إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Abidlərin zinəti

“... Bizim vəziyyətimiz o qədər ağır və çıxılmazdır ki,camaat minbər başında oturub bizim əzizimizi söyərək düşmənlərimizlə dostluq edirlər”

Dördüncü imamımız Həzrət Əli ibn Hüseyn (ə) hicrətin 38-ci ilində (təqribən miladi 659-cu il) dünyaya göz açıb. İmamın məhşur ləqəbləri Səccad (çox səcdə edən) və Zeynul-abidin (abidlərin zinəti) olub. O Həzrət atası İmam Hüseyn (ə) Kərbəlada şəhid edildikdən sonra təqribən 21 yaşında ümmətə rəhbərlik etməyə başlayır. Imam Səccadın (ə) imamət dövründən imamaların (ə) tarixində yeni mərhələ başlayır. Kərbəla hadisəsindən sonra imamlarımız (ə) İslam maarifinin yayılması və cəmiyyətdəki fəsadla mübarizəyə başlayırlar. Bu baxımdan İmam Səccad (ə) olduqca ağır bir zəmanədə yaşamış, İslam tarixin ən dəhşətli hadisələrinin şahidi olmuşdu.

İmam Səccad (ə) Kərbəla faciəsində

Muaviyənin zalım hakimiyyətinin nəhayəti xilafəti səltənətə çevirərək İslam dövlətində hakimiyyəti irsi etməsi oldu. Muaviyənin vəsiyyətinə əsasən onun ölümündən sonra xəlifə onun oğlu Yezid olmalı idi. Fasiq və zalım Yezid Allah Rəsulunun (ə) xəlifəsi elan olundu. Bütün xəlifələrin dövründə Əhli-Beyt (ə) qiyam edib İslam dövlətinin daxildən parçalamaqdansa sükut edib dinc mübarizə aparmaqla kifayətlənirdilərsə, Yezidin hakimiyyətə gəlməsi və xilafıtin Əməvi monarxiyasına çevirilməsi vəziyyəti dəyişdi. Artıq İslam dövlətçiliyinin mahiyyəti aradan gediri, zahiri qayda qanunlar da tapdalanır, dinə bidətlər gətirilir və Peyğəmbər (s) sünnəsinə xəyanət olunurdu. Qəflət yuxusuna varmış müsəlmanlar isə bu hadisələ laqeyd idilər. Dini və İslam dövlətini qorumaq üçün, insanları qəflət yuxusundan ayıtmaq üçün Peyğəmbərin (s) yadigarı olan Əhli-Beyt (ə)İmam Hüseynin (ə) başçılığı ilə hicri 61-ci ildə qiyama qalxdı. Yezidin tapşırığı ilə Peyğəmbər (ə) ailəsinin əksər kişiləri qətlə yetirildi, qadın və uşaqları isə əsir götürüldü.

Atasının qiyamına qoşulan İmam Səccadın (ə) həmin zaman təqribən 22-23 yaşı var idi. İmam Səccadın hər iki qardaşı - 25 yaşlı Əli Əkbər və altı aylıq Əli Əsğər də - Kərbəlada şəhid oldu. Həzrət Zeynul-abidin (ə) Peyğəmbər nəslinin və imamlar sülaləsinin davamçısı olduğuna görə Allah Təala həmin müddətdə ona şiddətli xəstəlik göndərir ki, döyüşlərdə iştirak ona vacib olmasın və onun canı amanda qalsın. Beləki, İmam Hüseyn (ə) şəhid olandan sonra Yezidin qoşunu Əhli-Beytin (ə) xeymələrinə hücum etdi. Şimr İmam Səccadı (ə) xəstə yatağında şəhid etmək istədiyi zaman yaxınlıqda olan insanlar ona tənə vurdular ki, xəstəni öldürməzlər və Şimri bu fikirdən çəkindirdilər.

