إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Atasının anası

İslam Peyğəmbəri (s) ən çətin günlərində ona dayaq duran sevimli qızını "Atasının anası" adlandırardı

Qadın həmişə zəriflik və atifə rəmzi sayılıb. Hər bir insan üçün qadın ilk növbədə anadır, ailə ocağını qoruyanıdır. Bir qadının ictimai fəaliyyəti ilə ailə vəzifələrinin icrasını  kamil şəkildə birləşdirməsi yalnız və yalnız Allaha itaət çərçivəsində mümkündür. Yalnız Allaha müti bəndə olan qadın öz ailə ocağı ilə yanaşı, yaşadığı cəmiyyətin keşiyində dura bilər. Tarix bu cür qadınları bizə tanıtdırıb: Asiya, Məryəm, Xədicə, Zeynəb və s. Bu xanımlar qadınlıq ismətində mücahid şücaəti, şəhid fədakarlığı və  İlahi övliya mərifətini cəmləşdirə biliblər. Onlar özlərindən sonrakı nəsillərə həqiqi bəndəlik məktəbini miras qoyublar. Ancaq bir xanım var ki, Peyğəmbərimiz (s) onu hamıdan üstün tutmuş, hamıdan çox istəmiş və “Xanımlar Xanımı” adlandırmışdır. Həmin xanım İslam tarixini yaradanlardan biri, bu tarixi öz göz yaşları və qanı ilə yazmış Fatimeyi-Zəhradır. Allahın ona salamı olsun!

Fatimə... Bu ad bizə nə qədər doğma və əziz olsa da,  bir o qədər də bu adın sahibindən xəbərsizik. Çoxumuz bu xanım barədə az məlumata malikik və təəssüf ki, bu dahi şəxsiyyəti nə layiqincə tanımış, nə də layiqincə tanıtdıra bilmişik. Onun barədə bildiklərimiz “Peyğəmbərimizin sevimli qızı”, “İmam Əlinin xanımı”, “İmam Hüseynin anası” kimi təsəvvürlərlə məhdudlaşır. Məşhur mütəfəkkir Əli Şəriətinin təbiri ilə desək, “bunlar hamısı Fatimə olsa da, əslində Fatimə - Fatimədir”. Bəli, Fatimənin ən kamil tərifi elə budur: “Fatimə elə Fatimədir”. Xanım dünyaya göz açdığı andan son nəfəsinə kimi, sadəcə olaraq, bəndə oldu. Fatimənin həyatına diqqətlə nəzər yetirsək, orada bir ana xətt müşahidə edə bilərik. Həzrət Peyğəmbər (s) və daha sonra Həzrət Əli (ə) ilə siyasi meydanda çiyin-çiyinə mübarizədə də, evdə onların qayğısını çəkəndə də, övladlarına nəvaziş göstərəndə də və nəhayət ibadət mehrabında öz Rəbbi ilə münacat edəndə də Fatimə yalnız İlahi vəzifəni icra edirdi. Odur ki, Peyğəmbər buyurub: “Fatimə mənim bədənimin parasıdır. Onu sevindirən məni sevindirər, məni sevindirən isə Allahı sevindirər. Onu qəzəbləndirən məni qəzəbləndirər, məni qəzəbləndirən isə Allahı qəzəbləndirər”. Peyğəmbərin öz qızına niyə “Zəhra” (“nur saçan”) ləqəbi verdiyi barədə hədislərdə deyilir ki, Fatimə ibadət edərkən onun nuru yer üzündən göylərə saçardı.

