إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İlahiyyatçı Elşən Mustafaoğlu-Hacı Şahin Həsənli tam haqlı olaraq bir sıra alimlərin söylədiyi fikri açıqlayıb

Hacı Şahindən şok fətva” başlığı ilə təqdim olunan xəbər özü-özlüyündə həqiqəti əks etdirmir. Yaxşı ki, orada yazı ilə bərabər, hörmətli Hacı Şahin Həsənli ilə müsahibənin videomaterialı da yerləşdirilib. Videonu izlədikdə, xəbərdə yazılanların yanlış olduğu aydın görünür”.

 

Bunu Avrasiya.net-ə ilahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu dünən Hacı Şahin Həsənlinin kişilərin də cinsiyyətinin dəyişdirilməsinə icazənin verilməsi fikrinə münasibətində deyib.

 

E.Mustafaoğlu bildirib: “Əvvəla qeyd edim ki, Hacı Şahin əsla fətva verməyib və bunu özü də artıq mediaya verdiyi açıqlamalarda vurğulayıb. Videogörüntülərdən də şahidi olduğumuz kimi, müxbir Hacı Şahinə sualla müraciət edib və din aliminin kitabında öz əksini tapmış cinsiyyətin dəyişdirilməsi məsələsinə aydın gətirməsini istəyib. Hacı Şahin də qeyd edir ki, bəzi müctəhidlərin hökmlərində cinsiyyətin dəyişdirilməsi məsələsi var. Sonra bu məsələyə aydınlıq gətirərək bildirir ki, həmin şəriət hökmlərinə görə, bəzi patoloji hallarda – hormonal dəyişikliklər baş verməsilə yaranmış xəstəliklər zamanı insanın normal yaşaması üçün cinsiyyətinin dəyişdirilməsinə icazə verilir: “Bu məqama diqqət yetirək ki, Hacı Şahin burada özündən fətva vermir, hətta öz fikrini də bildirmir, sadəcə bəzi müctəhidlərin münasibətini açıqlayır. Halbuki sözügedən xəbərdə deyilir: “Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli kişilərin cinsiyyətini dəyişməsi ilə bağlı ilginc fətva verib… Ruhani lider insanın cinsinin dəyişməsinin dini baxımdan yolverilən olduğunu bildirib.” Daha sonra isə, müəmmalı şəkildə qeyd edilir: “Hacı Şahinin dini təriqələr arasında narazılığa səbəb olan çıxışını təqdim edirik.” Hansı təriqətlər arasındakı narazılıqdan söhbət gedə bilər ki? Bu məsələnin ümumiyyətlə təriqətə aidiyyatı yoxdur. Söhbət əslində xüsusi patoloji hallardan – cinsiyyətlə bağlı psixoloji-fizioloji qüsurlu şəxslərdən gedir. Həqiqətən də, elə insanlar var ki, onların cinsiyyət təyini digər insanlardan fərqlənir.

 

Bəzi hallarda, belə insanlar ruhi-psixoloji və qismən də fizioloji cəhətdən qadın olduqları halda, tənasül üzvü kişi cinsinə məxsus olur. Bunun əksinə də rast gəlinir. Belə insanların cəmiyyətdə normal insan olaraq həyat sürmələri üçün psixoloji-fizioloji qüsurları aradan qaldırmağa ehtiyac yaranır. Bir çox hallarda cərrahiyyə əməliyyatı vasitəsilə qüsurları aradan qaldırmaq və həmin şəxslərin ruhən özlərini hiss etdikləri cinsiyyətə tam yiyələnmələrini təmin etmək mümkün olur. Keçmiş dövrlərdə bu mümkün olmurdu, amma indi tibb inkişaf edib və cərrahiyyə əməliyyatı yolu ilə belə şəxslərin sözügedən problemlərinin həlli üçün şərait yaranıb. Baxın, sözügedən cərrahiyyə əməliyyatı əsla mənəviyyatsızlıq niyyətilə deyil, sırf patoloji problemi olan şəxslərin normal həyat sürməsini təmin etmək məqsədilə həyata keçirilir. Yəni söhbət adi, normal kişinin özünü qadın halına salması və ya normal qadının özünü kişi halına salmasından getmir. Söhbət psixoloji-fizioloji baxımdan zahirən göründüyündən fərqli xüsusiyyətə malik şəxslərdən gedir. Belə şəxslər özlərini tam olaraq, hiss etdiyi cinsdə görmək istəyirlər. Onlar nə kişi kimi kişi, nə də qadın kimi qadındırlar və bu hal onların həyatını alt-üst edir. Cərrahiyyə əməliyyatı vasitəsilə sözügedən qüsuru aradan qaldırmaq və onların təbii istəklərini təmin etmək mümkündür.

