إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İmam Cəfər Sadiq(ə)

Bəqi qəbirstanlığı, Mədinə

“Ondan üstün bir şəxsi nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də heç kimin fikrinə belə gəlməmişdir”

Həyatına qısa baxış

İmam Cəfər (ə) əziz Peyğəmbərimizin (s) vəfatından təxminən yetmiş il sonra, hicrətin 83-cü ili Peyğəmbərin (s) dünyaya gəldiyi gün müqəddəs Mədinə şəhərində İmam Baqirin (ə) və xanım Ümmü-Fərvənin ailəsində dünyaya göz açıb. Hicrətin 114-cü ilində 31 yaşında ikən atasının zəhərləndirilməsindən sonra İmamət məqamına yetişmişdi. İmam Mühəmməd Baqirin (ə) dövründə Əməvi  və Abbasi sülalələri arasında başlayan hakimiyyət davası İmam Sadiq (ə) dövründə də davam edirdi. Bu ədavət sayəsində xilafət daxilində şiələrə qarşı təqiblərin xeyli zəifləməsindən istifadə edən hər iki İmam (ə) İslam maarifinin yayılmasına xüsusi diqqət yetirmişlər. Məhz İmam Baqirin (ə) dövründə başlayan pərakəndə dini biliklərin elmi konsepsiya formasına salınması prosesi İmam Sadiqin (ə) dövründə başa çatmışdı. Hər iki İmamdan nəql olunan hədislər sayca Rəsuli-Əkrəm (s) və digər on imamdan nəql olunan hədislərdən çoxdur.
Ümumiyyətlə, İslam firqələrinin formalaşması bu dövrə təsadüf edir. İmam Cəfər Sadiqin (ə) müxtəlif firqə (istər islami, istərsə də qeyri) nümayəndələri ilə bəhsləri bu gündə əlimizdə olan ən qiymətli elm əsərləri hesab olunur. İmamın (ə) ən məşhur yadigarı isə “Tohidi Müfəzzəl” risaləsidir. Belə ki, İmamın (ə) Müfəzzəl ibn Ömər adlı tələbəsi onun dörd gün ərzində oxuduğu  yaradılış tarixi və fəlsəfəsi barədə mühazirələrini qələmə almış və kitab şəkilinə salmışdır.
İmam Cəfər Sadiqin (ə) məşhur tələbələrindən biri əbu Musa Cabir ibn Həyyan Tərtusidir. O, beş yüz risalədən ibarət kitab yazmışdır. Cabirin kimya sahəsində araşdırmaları orta əsrlərdə Avropada kimya sahəsində əsas mənbələrdən biri hesab olunub və bu gün də alimlərin diqqətini cəlb etməkdə davam edir.
İmam Sadiqin (ə) yetişdirdiyi ən üstün tələbəsi isə Hişam ibn Həkəm olub. Hişam Haqq axtarışına uzun zaman həsr etmiş, ancaq mövcud məktəblərdə öz suallarının cavabını tapmayaraq İmam Sadiqlə (ə) görüşmüşdü. Bir neçə bəhsdən sonra o, Həzrət Cəfər Sadiqin İmamətini qəbul etmiş və ömrünün sonuna qədər özünü Əhli-Beyt(ə) məktəbinə həsr etmişdir. Hişamın Tohid, qəzavu-qədər, İmamət və s. mövzularda otuza yaxın əsəri döv- rümüzə qədər gəlib çatıb.

Qeyd olunmalıdır ki, İmam Sadiq (ə) digər imamlarımız (ə) kimi zaman-zaman müxtəlif qiyamçılar tərəfindən hakimiyyət təklifi almışlar. Ancaq xilafət əhalisinin əksəriyyətinin həqiqətən də İslam dəyərlərinə arxalanan cəmiyyətdə və Əhli-Beyt(ə) İmamlarının rəhbərliyi altında yaşamaq istəməsi şübhə altında idi. İmam (ə) da bu səbəbdən bu cür təkliflərdən imtina etmişdi. Çünki həqiqi İslam hökuməti yalnız bütün xalqın razılığı və dəstəyi ilə qurula bilərdi. İmamın (ə) dövründə əsasən iki məşhur qiyamı – Zeydin və Abbasilərin qiyamını xüsusi qeyd etmək olar.
İmam Sadiq (ə) öz tərəfdarlarını həmişə təhriflərdən pak bir İslama dəvət edirdi. Bu da xilafətin mövqeyini dəstəkləyən fəqihlərin, qondarma müftilərin və eləcə də onların arxasında duran hakimlərin etirazına səbəb olurdu. Çünki həqiqi İslam onların təbliğ etdiyi və faydalandığı  dindən uzaqdır və camaatı öz haqlarını tələb etməyə təşfiq edirdi. Odur ki, İmam Sadiq (ə)-ın qoyduğu  dərslər bir cəhətdən də hakim təbəqənin ideoloji  prinsip- lərinin sarsılmasına yönəlmişdi. İmamın (ə) ictimai fəaliyyətinin tərkib hissəsi olan digər cəhət isə xilafətin müxtəlif bölgələrinətəbliğməqsədilə nümayəndələr göndərməsi idi.