Fatimeyi-Zəhra (s) Həzrət Muhəmmədin (s) sonbeşiyi və ona peyğəmbərlik veriləndən sonra dünyaya gəlmiş yeganə övladı idi. Fatimə o Həzrətin nəslini davam etdirən və daim onun yanında olan yeganə övladı idi. Fatimənin Peyğəmbərin (s) digər övladlarından fərqi bunlarla bitmir. O, dünyaya elə bir zaman göz açdı ki, Peyğəmbər (s) və Xədicənin (s) dəstəyə çox ehtiyacları var idi. Həzrət Muhəmməd (s) artıq beş il idi ki, peyğəmbərliyə seçilmişdi. Həzrətin yaşı qırx beşə, xanım Xədicənin (s) isə yaşı altmışa çatmışdı. Üç il gizlində təbliğ edəndən sonra, Allah ona aşkar təbliğata keçməyi əmr etmişdi. Bütün müsibətlər də elə o zaman başlamışdı. Onu heç cür yolundan döndərə bilməyəcəklərini anlayan Məkkə müşrikləri (bütpərəstləri) günü-gündən daha da alçaq vasitələrə əl atırdı. Müsəlmanların durumu getdikcə pisləşir, Peyğəmbərin (s) özünə qarşı isə təzyiqlər artırdı. Belə bir zamanda Cəbrayıl Allahın elçisinə övlad müjdəsi verdi.  Dözülməz müsibətlərin müqabilində bu xoş xəbər Peyğəmbəri (s) çox sevindirdi. Onun artıq 3 böyük qızı var idi, iki oğlu isə uşaqlıqda vəfat etmişdi. Təzə doğulacaq uşağın intizarını nəinki İslam əhli, həmçinin onların düşmənləri də çəkirdi. Axı Qureyş müşrikləri Haşimi nəslinin böyüklərindən olan Muhəmmədin (s) oğlu və varisinin olacağından çox narahat idilər.

Nəhayət cəmadius-sani ayının 20-si Peyğəmbərin (s) evində dünyaya qız uşağı göz açdı. Bu mövlud Peyğəmbəri (s) sevindirdiyi kimi, müşrikləri də sevindirdi. Onların fikrincə, qız övlad deyildi, ondan ailəyə heç bir fayda yox idi. Peyğəmbəri “sonsuz” deyə təhqir etməyə başladılar, çünki onun yeganə xanımı Həzrət Xədicə (s) artıq qocalmışdı və dünyaya övlad gətirə bilməyəcəkdi. Ancaq o zaman heç kəs bilə bilməzdi ki, məhz bu körpə qız bəşər tarixinin ən fəzilətli və pak sülaləsinə - Əhli-Beytə həyat verəcək. Peyğəmbərə (s) ən ağır anlarda məhz bu qız dayaq olacaq. Peyğəmbər (s) məhz onu “atasının anası” adlandıracaq.

Məkkə yaxınlığında Şəbi-Əbu Talib ərazisində müşriklər müsəlmanları üç il iqtisadi blokadada saxladıqdan sonra xanım Xədicə xəstə yatağına düşdü. Fatimənin bacıları ailə həyatı qurmuş və valideynlərindən ayrı yaşadıqlarından ananın qayğısını çəkmək və  atasına ürək-dirək vermək yalnız beş yaşlı Fatimənin öhdəliyində idi.  Ancaq Həzrət Xədicə sağalmadı və dünyadan köçdü. Fatimə atası ilə baş-başa qaldı. Artıq Peyğəmbərin (s) ailəsi bir özündən və bir də kiçik Fatimeyi-Zəhradan ibarət idi. Hər ikisi bir-birinə çox bağlı idi. Hər dəfə Fatimə otağa daxil olanda peyğəmbərlərin sonuncusu və ən üstünü Həzrət Muhəmməd (s) onun ayağına qalxardı. Peyğəmbəri (s) “Rəsuləllah” deyə çağırmaq əmr olunanda hamı, habelə Həzrət Zəhra (s) onu bu cür çağırardı. Lakin bir gün Peyğəmbər (s) Fatimədən xahiş etdi: “Qızım, mənə “”ata” de, qoy mən də “ata” müraciətini eşidim, fərəhlənim”. Peyğəmbər (s) Fatimənin atası olmasından sevinərdi. Bu, bir atanın qızına məhəbbətinin ifadəsi deyildi. Çünki Peyğəmbər (s) heç bir övladına  belə sözlər deməmiş, onlara qarşı bu cür münasibət bəsləməmişdi. O Həzrət belə buyurmuşdu: “Allah Fatimənin qəzəbi ilə qəzəblənər, onun razılığı ilə razı olar”.

