إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mədinəlilər

Onlar aldanmağı üstün tutdular

Xanım Zəhra(s.ə) o qədər açıq mübarizə ortaya qoydu ki, bu günə qədər bəhanə yeri qoymayıb. Lakin bu yolda öz abrını xərclədi. Abrı vermək canı verməkdən daha çətindir. İnsan abrının qorunması üçün ölməyə də razıdır. İmam Hüseyn(ə) Minada söhbət xütbə oxuyarkən buyurdu ki, əgər müsəlmanlar vaxtında haqqı qorumaq üçün şəxsiyyətindən, abrından din üçün xərcləsəydi, indi canınlarını verməli olmazdılar. Nəticə budur ki, bir adam abrını xərcləyirsə, Allah onu can imtahanına çəkməz. Çünki abrından keçən canından da keçər. Xanım Fatimeyi-Zəhra(s.ə) öz heysiyyətini Hz.Əlinin(ə) haqq işinə görə qurban verdi.

Xanım Zəhra(s.ə) Peyğəmbərdən(s) sonra ən əziz insan idi. Bizə dərs verir ki, zülmlə mübarizədə birinci olmağa onun kimi şəxsiyyət layiqdir. Amma camaat nə qədər rəzil idi ki, aldanmağı üstün tutdular. Günah camaatda idi ki, onlar bu işə zəmin yaratmışdı. Bu gün də deyəndə ki, Müaviyə filan işi gördü, deyirlər Müaviyə ilə işiniz olmasın. Niyə? Çünki Müaviyə Peyğəmbərin(s) səhabəsi idi. Yəni Peyğəmbəri(s) görmüşdür. Yüz əks dəlil müqabilində bircə bəhanə gətirirlər - Müaviyə Peyğəmbəri(s) görmüşdür. Bir insanın yalnız Peyğəmbəri(s) görməsi onun yüzlərlə cinayətinə bəraət qazandıra bilməz. Bunu anlamaq istəməyənlər o zaman da var idi.

Xanım Fatimeyi-Zəhra(s.ə) məsciddə pərdə arxasında çıxış edərkən xəlifə minbərdə oturmuşdu. Xanımın(s.ə) çıxışından təsirlənib ağlayanlar da var idi. Vəziyyətin gərginləşdiyini görən xəlifə dedi: “Ey Fatimə! Allah və Peyğəmbəri(s) düz deyir sən doğru danışan adamsan. Sən bizdən fəzilətlisən, biz gərək elmləri səndən öyrənək. And ola Allaha səni qızım Aişədən çox istəyirəm! Ancaq məni xəlifəliyə seçən bu camaatdır. Qoy onlar aramızda qəzavət etsin.” Xəlifə haqqın sözü müqabilində camaatın qəzavətini qoydu. Xanım Fatmə(s.ə) də xalqa üz tutub soruşdu: “Nə deyirsiz? Mən sübut etdim ki, haqqam, onlar isə mənim haqqımı qəsb ediblər. Siz nə deyirsiz?” Gördü camaat hamısı başını aşağı salıb danışmır. “Haqqı müdafiə eləməyə hazırsız?” Gördü ki, səs çıxmır. Camaatın sükutunu görən Xanım Fatimeyi-Zəhra(s.ə) döndü evinə, baxdı Hz.Əliyə(ə) və dedi : “Ya Əli! bu gün məni xar etilər!” Heç üzünə zərbə dəyəndə, qoluna qamçı vurulanda Xanım Zəhra(s.ə) “məni xar etdilər” deməmişdi. Ancaq bu hadisədən sonra dedi. Hz.Əli(ə) cavab verdi: “Denən : “Allah bizə kifayətdir”. Ondan sonra Xanım Zəhra(s.ə) daha danışmadı. O zamandan insanlar yalnız onun nalə səslərini eşidird. Bəlkə sözlə ayılmayanlar Hz.Zəhranın(s.ə) göz yaşları ilə ayılsınlar. O Fatimə(s.ə) ki, Peyğəmbər(s) hamının qarşısında demişdi: “Kim Zəhranı qəəzəbləndirsə, məni qəzəbləndirib. Məni qəzəbləndirən isə Allahı qəzəbləndirib”. Həmin Fatimənin(s.ə) naləsi Peyğəmbər(s) şəhərində ucalırdı və bütün müsəlmanlar o naləni eşidirdi. Amma ürəkləri o qədər daşlaşmışdı ki, o nalələr qəlblərinə heç bir təsir qoymurdu. Onlar yuxuya getməmişdilər. Onlar özlərini yuxuluğa vurmuşdular. Cəmiyyət yuxuda olarsa, oyanmasına ümidi var. Vay o gündən ki, cəmiyyət özünü yuxuluğa vursun. Onu nə qədər oyatsan da ayılmaq istəməyəcək.  Mədinə camaatı da belə idi. Onlar  gəlib Hz.Əliyə(ə) şikayət etdilər ki, Hz.Fatiməyə(s) desin ki, ya gecələr ağlasın, ya da gündüzlər. Çünki nalə səslərindən rahat yata bilmirlər. Xanım Zəhra(s.ə) da cavab verdi ki, onlar tezliklə dincələcəklər: “Mənim ömrümdən az qalıb”. Peyğəmbərin(s) vəfatından çox keçməmişdi ki, Xanım Zəhra(s.ə) dünyasını dəyişdi.

Xanım Zəhranın(s.ə) gecələr Mədinənin qapılarına düşüb camaatdan kömək istəməsi, İmam Hüseynin(ə) meydanda “bir nəfər yoxdurmu mənə kömək edə?!” çağırışına bənzəyir. Alimlərdən biri deyir: “Əslində İmam Hüseyn(ə): “Bir nəfər yoxdurmu mən ona kömək edim?” – demək istəyir. Yəni kim istəyir İmam(ə) onu haqqa qarşı mübarizədən qurtarsın?” Xanım Zəhra(s.ə) da bunu mədinəlilərə təklif edirdi: "Qalxın haqqın müdafiəsinə və qurtulun!". Bu gün də həmin fəryad ucalır və Qiyamətə kimi ucalacaq. Odur ki, məhşərin ən çox şəfaət edənlərindən biri Xanım Fatimeyi-Zəhradır(s.ə).

 

Material Hacı Şahin Həsənlinin 2009-cu ildə Əyyami-Fatimiyyədə etdi xütbə əsasında hazırlanıb

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Aprel, 2010  04:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!