Kərbəlanın qadın qəhrəmanı Xanım Zeynəbi-Kubra (ə) hicrətin 5-ci ili Cəmadiul-əvvəl ayının 5-i anadan olmuşdur. O, Həzrət Əli (ə) və Xanım Fatimə (s.ə)-nın qızıdır. Zeynəb adını ona babası Muhəmməd Peyğəmbər (s) vermişdir.Bu adın mənası: «atasının zinəti» deməkdir.
Xanımın tanınmış ləqəbləri bunlardır: Arifə, Muhəddisə və Alimə.
Babasının İslam Peyğəmbəri, atasının İmam Əli(ə) və anası Zəhra(s.ə)-nın ən şərafətli xanım olması xanım Zeynəbi İslamın buyurduğu bütün kamil tərbiyyə və əxlaqi keyfiyyətlərlə böyüməsinə imkan verirdi.
Belə bir möhtəşəm elm şəhərində ərsəyə çatıb kamilləşmiş, ibadətin ruhiyyəsini,hikmətini mənimsəmiş Xanım Zeynəbin elmi,biliyi,mənəviyyatı təsəvvüredilməz yüksəkliklərdə pərvazlanırdı.
O Həzrətin həyatının ən mühüm və ən əzəmətli dövrü İmam Huseynin (ə) eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Buna görə də Xanım Zeynəbin həyat tarixini Kərbəlasız təsəvvür etmək mümkün deyil. Çünki Zeynəb (s.ə) qəhrəmanlığını, cəsarətini, şücaətini tam aydınlığı ilə Kərbəla qiyamında və bu mübarizədən sonrakı dövrdə görə bilərik. Bir sözlə, «Aşura» qiyamını Zeynəbsiz ,Zeynəbi (s.ə) isə bu qiyamsız təsəvvür etmək mümkün deyil. Kərbəla vaqiəsinə, həmçinin bu hərəkatdan sonrakı dövrə nəzər saldıqda Xanımın özünəməxsus əzəmətinin şahidi oluruq.
Xanım Zeynəb (s.ə) bu müsibətlər qarşısında nəinki sarsılmadı,əksinə müqavimət göstərib mübarizəni davam etdirdi.Zeynəb(s.ə) bu dəhşətlərin qarşısında,tükənməz səbri və yenilməzliyi ilə əbədi olaraq şücaət,və dözümlük simvoluna çevrildi. Aşura günü:«İlahi,bu qurbanı bizdən qəbul et» deməsi Xanımın Allaha olan bağlılığından, məhəbbətindən xəbər vermirmi.
Aşura faciəsindən sonra əsir götürülən Peyğəmbər Əhli-Beyti işgəncələrlə Kufəyə gətirilir.Xanım Zeynəb Kufəlilərin bayram içində şadlıq etdiyini görüb işarə işarə onları sakitləşdirərək Allaha həmd-səna etdikdən, Peyğəmbər və pak Əhli-beytinə salam-salavat göndərdikdən sonra buyurdu:
«Ey Kufə camaatı! Ey hiyləgər və xəyanətkar xalq! Gözlərinizin yaşı heç vaxt qurumasın. Nə andınıza etibar etmək olar, nə də bağladığınız peymana…
Axirət üçün pis azuqə hazırlamısınız- Allah qəzəbi və Cəhənnəm əzabıüçünmü ağlayırsınız!
Qazandığınız çirkinliklərə niyə də ağlamayasınız!...
Peyğəmbər balası, Behişt cavanlarının ağası, həmçinin yolunuzun çırağı və çətin gününüzün dostu olan bir insanı öldürməkdən pis hansı çirkinlik ola bilər?!...
Amma bilin ki, Axirət əzabı çətin olacaq. Əgər etdiyiniz işə görə Allah tərəfindən hələ cəza almamısınızsa, rahatlanmayın! Allah günahın cəzasını dərhal vermir, lakin məzlumların qanını da yerdə qoymur. Allah hər şeyin hesabını çəkəcəkdir!»
Bu xütbənin təsirindən qəflət yuxusundan oyanan kufəlilər Əhli-beytə qarşı bu böyük cinayətdə onların da əli olduğunu anlayıb fəryad etdilər.
Bundan daha artıq təəccüblüsü isə Kufə valisi İbn Ziyadın və Şamda zəmanənin xəlifəsi Yezidin sarayında baş verən hadisələr idi. Xəlifəlik vəzifəsini qəsb etmiş Yezid əsirlərin gözü qarşısında İmam Huseynin (ə) mübarək başını qarşısına qoymuş, qələbəni qeyd etmək fikrindədir. Belə bir şəraitdə xanım Zeynəbin (s.ə) səsi düşmən nizələri və zəncirləri arasından eşidilir ki, bu səs Bəni-üməyyənin əməllərini ifşa edib onları rüsvay edir. Əlbəttə bu işdə İmam Səccadın (ə)ın da böyük rolu olmuşdur.
Beləliklə, nübuvvət bağçasının bu ətirli çiçəyi zülm tufanının gözləmədiyi bir dözümlüklə bütün bəlaları arxada qoydu. İndi bu baxçada bitən minlərlə yeni çiçək ləçəkləri qəmdən bükülmüş lakin həqiqi gözəlliyin və İslamda qadın simasının ən bariz nümunəsi olan qəm qəhrəmanı Zeynəbi (s.ə) sevgi və göz yaşları ilə xatırlayır və onun qarşısında azadlıq mücəssəməsi tək baş əyirlər.