Əsirlər inqilabı

Kərbəla şəhidləri böyük bir inqilab etmişdirlərsə Kərbəla əsirləri həmin inqilabı yaşatmışlar. Daha doğrusu deyərdik ki, İmam Hüseynin (ə) inqilabı iki hissədən ibarət idi - şəhidlik və əsirlik - və ikinci hissənin əhəmiyyəti birinci hissədən heç də az deyil.  Peyğəmbər (s) ailəsinin qətliamından sonra sağ qalmış qadın və uşaqları, həmçinin İmam Səccadı (ə) əli qandallı üryan dəvələr üstündə şəhər-bə-şəhər dolandıraraq Şama, xəlifənin sarayına apardılar.

Xanım Zeynəblə (s) İmam Səccad (ə) əl-ələ verib Kərbəla həqiqətlərini və İmam Hüseynin (ə) amalını camaata çatdırırdılar. Yezid bu rüsvayçılığı tarixdən pozmaq istəsə də, məhz İmam Zeynul-abidinin başçılığı ilə əsirlərin təbliğatı yezidin planlarını puça çıxartdı, Kərbəla hadisəsinin səs-sədası bütün xilafətə yayıldı və bu günümüzə kimi İmam Hüseyn (ə) məktəbi diri qaldı. Əsirlər karvanı Kufəyə yetişdikdə şəhər əhli əsirlərə baxmaq üçün toplaşdı. Xanım Zeynəbin (s)barmağının işarəsi ilə bir anda sakitləşən camaatın diqqəti Rəsuləllahın (s) əziz nəvəsi olan bu əzəmətli xanıma yönəldi. Xanımın məhşur Kufə xütbəsindən sonra  İmam Səccad (ə)  qısa nitq söylədi: "Camaat, məni tanıyan tanıyır, tanımıyana isə özümü tanıtdıraram. Mən Əbu Talibin oğlu Əlinin oğlu Hüseynin oğlu Əliyəm. Mən hörmətini sındırdığınız, mal-dövlətini qarət etdiyiniz və qohum əqrəbasını əsir etdiyiniz şəxsin oğluyam... Bu mənim üçün böyük fəxrdir. Camaat, siz mənim atama məktub yazmadızmı?... Onunla əhd-peyman bağladıqdan sonra onunla vuruşmağa başlamadızmı?... Əgər Allahın Peyğəmbəri sizə desə ki, siz mənim övladlarımı öldürdüz, mənim hörmətimi sındırdız - siz mənim ümmətimdən deyilsiz, nə üzlə ona baxarsız?"

Hamının bu sözlərdən narahatlığından səs-küy qalxdı. İmam (ə) buyurdu: "Mənim nəsihətlərimi qəbul edən və dediklərimi Allaha və Peyğəmbərinə (s) xatir qulağına sırğa edən şəxsi Allah bağışlasın. Bizim davranışımız Peyğəmbərin (s) davranışı kimi olmalıdır..." Camaat İmama (ə) müraciət edərək səslədi: "Ey Peyğəmbər (s) balası! Biz sənə qulaq asır, sənə itatət edib sənə vəfadarıq..." İmam buyurdu: "Əsla! Ey hiyləgərlər!... Əcdadımla etdiyiniz rəftarı mənimlə də etmək istəyirsiz?... Sizdən istəyirəm ki, nə bizdən nə də bizim əleyhimizə olasız!"

Kufədə olarkən xanım Zeynəblə (s) İmam Səccad (ə) şəhərin valisi İbn Ziyadla da bəhs edirlər. Xanım Zeynəblə (s) danışdıqdan sonra İbn Ziyadın gözü xəstə halda olan İmam Səccada (ə) sataşır. İmamın (ə) onunla danışıq tərzindən qəzəblənən İbni Ziyad Həzrətin öldürülməsini əmr edir. Ancaq xanım Zeynəb burada da İmam Səccadın müdafiəsinə qalxır.