Fatimənin təqribən səkkiş yaşı olanda o, Məkkədən Mədinəyə hicrət etdi. Mədinədə bir çox tanınmış qureyşlilər Fatiməyə elçi düşdü, ancaq Peyğəmbər (s): “Fatimənin izdivacı bilavasitə Allahın əmrindən asılıdır”,-deyə onlara rədd cavabı verərdi. Fatiməyə (s) Həzrət Əli (ə) elçi düşəndə isə həm Rəsuləllah (s), həm də xanım özü razılıqlarını verdilər. Bu hadisədən çox şadlanan Allah elçisi buyurdu: “Əgər Allah Əlini yaratmasaydı, Fatiməyə layiq ər tapılmazdı”. Bu pak və müqəddəs ailənin təməli özünəməxsus tərzdə qoyuldu. Toy günü Xanımlar Xanımı Zəhranın yanına bir fəqir yaxınlaşdı və sədəqə istədi. Peyğəmbər qızı  imkansız olduğundan sədəqə verməyə bir şey tapmadı, ancaq otağa girib öz təzə toy paltarını köhnə və yamaqlı libası ilə dəyişdi. Daha sonra təzə paltarını fəqirə verdi, özü isə öz toyunda yamaqlı paltarla oturdu. Həzrət Əlinin (ə) Mədinədə ev almağa vəsaiti olmadığından xanımı ilə birgə şəhər kənarında ucuz bir daxmaya köçdü. Sevimli qızını tez-tez görə bilməyən Həzrəti Rəsuləllah (s) onların öz evinin yaxınlığına, Mədinə məscidinə bitişik evə köçməsinə yardım etdi. Onların, Peyğəmbərin (s) və bir neçə səhabənin evindən məscidə qapı açılırdı. Allah məscidin ehtiramını qorumaq üçün məscidə açılan qapıların hamısının bağlanmasını əmr etdi, yalnız Peyğəmbərin (s) və Əli ilə Fatimənin evlərindən açılan qapıların bağlanmamasını istədi. Hər gün namaza gedərkən Peyğəmbər (s) Fatiməsinə salam verərdi. Səfərə çıxanda ən son sağollaşdığı və səfərdən qayıtdıqda ən birinci görüşdüyü insan Fatimə idi. Ayişə deyir: “Peyğəmbərə (s) qadınlar arasında ən yaxını Fatimə, kişilər arasında isə Əli idi”.

Peyğəmbər (s) Fatiməni digər övladlarından ayırırdı. Çox istədiyi qədər də ona qarşı tələbkar idi. Peyğəmbərin (s) digər qızları varlı insanlarla ailə qurduqlarından maddi durumları yaxşı idi. Ancaq Fatimənin mənəviyyatına xüsusi diqqət yetirən Peyğəmbər (s) ona xırda dünya zinətlərini belə qıymırdı. Bir gün döyüşdən qayıdarkən Peyğəmbər (s) adət üzrə ilk olaraq Fatimənin görüşünə tələsdi. Onun daxmasına yaxınlaşdıqda pəncərədən pərdə asıldığını və Fatimənin qolunda iki gümüş bilərzik gördü. Peyğəmbər (s) qızının evinə daxil olmadı,  kənarda durdu. Bunu görən Fatimeyi- Zəhra ağladı və məsələnin nə yerdə olduğunu anladı. Oğulları Həsənlə Hüseyni çağırıb pərdəni və bilərzikləri onlara verdi ki, Peyğəmbərə (s) aparsınlar. Peyğəmbər (s) Fatimənin bu əməlindən sevinərək həmin əşyaları fəqirlərə sədəqə verdi.

