إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Bu Nurçular, o Nurçulardan deyil..”

Son bir neçə ayda ölkə mətbuatını zəbt edən mövzulardan biri də ölkədə əməlli başlı “sprut” halına gəlmiş nurçular şəbəkəsi haqda məlumatlardır.

Onların KİV-ə, təhsilə, biznesə, hətta hakimiyyətə sızması haqda demək olar ki, hər gün mətbuatda bir birindən səs-küylü materiallar paylaşılırdı. Nəhayət 2 gün əvvəl Yasamal rayonunda “nurçu”ların 41 nəfərlik qrupunun ələ keçməsi və polisə aparılması haqda məlumatlar da yayıldı. Daha sonra isə Göyçayda “nurçuların” 60-70 nəfərlik toplantı keçirdikləri, hüquq mühafizə orqanlarının toplantı təşkil olunan evdən qadağan edilmiş kitablar və digər əşyalar aşkar etməsi barədə xəbər verildi. Lakin bu məlumatla  əlaqədar islam.az bir incə məqama aydınlıq gətirməyi zəruri hesab edir.

Ola bilər kimlərsə “ilanın ağına da lənət, qarasına da..” prinsipindən çıxış etsin. Amma həqiqət bundan ibarətdir ki, polisə aparılan qrupla, şəbəkələşməsi haqda əfsanələr gəzən “nurçu” qrupları tam fərqli bir şeydir.

Nurçuluq təriqətinin üzvləri Səid Nursinin davamçılarıdır. XX əsrin əvvəllərində yaşamış ilahiyyatçı Səid Nursinin əsərlərinə “Risaleyi-Nur külliyyatı” deyilir. Bunlar Səid Nursinin yazdığı kitablardan, məktublardan ibarət bir topludur. Nurçular, yəni Səid Nursinin davamçıları yalnız bu kitabları oxuyurlar və bu kitablarda yazılanlar əsasında özlərinin mənəvi yüksəlişlərinə doğru gedirlər. Lakin daha sonralar nurçu təriqətində parçalanmalar baş verib. Belə ki, uzun müddət yalnız Səid Nursinin kitablarını oxuyan bir qrupdan hazırda Fətullah Gülənin başçılıq etdiyi bir dəstə ayrılıb. Klassik ənənəyə sadiq qalanlara “klassik nurçu” və ya “sunqurçular” deyilir. Bu qrupun adı Mustafa Sunqurdan götürülüb. Bunlar “dərshanə” dedikləri yerlərdə, ibadətxanalarda, özlərinə məxsus özəl evlərdə oturub Səid Nursinin kitablarını oxuyurlar və bu kitablardan başqa bir şey oxumurlar. Cəlb olunan gənclərə də başqa kitabları oxumağı qadağan edirlər və deyirlər ki, bütün elm, Quranın təfsiri və hədislər bu kitablarda var.

Bu qrupun nümayəndələrinin heç bir ictimai fəaliyyətləri yoxdur. Onlar dərshanələr və özəl evlərindən başqa heç bir şəbəkəyə sahib deyillər. Əsas etibarı ilə hərə öz işi ilə məşğuldur. Bizim hazırda “nurçu” dediyimiz şəbəkənin bunlara bir aidiyyatı yoxdur.

Lakin  Fətullah Gülənin başçılıq etdiyi “nurçu” qrup bunlardan ayrılaraq hesab etdilər ki, təkcə dərsə getmək və təkcə kitab oxumaqla kifayətlənmək olmaz. Bunların əqidəsi budur ki, cəmiyyətə nüfuz etsinlər, şəbəkələşmə yaratmaqla gələcəkdə cəmiyyətə təsir etmə mexanizminə malik olsunlar.

Bu gün böyük məktəblər şəbəkəsi, media şəbəkəsi, Türkiyədəki kurslar, dərshanələr, qəzetlər, telekanallar, biznes şəbəkələrinin bir çoxu məhz “gülənçilər” deyilən qrupa məxsusdur.

Təəssüf ki, bizim mətbuatda müasir nurçularla sunqurçuları qatışdırırlar. Sunqurçuların  şəbəkələşməsi yoxdur, yalnız dərshanələri və özəl evləri var.

Bu yaxınlarda Bakıda, Yasamal rayonunda həbs olunan qrup da məhz sunqurçulardır.

Əlbəttə, qanunsuz və Azərbaycanın ənənələrinə zidd hər bir dini fəaliyyətin qarşısı alınmalıdır. Amma bizcə hər şey öz adı ilə adlandırılmalı, eyni zamanda, bir təhlükə mövcuddursa, başqa qrupu vurmaqla yox, həqiqi təhlükəni aradan aparmaqla neytrallaşdırmaq lazımdır.

islam.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Aprel, 2014  18:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!