Nurçuluqla bağlılıqda adı hallandırılan dövlət rəsmilərindən biri də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovdur.
ANS PRESS-in məsələ ilə əlaqədar olaraq apardığı araşdırma maraqlı faktları üzə çıxarıb. Araşdırmada bir neçə gün öncə mətbuatda yayılan Elşad İskəndərovun nurçularla fotolar çəkdirdiyi iddia edilən xəbərlərə aydınlıq gətirilib. Elşad İsgəndərovun nurçularla çəkdirdiyi iddia edilən şəkillər yalan oldu. Belə ki, Dövlət Komitəsinin rəsmi saytında göstərilən şəkillər mövcuddur və onların hansı tədbirlərdə çəkildiyi haqqında məlumatlar var.
“Saytın məlumatında qeyd edilir ki, 13 noyabr 2013 tarixində, Avropa Parlamentinin Brüsseldəki mənzil-qərargahında “Sərhədsiz İnsan Hüquqları” beynəlxalq təşkilatı tərəfindən hazırlanmış “Azərbaycanda dini azlıqlar: tarixdən müstəqilliyə doğru” adlı hesabatın təqdimatı keçirilib. Hesabatın təqdimat mərasiminə xüsusi qonaq qismində dəvət edilmiş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov təqdim edilən tədqiqatın Azərbaycanda dini tolerantlığı və dövlət-din münasibətlərin əks etdirən və Avropa təşkilatları tərəfindən hazırlanmış ilk sənəd olması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bu hesabatın məhz Şərq Tərəfdaşlığının Vilnus Sammiti ərəfəsində və məhz Avropa Parlamentinin qərargahında təqdim edilməsi əlamətdardır.” “Bu hesabat ölkəmiz barədə Avropa Parlamentində səslənmiş obyektiv reallığa söykənməyən bəzi hesabatlardan fərqli olaraq Azərbaycanda dinlərarası tolerantlığın yüksək səviyyəsini obyektiv şəkildə əks etdirir” - deyən Dövlət Komitəsinin sədri Azərbaycandakı unikal dini tolerantlıq modelinin Avropada da İslamafobiya ilə mübarizə və multikulturalizmin inkışafı üçün nümunə ola biləcəyinə əmin olduğunu bildirib”.
Dini Komitə sədri Elşad İskəndərovun Gülən camaatının üzvləri ilə çəkdirdiyi iddia edilən fotolardan biri də Avropa Parlamentində Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış “Azərbaycan – tolerantlıq məkanı” adlı sərginin açılış mərasimində çəkilib. Rəsmi saytda bu barədə məlumat var.
“Avropa Xalq Partiyasının deputatı İnes Vaiderenin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təşkil edilmiş sərgidə məşhur fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri nümayiş etdirilib. Sərginin açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, Azərbaycan xalqının milli kimliyinin əsasında dayanan tolerantlıq ənənələri çoxəsrlik tariximizdən qaynaqlanır və bu ənənələr Azərbaycan dövləti tərəfindən qorunur və təşviq edilir. Prezident İlham Əliyevin “multikulturalizm və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir” sözlərini xatırladan Dövlət Komitəsinin sədri bildirmişdir ki, bu sərgidə nümayiş etdirilən tolerantlıq nümunələri bir tərəfdən bizim Avropa ilə ortaq dəyərlərimizin rəmzidirsə, digər tərəfdən Avropanın da Azərbaycanın verəcəyi töhfələrə ehtiyac duyduğunun göstəricisidir”.