Bir gün Həzrət Peyğəmbərə (s) cəhənnəm əzabı barədə ayə nazil oldu. Peyğəmbər (s) çox narahat oldu və ağladı. Səhabələr nə baş verdiyini anlamadı, Peyğəmbərin (s) bu halında ondan nəsə soruşmağa belə cəhd etmədilər. Onlar bilirdilər ki, o Həzrətin qəlbini yalnız Fatimə şad edə bilər. Salman Farsi xanımın evinə getdi və bu xəbəri ona çatdırdı. Həzrət Fatimə yundan hazırlanmış yamaqlı paltarda idi. Elə bu geyimlə də atasının yanına tələsdi. Salman təəccüblənərək buyurdu: “Sultanların sarayında ipəkdən libas geyinirlər, Muhəmmədin (s) qızı isə yamaqlı yun paltardadır”. Peyğəmbərin (s) hüzuruna daxil olarkən xanım söylədi: “Atacan, Salman mənim paltarımdan təəccübləndi. And olsun səni peyğəmbər seçən Allaha, artıq beş ildir ki, Əli ilə mənim heç nəyim yoxdur”. Peyğəmbər (s) səhabəsinə üz tutaraq belə dedi: “Ey Salman! Mənim qızım Allah rizayətini əldə etməkdə hamıdan öndədir”.

Fatimənin həyat tərzi eynən atasının yaşayışı kimi sadə idi. O, atasına layiq övlad və davamçı idi. Onun yoldaşı və onların evində böyüyən iki oğulları Həsən və Hüseyn Peyğəmbərimizin iftixarı idi. Məhz onları Allah öz kitabında Əhli-Beyt, yəni Peyğəmbər ailəsi adlandırıb, onları bütün çirkinliklərdən uzaq edib. Fatimə ən kamil zövcə və ana idi. Ev işlərində, ictimai fəaliyyətdə və ibadətdə o həmişə hamıdan yüksəkdə idi. Fatimənin əlləri ev işlərindən qabar olmuşdu, ayaqları isə ibadətdən şişmişdi. Bir gün Cəbrayıl Peyğəmbərə (s) nazil olarkən buyurur: “Allah səni belə bir ailə ilə təbrik edir!” Əhli-Beytin fəziləti və onlara itaətin vacibliyi barədə çoxlu sayda ayə və hədislər mövcuddur. Peyğəmbərin (s) müsəlmanlara son vəsiyyəti də bu olub: “Sizə iki əmanət qoyuram... Quran və itrətim (Əhli-Beytim)”.

Ancaq müsəlmanlar Peyğəmbər (s) itrətinə xəyanət etdilər. Fatimənin bəşəriyyətin yolunda özlərini fəda edən anası da, atası da onun qucağında dünyadan getdi, ancaq özü dünyanı tək və küskün halda tərk etdi. Fatimə on səkkiz illik ömrünü İslam ümməti yolunda mücadilədə keçirdi, ancaq sonda həmin ümmət ondan üz çevirdi. Məlum hadisələrdən sonra Əhli-Beytin haqqının müdafiəsinə qalxan Zəhra müsəlmanlara bir dərs verdi. Zülmə baş əyməmək, ədalətsizliklə barışmamaq, haqqı tələb etmək dərsi. O başa saldı ki, insan öz vəzifəsini icra edərkən nəticənin mənfi və ya müsbət olması onu maraqlandırmamalı, düşmənin zahiri gücü onu qorxutmamalı, yeganə arxalandığı yalnız Allah olmalıdır. Fatimənin səsini boğmaq istəyənlər, Peyğəmbərin (s) vəsiyyətinə xəyanət edənlər onun qanına bais oldular. Dünyadan küskün gedən Zəhra onu gizlində dəfn etməyi vəsiyyət etdi ki, gələcək nəsillər onun müsibətindən agah olsun. Peyğəmbərin (s) dövründə izzətlə qarşılanan Fatimənin başına Peyğəmbərin (s) vəfatından sonra olmayan müsibətlər gəldi. Ümmət isə bütün bunlara laqeyd qaldı. Elə Fatimənin əsl qatili insanların dinə, yaşadıqları cəmiyyətə laqeydliyi idi. Ancaq o yenə də Fatimə idi – müxlis bəndə, kamil insan.

Samir

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Oktyabr, 2009  06:15 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!