Kufədən Şama (indiki Dəməşq) yola düşən əsirlər karvanını xəlifənin sarayına gətirirlər. Burada da xanım Zeynəblə (s) İmam Səccad (ə) xütbə ilə çıxış edirlər. Əməvilərin sarayında Əməvilərin cinayətlərini ifşa edib Peyğəmbər (s) Əhli Beytinin (ə) fəzilətindən danışan xanım Zeynəblə (s) İmam Səccad (ə) Yezidn məclisinin halını dəyişdilər. Yezid İmam Səccadın (ə) səsini kəsmək üçün azanın verilməsini əmr etdi. Müəzzin Peyğəmbərin (s) adını çəkəndə İmam soruşdu: "Yezid, Muhəmməd (s) sənin cəddindir ya mənim? Əgər desən sənin cədddindir yalan demiş və haqqı danmış olarsan. Yox əgər desən mənim cəddimdir, bəs niyə onda onun övladlarını öldürdün?"

Yezidin sarayında və ümumiyyətlə Şamda camaatın halının dəyişməsi, xəlifəni əsirləri azad edib Mədinəyə qaytarmağa məcbur etdi.


Əməvilərin hakimiyyəti

Əməvi xilafəti İslam tarixində ilk monarxiya idi. Artıq camaat da bununla razılaşmışdı. Xüsusən Peyğəmbər (s) Əhli-Beytinin Kərbəlada başına gətirilələr  Əməvilərin öz hakimiyyətini qorumaq üçün ən qəddar vasitələrə əl atmağa hazır olduqlarını göstərdi. Qorxudan başqa müsəlman cəmiyyəti o qədər fəsada bulaşmışdı ki, kimin və necə onları idarə etməsi sual doğurmurdu. Hətta Məkkə və Mədinə kimi müqəddəs şəhərlərdə müğənnilər məhşurlaşırdı, onalrın iştirakı ilə məclislər qurulurdu. Hətta tarixdə qeyd olunub ki, o dövrün ən tanınmış xanəndələrindən olan Cəmilə adlı bir qadın 40-a yaxın kişi və qadın müğənnilərin müşaiyəti ilə Məkkəyə səfər edərkən yol boyu onu qarşılamağa o qədər adam çıxmışdı ki, heç bir müfti, alim, hədisçi, təfsirçi, qazı və zahidi qarşılamağa o qədər adam çıxmazdı.


Ən mühüm məsələ isə Əməvilər dövründə müsəlmanların əksəriyyətinin Peyğəmbərin (s) təlimindən xəbərsiz olmaları idi. Yeni islamı qəbul etmiş Şam, İraq, İran, Misir əhalisi xilafətə qoşulmağı növbəti imperiyanın tebeçiliyinə keçmək kimi qəbul edirdilər. Onlar daim ərəblərdən aşağı pillədə durduqlarını və ayrı-seçkiliyi hiss edirdilər. Həm İslamı qəbul etmiş yeni xalqlar, həm Peyğəmbərdən (s) sonra yetişən nəsil isə ümumiyyətlə İslamın elə Əməvilərin təqdim etdiyi din olduğunu hesab edirdilər. Həmin dövrdə yaşayan səhabələr xalqın İslam təlimlərindən bixəbər olmağından və Peyğəmbər (s) sünnəsinin unudulmasından şikayət edirdi.

Əməvilərin digər xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, onlar İslam Peyğəmbərinin (s) xəlifəsi titulunu daşıya-daşıya dini göstərişlərə hətta zahirdə də əməl etməməyə başladılar. Onlar çəkinmədən və açıq aşkar eyş-işrət məclisləri qurur, dini ayinləri səhv yerinə yetirir, Peyğəmbər (s) Əhli-Beyti (ə) və sahəbələrə zülm edirdilər. Hətta Hicaz və daha sonra İraq valisi Həccac Mədinədə Cabir ibn Abdullah, Ənəs ibn Malik , Səhl ibn Saidi kimi bir sıra səhabələri rüsvay etmək üçün damğalamışdı. Kufərə valilik etdiyi müddət o, 120 min insanın qanını tökmüşdü (onunla döyüşdə məğlub olanlar sayılmasa), 50 min kişi və 30 min qadını bir yerdə üstü açıq zindanda saxlayırdı. Məkkəni Abdullah ibni Zübeyrin hakimiyyətindən azad etmək üçün qoşuna başçılıq edən Həccac müqəddəs Kəbə evini mancanaqdan atəşə tutmuşdu. Bu vəziyyət demək olar ki, xilafətin bütün məntəqələrində mövcud idi.