İmam Sadiq (ə) həyatı boyu təzyiq və təqiblərə məruz qalıb. Hələ atasının sağlığında Əməvi  xəlifəsi Hişamın əmri ilə Həzrət Dəməşqə sürgün olunmuşdu. Daha sonra Abbasi xəlifələri Səffah və Mənsurun əmri ilə İmam (ə) iki dəfə sürgünə göndərilmişdi. O, Mədinəyə qayıtdıqdan sonra təqiyyə (öz əqidəsini gizlətmək) edərək yaşamışdır. Hicrətin 148-ci ilində (təqribən miladi 77-ci il) 65 yaşında ikən İmam Sadiq (ə) xəlifə Mənsurun təhriki ilə zəhərləndirilərək şəhid edilmişdir. İmamın mübarək məzarı Mədinədə, Bəqi qəbiristanlığında yerləşir.

Siyasi durum və təfriqələr

Yuxarıda qeyd olunduğu  kimi, İmam Sadiqin (ə) həyatı Əməvi  sülaləsinin süqutu və Abbasi xəlifələrinin hakimiyyətə gəlməsi dövrünə təsadüf edib. Bu proses hələ daha öncəki illərdə başlamış və uzun illər davam etmişdir. Belə ki, Həzrət Cəfər Sadiq (ə) beş Əməvi  və iki Abbasi xəlifəsi ilə həməsr olub. Hişam ibn Əbdülməlik Əməvinin (105-125 h.q.) xilafəti zamanı Abbasi sülaləsi Orta Asiya və Xorasan əhalisinin zalım rejimə qarşı narazılığından istifadə edərək hakimiyyət uğrunda mübarizəyə qalxmışdı. Sonuncu Əməvi  xəlifəsi zamanı bu qarşıdurma nizamlı silahlı mübarizəyə çevirilmiş və 132-ci h.q. ilində (təqribən miladi 754-cü il) Abbasilərin qələbəsi ilə nəticələnmişdir.
Hələ Əməvilərin hökuməti zamanı İmam Sadiqin (ə) əmisi Zeyd (İmam Zeynul-Abidinin (ə) oğlu) qiyam edir. İslam mənbələrində Zeydin şəxsiyyəti barədə müxtəlif məlumatlar yer alsa da, tarixçilər onu İmam Cəfərin (ə) sadiq tərəfdarı kimi qəbul edir. Zeyd ibn Əli ibn Hüseyn öz qardaşı oğlu Həzrət Cəfəri Sadiqi (ə) İmam bilərək qiyam etməmişdən öncə onun hüzuruna gəlib məsləhət istəyir. İmam (ə) isə Zeydə qiyam etməyi məsləhət görür və ona şəhid olacağını xəbər verir. Zeyd Kufəyə gələrək qoşun yığır və qiyama qalxır. Xəlifə qoşunu ilə qiyamçılar arasında döyüş nəticəsində Zeydin qoşunu məğlub olur, onun özü isə aldığı  yara nəticəsində şəhid olur. İmam Sadiq (ə) buyurmuşdur ki, əgər Zeyd qalib olsa idi, mütləq İslam hökumətini İmama (ə) verəcəkdi. 
İmam Baqir (ə) və İmam Sadiqin (ə) mübarək imamətləri zamanı Əməvilər hökuməti siyasi böhran yaşadığından Əhli-Beyt (ə) tərəfdarlarına təzyiq etməyə fürsət tapmırdı. Xəlifələrin özbaşınalığı, camaatın malını qəsb eləməsi, şəriətə müxalif hərəkət etmələri kütləvi narazılıüa səbəb olmuşdu. Digər tərəfdən Abbasi sülaləsi hakimiyyətə gəlmək üçün Əhli-Beyt(ə) intiqamınının alınması pərdəsi altında gizlənirdi. Qiyam rəhbərləri Həzrət Mühəmməd (s) nəslindən birini hakimiyyətə gətirəcəklərini bəyan etsələr də, həmin şəxsin kim olacağını açıqlamırdılar. Abbasi klanının Peyğəmbərin (s) əmisi Abbasın nəslindən olması və zahirən Əhli-Beyt (ə) hakimiyyəti qurmaq istəməsi camaatda müəyyən qədər inam yaradırdı. Bu səbəbdən də onların mübarizəsi uğurla nəticələndi.
Diqqətəlayiq məqamlardan biri Abbasi qiyamının rəhbərlərinə İmamın (ə) münasibətidir. Abbasilər heç zaman, hətta Əməvilərə qarşı mübarizə zamanı Əhli-Beyt (ə) imamları tərəfindən dəstək almamışdılar. Bunun başlıca səbəbi isə həmin qiyamın əsas hədəfinin xilafətdə İslam dəyərlərinin bərqərar olunmasına deyil, hansısa qrupun şəxsi mənfəətinə yönəlməsi olmuşdu. Odur ki, qiyam rəhbərlərindən biri Əbu Müslim İmama (ə) gələcəkdə xilafət başına keçməsini təklif edərkən Həzrət Sadiq (ə) rədd cavabı vermişdi.
Abbasi hakimiyyətinin əvvəl illərində durum o qədər də acınacaqlı deyildi. Ancaq bu vəziyyət çox çəkmədi. Xəlifə Mənsur (137-158 h.q.) Əhli-Beyt(ə) tərəfdarlarına qarşı öz qəddarlığı ilə bütün Əməvi  xəlifələrini ötüb keçmişdi. Onun dövründə Ələvilər (şiələr) həbs olunub zindanlara atılır, işgəncə edilir, öldürülür, diri-diri divar və bünövrələrdə hörülür, diri-diri yerə basdırılırdı, onlar yaşayan ərazilərdə soyqırım siyasəti aparılırdı. Mənsurun ən böyük cinayətlərindən biri də Mədinə əhli onun zorakılıq üzərində qurulmuş qeyri-qanuni hakimiyyətini qəbul etməməsindən Peyğəmbər (s) şəhərini iqtisadi blokadada saxlaması idi.