Dinimizdə isə, bunu qadağan edən bir hökm yoxdur! Nə Quranda belə bir qadağa var, nə də hədislərdə. Dinimizin məqsədi insanların həyatını çətinə salmaq, onları iztirabla baş-başa qoymaq deyil, insanları səadətə yetirməkdir. Belə psixoloji-fizioloji qüsuru olan insanların əməliyyat olunub, bu iztirabdan qurtarmalarının yolu cərrahiyyə əməliyyatı vasitəsilə cinsiyyət orqanlarını dəyişdirməkdirsə, niyə də din gəlib bunun qarşısını alsın ki? Dinimiz yalnız mənəviyyatsızlığa qarşı çıxır, insanların mənəvi həyatını sağlam əsaslar üzərində tənzimləyir. Yoxsa ki, insanların normal həyat sürməsinin qarşısını almaq üçün qadağalar tətbiq etmir. Doğrudur, bəzi din alimləri mühafizəkarlıq nümayiş etdirib, fərqli fikirlər də bildirirlər. Amma nəzərə alaq ki, həmin fikirlər dinimizin mövqeyi deyil, həmin şəxslərin öz fikirləridir. Dinin mövqeyinin qaynağı – Allahdır. Allah-Təala isə sözügedən cərrahiyyə əməliyyatını qadağan etməyib. Bir daha vurğulayaq ki, söhbət əsla mənəviyyatsızlığın aşılanmasından deyil, əxlaqsızlıq məqsədilə sui-istifadələrdən deyil, psixoloji-fizioloji patologiyadan gedir.

 

Hacı Şahin Həsənli də tam haqlı olaraq, bir sıra alimlərin söylədiyi fikri açıqlayıb və belə hallarda cinsiyyəti dəyişdirmək üçün əməliyyatın dinimiz tərəfindən qadağan edilmədiyini bildirib. Axı Hacı durub Allahın qadağan etmədiyi bir şeyi özündən necə qadağan edərdi ki?! Bunu da qeyd edək ki, bəzən bu kimi məsələlərlə bağlı mühafizəkarlıq hüdudlarını da keçib, mürtəce fikirlər səsləndirirlər və həmin fikirlərini din adı ilə cəmiyyətə təqdim edirlər. Allahın haram etmədiyi bir şeyi haram elan edib, dinimizi qadağalar toplusu şəklində qələmə verirlər. Belələri dinimizi orta əsrlərdə məhbus etməyə çalışırlar. Lakin nəzərə alaq ki, dinimizi orta əsr Ərəbistanının mədəniyyəti və məişəti çərçivəsində qəbul etmək tam yanlışdır. Dinimiz hər dövr üçün, hər zaman və məkan üçün müasir olan bir dindir. Cəmiyyət, elm, texnologiyalar, o cümlədən də təbabət daim dinamik inkişafdadır və həmin inkişaf mənəviyyata uyğundursa, dinimiz tam olaraq bu inkişafı dəstəkləyir. Sözügedən məsələ də mənəviyyat hüdudları çərçivəsində öz həllini tapdıqda, buna qarşı çıxmağa haqq qazandırmaq olmur”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 May, 2014  18:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!