Məhz bu səbəbdən, camaatın narazılığını aradan qaldırmaq üçün Əməvilər saxta hədislər qoşmaqla yanaşı Cəbriyyə ideyalarını, yəni hər şeyin Allahın qisməti ilə olduğuna və taleyin dəyişilməzliyinə etiqadları əhali arasında yayırdılar. Həmçinin Peyğəmbər (s) Əhli-Beytinə (ə) qarşı təbliğat aparılırdı. Beləki, hələ Muaviyənin dövründən Şamda minbərlərdən Həzrət Əliyə (ə) lənət oxunardı, saxta hədislər quraşdırılıb Əhli-Beyt (ə) barədə iftiralar söylənilirdi. Nəticədə camaat Bəni-Üməyyənin Peyğəmbərin (ə) yeganə qohum olduğuna, onların hakimiyyətinin Allahın qaçılmaz və qarşısıalınmaz qədəri olduğuna inanırdı.

Əməvilərə qarşı qiyamlar

İmam Səccadın (ə) dövründə Əməvilərə qarşı əsasən dörd məhşur qiyam baş vermişdi. Onlardan ikisini Kufə, birini Məkkə, birini də Mədinə əhli etmişdi.

Kərbəla hadisəsindən çox keçməmişdi ki, 5000 minlik şiə ordusu İmam Hüseynin (ə) intiqamını almaq üçün qiyam etdi. Bu qiyam tarixə "Təvvabin" ("Tövbə etmişlər") adı ilə düşüb. Təvvabin hərəkatının məqsədi yalnız və yalnız intiqam idi. Xəlifənin ordusu ilə döyüşən qiyamçılar məğlub oldu. Sağ qalmışlar isə Kufəyə dönüb Muxtar Qiyamına qoşuldular.

Yezidin xilafətinə qarşı çıxan Zübeyrin oğlu Abdullah Məkkə əhalisini Yezidə qarşı qaldıraraq hicri 61-ci ildə Məkkə hakimiyyətini öz əlinə keçirdi. O, özünü xəlifə elan etdikdən sonra Əməvilərin siyasətindən narazı bölgələri öz dövlətinə birləşdirdi. Beləliklə Şamda Yezid xilafət edirdi, Məkkədə isə Abdullah. Hətta Əməvilərdən İmam Hüseynin (ə) intiqamının alınmasına ümid edən Kufə əhalisi Abdullah ibni Zübeyrə qoşuldu. Ancaq onun da Əhli-Beytə (ə) düşmən olduğunu, Əməvilərdən fərqlənmədiyini görən kufəlilər ondan üz çevirib Muxtarın başına toplaşdı. Xəlfə Əbdülməlikin dövründə Şam qoşunu Məkkəyə hücum etdi və Abdullahın 12 illik hakimiyyətinə son qoydu.

Hicri 66-cı ildə  Muxtar adlı bir şəxsin başçılığı ilə kufəlilər İmam Hüseynin (ə) qatillərindən intiqam almaq məqsədilə yenidən qiyam etdilər. Onlar Peyğəmbər (ə) övladlarının qatillərini yaxalayəb amansızcasına qətlə yetirdilər. Haqq məqsədi batil vasitələrlə həyata keçirdiyinə görə Muxtar İmam Səccad (ə) tərəfindən məzəmmət olunmuşdu. Muxtar İraqın böyük hissəsini tutub Kufənin hakimi oldu. Abdullah ibn Zubeyr Muxtara qarşı qoşun göndərdi və hicri 67-ci ildə Muxtarın qoşunu məğlub oldu.