Digər məzhəblərlə münasibət

Dini rəy və fətvalar yalnız Əhli-Beyt (ə) davamçıları arasında özünə fəlsəfi baxım almışdı. O zaman bütün xilafətdə elmi-fəlsəfi tədqiqat və bəhslər geniş vüsət tapmışdı. Müxtəlif dini və fəlsəfi təriqətlərin yaranması da elə bu dövrə təsadüf edir. İslamda əsl fəlsəfi üsula arxalanan məktəb isə Mədinədə, İmam Sadiqin (ə) rəhbərliyi ilə yaradılmışdı. Onun dərslərində nəinki İslam məzhəblərinin başçıları, həmçinin ölkənin müxtəlif yerlərindən gələn və müxtəlif fəlsəfi cərəyanları təmsil edən alimlər də iştirak edirdi. Bəsrə fəlsəfi məktəbinin banisi Həsən Bəsri, Hənəfi məzhəbinin banisi Əbu Hənifə və mötəzilə məzhəbinin banisi İbn Əta da o Həzrətin (ə) dərslərindən faydalanıblar.
İmam Cəfər Sadiq (ə) öz fövqəladə elmi sayəsində digər firqələr arasında da böyük hörmətə malik idi. Əhli-Sünnənin məzhəb imamlarından biri, məşhur alim Əbu Hənifə deyib: “Mən Cəfər ibn Muhəmməddən (ə) savadlı şəxs görməmişəm”. Əbu-Hənifə xəlifə Mənsurla görüşünü xatırlayaraq demişdi ki, xəlifə ona İmam Sadiqlə (ə) görüşəcəyini xəbər vermiş və həmin görüşdə İmama çətin suallar hazırlamasını tapşırmışdı. Bu cür də oldu. Əbu Hənifə qırx dənə çətin məsələ hazırlayaraq İmam Sadiqlə (ə) xəlifənin yanına gəldi. Bütün suallarına cavab aldıqdan sonra İmam (ə) barədə belə söylədi: “O, insanların ən alimi, onların fiqhi məsələlərə aid olan ixtilaflarını bilən ən agah adamdır”.
Əhli-Sünnənin digər məzhəb imamı, zəmanəsinin görkəmli fəqihlərindən biri Malik belə deyir: “Bir müddət Cəfər ibn Mühəmmədin (ə) yanına gedib-gəlirdim. Onu daima bu üç halda görürdüm: ya namaz qılırdı, ya oruc tuturdu, ya Quran oxuyurdu. Onu dəstəmazsız hədis danışan görmədim. Elm, ibadət və təqvada Cəfər ibn Muhəmməddən (ə) üstün bir şəxsi nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də heç kimin fikrinə belə gəlməmişdir”.
İmamın (ə) elmi bütün müsəlmanlara bəlli idi və onun səs-sədası hər tərəfə yayılmışdı. Dövrün ən məşhur fəqih və mühəddislərindən (hədis alimləri)  olan Yəhya ibn Səid, İbn Cərih, Malik, Süfyan Suri, Süfyan ibn Üyeynə, Əbu Hənifə, Şübə və Əyyub Sicistani kimi alimlər o Həzrətdən (ə) hədis nəql etmişlər.


salaminfo.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Oktyabr, 2009  06:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!