إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bahar Muradova Azərbaycandakı nurçu deputatlardan danışdı

Azərbaycan Milli Məclisində 20-yə yaxın millət vəkilinin Türkiyədə olan nurçular cərəyanı ilə əlaqədar olması ilə bağlı iddialara parlamentin vitse-spikeri Bahar Muradova da rəy bildirib. O, bildirib ki, nurçu deputatlarla bağlı fikirlərin parlament tribunasına qədər gəlib çıxmasına təəssüf edir. “Mətbuatda səslənən əksini tapan bu və ya digər informasiyaların hamısı ilə bağlı şərh verməyin lazım olduğunu düşünmürəm. Çünki bu məsələlərə, belə məlumatlara şərh vermək üçün kifayət qədər informasiyalı olmalısan. Ən azı bunun haradan qaynaqlandığını, hansı hədəfə yönəldiyini və işin nə yerdə olduğunu bilməlisən. Çox təəssüf ki, bu məsələ ilə əlaqədar konkret bilgilərə malik deyiləm. Eyni zamanda bu fikirlərin parlamentin tribunasına qədər gəlib çıxmasına da təəssüf edirəm. Çünki mətbuatda səslənən fikirlərə aidiyyatı şəxslər elə mətbuatda cavab verməlidirlər və aydınlıq gətirməlidirlər”. Qeyd edək ki, parlamentin fevralın 25-də keçirilən iclasında millət vəkili Zahid Oruc son vaxtlar 20-yə qədər azərbaycanlı deputatın “Fətullah Gülən camaatı”nın üzvü olması, onlara hər ay vəsait ödənilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirmiş və bunu Azərbaycan deputatlarına qarşı təxribat adlandırmışdı. Azərbaycanda çox ciddi şəkildə mövqelərini möhkəmləndirdiyi iddia olunan nurçuların siyasi dairələrdə himayədarlarının olduğu və “Gülən camaatı” tərəfindən həmin deputatlara aylıq maaş kəsildiyi də iddialar sırasındadır. Bunun müqabilində həmin millət vəkilləri guya, nurçuların Azərbaycanda maraqlarını təmin etməkdədirlər. Həmçinin 40-a yaxın dövlət məmurunun da nurçularla müxtəlif formada əlaqədə olduğu deyilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Fevral, 2014  17:14 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!