إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dini maarifləndirmə sahəsində kompleks tədbirlər həyata keçirəcək.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dini maarifləndirmə sahəsində kompleks tədbirlər həyata keçirəcək. Bu barədə Trend-ə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, ölkəmizdə həyatın bütün sahələrində olduğu kimi, dini-mənəvi sahəni də əhatə edən kompleks tədbirlər dövlətin qayğı və dəstəyi sayəsində həyata keçirilməkdədir. Bütün bu tədbirlər dini ibadətgahların təmiri, bərpası və tikintisi daxil olmaqla, dindarların ibadət imkanlarını və "Dini etiqad azadlığı haqqında" Qanunla təsbit olunmuş hüquq və azadlıqlarını yüksək səviyyədə gerçəkləşdirməsini ehtiva edir.

QMİ bildirir ki, dövlətin qayğı və diqqəti dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyət imkanlarının da yüksəlməsinə dəlalət edir. Bu, öz növbəsində, dini maarifləndirmə işinin genişləndirilməsi istiqamətində fəaliyyətin daha da intensivləşdirilməsinə öz töhfəsini verir: "Azərbaycanın tarixən formalaşmış mədəni, dini dəyərlərini, milli-mənəvi maraqlarını qorumaq və onu layiqli şəkildə gələcək nəsillərə çatdırmaq hamımızın Allah və Vətən qarşısında borcumuzdur. Bu amaldan çıxış edərək, QMİ bir sıra tədbirlər həyata keçirməkdədir. Bunların sırasında din xadimlərimizin milli-dini dəyərlərimizin təbliğini yüksək səviyyədə həyata keçirməsini təmin etmək istiqamətində addımlar, habelə dini mövzuda maarifləndirici ədəbiyyatın nəşri xüsusi yer tutur".

Məlumatda deyilir ki, 70 ildən artıq bir zaman kəsiyində dini dəyərlərdən zorla uzaqlaşdırma cəhdlərindən sonra bu dəyərlərin dirçəldilməsi nə qədər böyük önəm kəsb edirsə, müstəqillik dönəmində mənəvi mühitimizə olan təcavüz və basqılar onu bir o qədər vacib edir: "Məlum olduğu kimi, Azərbaycan dövlət müstəqilliyini qazandığı zamandan etibarən mənəvi həyatımıza müxtəlif məram və məqsədlərlə müdaxilə halları mövcud olub. Nəticə etibarilə, dini zəmində qarşıdurma, məzhəb ayrıseçkiliyi yaratmağa yönəlik bu cür müdaxilələrin dövlətçiliyin əsaslarını zədələməyi, cəmiyyətdə vətəndaş həmrəyliyini pozmağı hədəf alması şübhəsizdir. Azərbaycan milli və dini tolerantlığı ilə seçilən və dünyada tanınan bir ölkədir. Biz bu ənənələri hər zaman uca tutur, onu qoruyub saxlamağı vacib sayırıq. Ölkəmizin tərəqqisi milli həmrəyliyimiz və mənəvi sabitliyimizdən xeyli dərəcədə asılıdır. Odur ki, bu istiqamətdə maarifləndirmə işinə böyük ehtiyac duyulur".

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Aprel, 2014  13:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!