إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Qurban bayramınız mübarək

İslam aləminin möhtəşəm bayramlarından biri olan mübarək Qurban bayramınızı təbrik edirik!

Ahlibeyt.az-ın məlumatına görə, bu il 16-17 iyun tarixlərində Azərbaycanda Qurban bayramı qeyd olunur.

Bu gün ölkə ərazisindəki məscid və ziyarətgahlarda bayram namazı qılınıb,  Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunub, Azərbaycan xalqına əmin-amanlıq arzulanıb.

"Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır. Allah sizi doğru yola yönəltdiyi üçün Onu uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə müjdə ver!" (Həсс:37)

İmam Rza(ə)buyurur: “Qiyamət bərpa olanda ”dörd günü" bəxt evinə aparılan gəlin tək Allahın dərgahına apararlar." Soruşdular: “Buyurduğunuz dörd gün hansı günlərdir?” İmam Rza(ə) buyurdu: “Qurban bayramı, Fitr bayramı, Cümə günü və Qədir Xum bayramı”

Bu bayram bizə dünya məhəbbətini qəlbdən çıxarılmasını öyrədir. Allah uzun illər boyu övladı olmayan İbrahimə(ə) İsmayılı(ə) və onun anası Hacəri(s) Məkkəyə aparmağı, özünün isə Fələstinə geri dönməsini əmr edir. Övladından doymayan, onu dünyada hər şeydən çox istəyən yaşlı İbrahim(ə) üçün yeniyetmə İsmayıl peyğəmbərdən(ə) ayrılmaq olduqca çətin idi. Daim insanları Allah yoluna dəvət edən, bütpərəstliklə mübarizə aparan Hz.İbrahim(ə) bu dəfə ömrünün ən mühüm imtahanı ilə üzləşməli idi. O, Allahdan başqasına bəslədiyi məhəbbəti qəlbindən çıxartmalı idi ki, təkamül zirvəsinə ucalsın. Oğul məhəbbəti Hz.İbrahimlə(ə) Allah arasında, bəndə ilə Rəbb arasında hicab yarada bilərdi.  Bu məhəbbəti qəlbdən çıxarmaq bir o qədər də asan deyildi, o ki qaldı İsmayılı ə) öz əlləri ilə kəsməyə. Əgər bu iş asan olsaydı, Allahın hüzurunda dəyəri olmazdı.Bu məhəbbət günah deyildi, təbii, fitri bir hiss idi. Lakin kamil olmaq istəyən şəxs gərək qəlbindən bütün məhəbbətləri çıxarsın, Mütləq Kamala qovuşsun. Allah İbrahimin(ə) məqamını ucaltmaq üçün, onun qəlbində Allahdan başqasına olan sevgisini dəf etmək üçün ona oğlunu qurban kəsməyi tapşırır. Əslində Allah İsmayılın(ə) deyil, İbrahimin(ə) qəlbindəki məhəbbətin qurban verilməsini istəyirdi və Hz.İbrahim(ə) bu imtahandan üzuağ çıxdı. O, bıçağı İsmayılın(ə) boğazına çəkəndə bıçaq kəsmədi və Allah öz sədaqətli bəndəsinə qoç göndərdi ki, İsmayıl qurbanının rəmzi kimi heyvan kəsilsin. Bu hadisə Tövhidin ən gözəl misalıdır. Ona görə də Qurban bayramını Tövhid bayramı da adlandırırlar.

De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam:162)

Qurban bayramında hacılar Məkkədə Həcc ayinlərini yerinə yetirərkən, digər şəhərlərdə müsəlmanlar məscidlərə toplaşıb bayram namazı qılır.Azərbyacanda da məscidlərdə bayram namazı qılınır, bayram xütbələri oxunur.

Xalqımızın gözəl adətlərindən biri də odur ki, bayram namazı ilə yanaşı imkanlı şəxslər qurban kəsir, fəqirlərə yardım edirlər. Qurban kəsmək yalnız zəvvarlara vacibdir, başqalarının isə bu əməli yerinə yetirməsi vacib olmasa da, müstəhəbdir (bəyənilir).

"Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən etdik. Sizin üçün bu qurbanlarda xeyir vardır... Onlar böyrü üstə düşən (kəsildiyi) zaman özünüz də yeyin, əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) şükr edəsiniz!" (Həcc:36)

Qurbanlıq üçün qoyun, inək və dəvə kəsilir. Bəziləri imkanı olmadığından toyuq və xoruz kəssələr də, qurbanlıq üçün bu heyvanları kəsmək olmaz. İmkanı olmadığı təqdirdə bir neçə insan birləşib bir qurban da kəsə bilər.

Bayram günü qohumları ziyarət etmək, müsəlmanları təbrik etmək, Allaha dua etmək, kasıblara əl tutmaq, haqqları üzərimizdə olan şəxslərlə halallaşmaq, günahların bağışlanması diləmək, mənəviyyatın təmizlənməsi üçün çox gözəl bir fürsətdir.

"Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır. Allah sizi doğru yola yönəltdiyi üçün Onu uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə müjdə ver!" (Həсс:37)

Allah Təala dua və ibadətlərinizi qəbul etsin!

Qeyd edək ki, Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün - 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyun, 2024  18:27 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!