إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Bismillah” ayəsinin təfsiri

“Bismillahir-Rəhmanir-Rəhim”, yəni “Bağışlayan və Mehriban Allahın adı ilə”. Quran-i Kərimi açdıqda oxuduğumuz ilk ayə məhz budur.

Hz.Peyğəmbərdən(s) nəql olunan bir hədisdə belə deyilir: “Müəllim şagirdə dərs keçib elm öyrədəndə uşaq “Bismillahir-Rəhmanir-Rəhim” - deyir. Bu zaman Allah Təala uşağın, onun ata-anasının və o müəllimin cəhənnəm odundan azad olmasını imzalayırr”. Digər hədisdə Rəsuli-Əkrəm(s) buyurub: “Hər hansı bir mühüm iş Allahın adı ilə başlanmazsa, naqis və yarımçıq qalar”.

Müxtəlif xalqların ənənələrinə nəzər salanda görürük ki, onlar hansısa mühüm işə öz rəhbərlərinin adı ilə başlayır. Həmin işi rəhbərin adı ilə bağlayırlar. Müsəlmanlar üçün isə əzəli və əbədi vücud, mütləq hakim, uca məbud yalnız Allahdır. Buna görə də hər hansı işə başlamazdan əvvəl biz “bismillah” kəlməsini işlədirik. Onda Allah öz lütfünü bəndənin üzərinə nazil edər. Sonuncu səmavi kitab, Qiyamətə qədər bəşəriyyətin yolgöstərəni olan Quran-i Kərim də elə bu ayə ilə başlayır.  Allah-təala Öz peyğəmbəri Hz.Muhəmmədə(s) ilk vəhyi nazil edəndə əmr edir ki, ağır peyğəmbərlik vəzifəsinə Onun adı ilə başlasın: “Öz Rəbbinin adı ilə oxu!” (“Ələq” surəsi, 1-ci ayə). Bəşəriyyətin haqqa və səadətə yönəlməsi yollarından ibarət Quranın əsl hədəfi müvəffəqiyyətlə həyata keçirilsin deyə, doqquzuncu surə istisna olmaqla, Allah bütün surələri “bismillah”la başlayır.

Ayənin əvvəlində ilk növbədə “isim” kəlməsi işlənir. Ərəb ədəbiyyatı mütəxəssislərinin fikrincə, bu sözün əsli “sümuvv”, yəni “ucalıq” kəlməsindən gəlir. Bu o mənada yozula bilər ki, söz ad qoyulmaq vasitəsilə məna kəsb edir.

“İsim” kəlməsindən sonra ləfzi-cəlalə adlanan “Allah” sözü ilə qarşılaşırıq. Bu Allahın adları arasında ən geniş mənanı ifadə edən isimdir. Çünki dini mənbələrdə göstərilən digər İlahi adlar Allahın gözəl sifətlərindən yalnız bir hissəsini çatdıra bilir. Ancaq bütün sifətləri əhatə edən yeganə ad yalnız “Allah”dır. Bu səbəbdən əksər hallarda sair adlar “Allah” kəlməsi üçün sifət qismində işlənilir. Məsələn, “Həqiqətən Allah Ğəfur (Bağışlayan) və Rəhimdir (Mehribandır)” ayəsində bu üslubdan istifadə olunur. “Allah” kəlməsinin özündə bütün mənaların əks olunmasına digər dəlillərdən biri də “la ilahə illəllah” (Allahdan başqa məbud yoxdur) cümləsidir. Yəni Allahın təkliyinə iman gətirdiyinə şəhadət verən şəxs bu cümləni dilə gətirir. Amma “la ilahə illəlxaliq” (“Yaradandan başqa məbud yoxdur”) və ya “la ilahə illərraziq” (“Ruzi verəndən başqa məbud yoxdur”) kəlmələri tohidə iman gətirilməsini kifayət qədər göstərməz.

Daha sonra ayədə gələn kəlmələr “Rəhman” və “Rəhimdir”. Allahın bu gözəl sifətləri “rəhmət” sözündan alınmışdır. Təfsir alimlərinə əsasən, “Rəhman” dedikdə Allah Təalanın ümumi rəhməti nəzərdə tutulur. Allahın rəhməti geniş və sonsuzdur. O, hər şeyi əhatə edir. İlahi rəhmətdən hamı istifadə edir. İstər mömin bəndə, istərsə də kafir. Məxluqatın növündən asılı olmayaraq hamı İlahi nemətlərdən bəhrələnir: işıq, hava, su, ruzi və s. Ancaq bütün bunlar dünyaya aiddir. Qiyamət günündə isə Allah yalnız insanların əməllərinə görə onlara rəhm edəcək. Dünyada etdikləri saleh işlərin nəticəsində insanlar Axirətdə İlahi rəhmətə qovuşacaqlar  Allah-Təalanın bu rəhməti Rəhim sifətilə bağlıdır.

Sözümüzü əziz  Peyğəmbərimizin(s) hədisi ilə bitirmək isdərdik: “Həqiqətən Allahın yüz rəhməti vardır və O, yalnız birini yer üzünə nazil etmiş və məxluqat arasında bölüşdürmüşdür. Məhz bu rəhmətlə insanlar bir-biri ilə ülfət, ünsiyyət bağlayır və rəhmli olurlar. Yerdə qalan doxsan doqquzunu isə Özü üçün saxlamışdır. Onların vasitəsilə Qiyamət günü Öz bəndələrinə rəhm edəcəkdir”. 

Samir

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Sentyabr, 2011  04:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!