi Bost və Sistan şəhərlərinin, Həmək ibn Ülya Əsədi isə Bəhreynin hakimi olmuşdur. Axırda adı çəkilən hər iki nəfər İmam Cavada (ə) xüms ödəyirdi ki, bu da onların o Həzrətə olan gizli bağlılıqlarından xəbər verir.

Mərhum Kuleyni qeyd edir ki, İmam Cavad (ə) Bost və Sistan şəhərlərindəki tərəfdarlarından birinin xahişinə əsasən, bu şəhərlərin valisinə məktub yazıb ona tapşırır ki, maliyyə vergilərini almaqda onun üçün çətinlik yaratmasın. İmam Cavadın (ə) dostlarından olan həmin şəhər valisi İmamın (ə) bu sifarişindən sonra daha o şəxsdən xərac vergisinin borcunu almır, üstəlik vali olduğu müddət ərzində onu xərac vergisindən azad edərək onun üçün beytül-maldan maaş təyin edir.

İmamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə maariflənmə sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onlar vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar.Lakin onların dövründə  şərait heç də eyni olmamışdır. Məsələn, İmam Baqir (ə) və İmam Sadiqin (ə) dövründə şərait nisbətən yaxşı olmuş, buna görə də, İmam Sadiqin (ə) şagirdlərinin sayı dörd minə çatmışdı. İmam Cavaddan (ə) başlayaraq İmam Əskərinin (ə) dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu İmamların fəaliyyəti çox məhdud olmuş, buna görə də, onların şagirdlərinin sayı İmam Sadiqin (ə) şagirdlərinin sayı ilə müqayisədə həddən artıq az olmuşdur."İmam Cavadın (ə) yüz on nəfərə yaxın şagirdi olmuş və o Həzrətdən cəmi iki yüz əlli hədis rəvayət edilmişdir" deyildikdə heç də təəccüblənməməliyik. Çünki o Həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş, digər tərəfdən də, tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin dediyinə görə cəmi iyirmi beş il ömür sürmüşdür. Eyni zamanda nəzərə almaq lazımdır ki, İmam Cavadın (ə) bu azsaylı şagirdlərinin arasında Əli ibn Məhziyar, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, Zəkəriyya ibn Adəm,Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb-seçilən,özünəməxsus mövqeyi olan şəxslər də olmuşdur. Bunlardan bəziləri çoxlu əsərlər də yazmışlar. Başqa bir məsələ isə budur ki, İmam Cavaddan (ə) hədis söyləyən şəxslər təkcə şiələr olmamış, eləcə də  əhli-sünnə məzhəbinin alim və hədisçiləri də bir sıra İslami maarif və həqiqətləri o Həzrətdən rəvayət etmişlər.

Hicrətin iki yüz on səkkizinci ilində Məmun vəfat edir. Ondan sonra qardaşı Mötəsim xəlifə olur. O, İmam Cavadı (ə) öz nəzarəti altında saxlamaq məqsədi ilə hicrətin iki yüz iyirminci ilində o Həzrəti Mədinədən Bağdada gətizdirir. İmam (ə) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak etmişdi. Həmin məclisdə Bağdad qazısı (İbn Əbu Duad) və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olmuş, bundan bir neçə gün sonra İbn Əbu Duad xəlifənin hüzuruna gəlib demişdir: "Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hökumətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksək rütbəli nümayəndələrin hüzurunda (İmam) Cavadın (ə) verdiyi fətvanı başqalarının fətvasından üstün tutdun. Halbuki, müsəlmanların yarısı onu əsl xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olmuşdur."

Qəlbində İmam Cavada (ə) qarşı düşmənçilik kin-küdurəti bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olaraq İmamı (ə) öldürmək fikrinə düşdü. Nəhayət, o, məqsədini həyata keçirib İmam Cavadı (ə) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. İmam Cavad (ə) şəhid olarkən mübarək ömründən cəmi iyirmi beş il və bir neçə ay keçmişdi.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 May, 2014  13:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!