Amansızcasına yatırılan qiyamlardan biri isə Mədinə əhlinin üsyanı idi. Bu faciə tarixə Hirrə faciəsi kimi düşüb. Yezidin xilafəti zamanı hicri 62 ya 63-cü ildə Mədinə valisi bir neçə şəhər böyüklərini gənc xəlifənin görüşünə göndərdi ki, Yezid onları ələ ala bilsin, çünki Mədinə əhli Kərbəla hadisəsindən böyük hiddətə gəlmişdi. Ancaq düşüncəsiz Yezid onların yanında açıq aşkar içki içir və digər şəriətə zidd əməllər edirdi. Bundan dəhşətə gələn mədinəlilər şəhərlərinə döndükdə əhalini qiyama səslədilər. Beləliklə də şəhər valisi və Əməvi nəslinin nümayəndələri Mədinədən qovuldular. Xəbər Yezidə yetişdikdə o, qiyamçıları cəzalandlrmaq üçün böyük bir qoşun göndərdi. Peyğəmbər (s) nəslinin nümayəndələri, səhabə və tabeinlərin yaşadığı bu şəhər üç gün müddətində soyqırıma məruz qaldı. İmam Səccad (ə) bu işə qarışmadığıdan onun və yaxınlarının canı amanda qaldı.

İmamın (ə) fəaliyyəti

Yuxarıda Əməvilər dövlətində mövcud olan siyasi durum barədə məlumat verdildiyi kimi, müsəlmanlar cahiliyyət və fəsada mürtıkib olmuşdu. Cəmiyyətin bu durumu hakimiyyətin qəddarlığı və amansızlığı ilə daha da mürəkkəbləşirdi. Bu durum Abbasilərin də dövründə davam edirdi. Bu səbədən Kərbəla hadisəsindən sonra məsum imamlar qiyama yox, dini maarifin yayılmasına üstünlük verdilər.

İmam Səccad (ə) da bu yolu tutaraq dini təlimlə məşğul oldu. Həmin dövrün şəraitinin çıtinliyini nəzərə alaraq, İmam (ə) qul alıb onları təlim etdir sonra isə azad edərdi ki, İslam elmlərini yaysınlar. Həmçinin qullları azad etməklə İmam (ə) quldarlığın aradan getməsi üçün çalışırdı. Hətta həmin dövrdə buna pis baxılsa da Həzrət Zeynul-abidin (ə) öz kənizini azad edib onunla ailə qurmuşdu.Eyni zamanda İmam Səccad (ə) moizələrində camaatı mənəvi təmizliyə dəvət edir, pozğunluqla mübarizə aparırdı.  İmamdan (ə) yadigar qalmış əsərlərdən biri əxlaqi-tərbiyəvi təlimlərin toplusu olan "Risalətul-hüquq" ("Hüquq risaləsi") kitabıdır.

İmam Səccadın (ə) maraqlı təbliğ üsullarından biri isə dua idi. "Səhifeyi-Səccadiyə" adlı kitabda İmamın (ə) müxtəlif mövzularda duaları cəm olunub. Burada qeyd olunan dualar Allahla münacatın gözəl nümunəsi olduğu kimi eyni zamanda bir çox ictimai və əqidəvi məsələləri aşılayır. Dua vasitəsi ilə İmam (ə) yalnız Allaha gözəl tərzdə müraciət olunmasını deyil, həmçinin İslamın ictimai, siyasi, ideoloji təlimlərini müsəlmanlara öyrədirdi. İmamın (ə) bu cür üslubu Peyğəmbərin (s) “Dua möminin silahıdır” hədisini xatırladır.


Ömrünün sonuna qədər İmam Səccad (ə) Mədinədə yaşadı. Hicri 94 ya 95-ci ildə (təqribən miladi 715-ci il) 57 yaşında ikən Mədinə valisi Hişamın əmri ilə İmam (ə) zəhərləndirilərək şəhadətə yetirildi. Həzrət (ə) Bəqi qəbirstanlığında əmisi İmam Həsənin (ə) yanında dəfn olundu.

Samir Pənahov

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Oktyabr, 2009  06:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!