|
Bəzi cərəyanlar dini ideologiyadan örtük kimi istifadə edirDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Media forum” saytına müsahibə verib. - Son günlər polis nurçu təriqətindən olan şəxsləri saxlayır, dindirir. Belə faktlar ölkədə dini gərginlikdən xəbər verirmi? - Bu cür hallar əvvəllər də baş verib. Lakin bunlar kiminsə hansısa dini görüşləri ilə bağlı deyil, dini fəalliyyətin aparılması zamanı mövcud qanunvericiliyin pozulmasının qarşısını almaq məqsədi güdür. Hüquq mühafizə orqanları qanunsuz dini fəaliyyətlə bağlı mütəmadi tədbirlər həyata keçirir. - Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın Azərbaycana səfərindən (4 aprel) sonra nurçuların fəaliyyətinin daha çox diqqətdə saxlandığı sezilir. Nurçularla bağlı baş verənlərin Ərdoğanın səfəri ilə hər hansı əlaqəsi varmı? - Hansı dinə mənsubluğundan asılı olmayaraq bütün dini cərəyanların və təriqətlərin fəaliyyəti diqqətdə saxlanır. Zərurət yarandıqda, qanun pozuntusu baş verdikdə dərhal müdaxilə edilir. Yəni hər qurum öz işini görür. Bunu normal qəbul etmək lazımdır. - Siyasi hakimiyyətin nurçular üzərində nəzarəti gücləndirmək göstərişi varmı? - Dini duruma nəzarət etmək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətidir. Dini durum isə geniş anlayışdır, bura dini qurumların və qrupların fəaliyyəti də daxildir. Dövlət Komitəsinin öz vəzifəsini yerinə yetirməsi üçün əlavə göstəriş verilməsinə ehtiyac yoxdur. “Dini etiqad azadlığı haqqında” qanuna və komitənin əsasnaməsinə görə, bu, birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin funksiyasıdır. - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ölkədə nə qədər nurçu olduğu haqda məlumat varmı? - Dövlət Komitəsində yalnız dini qurumların rəsmi statistikası aparılır. Bu baxımdan rəsmən aparılmayan statistika barədə rəsmi dövlət qurumu adından açıqlama verilməsi doğru qəbul olunmaya bilər. Lakin bilirsiniz ki, nurçuluq kimi tanınan dini cərəyanın əsasən iki qolu var. Onlardan biri “Fətullah Gülən hərəkatı” kimi tanınır və Türkiyədə baş verən son hadisələrdə bu cərəyanın gizli şəkildə siyasi fəaliyyətlə məşğul olduğuna dair geniş məlumatlar yayılıb. Eyni zamanda bu hərəkatın ictimai-siyasi, həmçinin iqtisadi sahəyə daha çox diqqət ayırdığı təsdiqlənir. Türkiyədə, eləcə də Türkiyə xaricində bu hərəkat sırf dini fəaliyyətə (məsələn, din xadimi yetişdirmək və ya qanuni dini icma qurmaq kimi) maraq göstərmir. Yəni dini ideologiyadan digər sahədə fəaliyyətləri üçün “örtük” kimi istifadə edir. Eyni zamanda təxminən 50 qrupdan ibarət olan və “klassik” nurçu kimi tanınan digər cərəyan ictimai deyil, məhz dini fəaliyyətlə məşğul olur. Lakin Azərbaycan qanunvericiliyinə görə, istənilən dini fəaliyyət, dini ayinlərin icrası yalnız müəyyən edilmiş yerlərdə, yəni, məsələn, müsəlman icmalar üçün məscidlərdə həyata keçirilə bilər. Lakin bu qruplar “dərshanə” deyilən evlərdə toplaşaraq qanunun tələblərini pozurlar ki, hüquq mühafizə orqanları da buna qarşı tədbirlər həyata keçirir. - Nurçuların fəaliyyəti Azərbaycanda ictimai ab-havaya və ölkəmizin Türkiyə ilə münasibətlərinə hər hansı formada xələl gətirə bilərmi?
- Ümumiyyətlə, hansısa siyasi və ya dini təşkilatın, yaxud qruplaşmanın dərin köklərə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinə zərər gətirəcəyinə inanmıram. Məncə, bu, sınaqdan çıxmış tarixi həqiqətdir. Eyni zamanda Dövlət Komitəsi ilə Türkiyə dövlətinin və hökumətinin tərkib hissəsi olan Diyanət İşləri Başqanlığı arasında sağlam və mütəmadi əsaslarla saxlanan əlaqələr mövcuddur. Belə ki, Dövlət Komitəsinin təşəbbüsü ilə Diyanət İşləri Başqanlığının dəstək verdiyi, Qarabağın işğalından öncə Şuşa və Ağdam məscidlərində səslənmiş “Qazi Qarabağ azanı”nın bu ilin fevral ayında, Xocalı soyqırımının ildönümü ərəfəsində Türkiyənin aparıcı məscidləri, o cümlədən Ankara şəhərindəki “Hacı Bayram Vəli” məscidində təqdimatı keçirilib və demək olar ki, əksər mərkəzi məscidlərdə səsləndirilib. Eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Diyanət İşləri Başqanlığı arasında zərərli dini cərəyanların fəaliyyəti ilə bağlı mütəmadi olaraq məlumat mübadiləsi qaydasında iş aparılır. Bu da hər hansı cərəyanın iki ölkə arasındakı qardaşlıq münasibətlərinə kölgə salmamasına xidmət edir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 May, 2014 11:46 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |