إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

DQİDK-nın şöbə müdiri: "Bütün din xadimləri mərhələli şəkildə attestasiyadan keçiriləcəklər"

Fəaliyyət dövrünün beş ili tamam olmuş, ali və orta ixtisas dini təhsili olan din xadimlərinin mütəmadi olaraq attestasiyadan keçirilməsi nəzərdə tutulub.

Ahlibeyt.az-ın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə TNS.AZ-a müsahibəsi zamanı bildirib.

Müsahibəni təqdim edirik:

- İslam dininə aid ibadət yerləri və ziyarətgahlara təyin olunmuş din xadimlərinin attestasiyası elan edilib. Bu, hansı zərurətdən irəli gəlib?

- “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin olunmuş din xadimlərinin hər beş ildən bir attestasiya edilməsi nəzərdə tutulub. Eyni zamanda “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nda (Qayda) attestasiyanın keçirilməsinin təşkili, eləcə də Attestasiya Komissiyasının üzvləri və imtahan edilən din xadimlərinin qiymətləndirilməsi ilə bağlı bəndlərə yer verilib. Qeyd edilənləri nəzərə alaraq bildirməliyik ki, attestasiyanın keçirilməsi hər şeydən öncə qanunun tələbidir.

Ümumiyyətlə, hər sahədə olduğu kimi, dini sahədə də kadrların peşə bacarıqları və biliklərinin qiymətləndirilməsi, eyni zamanda inkişaf etdirilməsi vacib məsələlərdəndir. Attestasiyalar da problemlərin öyrənilməsi və aradan qaldırılması, eləcə də kadr hazırlığı prosesi istiqamətinin müəyyənləşdirilməsində vacib alətlərdəndir. Təcrübə göstərir ki, din xadiminin bacarıq və biliklərinin zəif olduğu yerlərdə dinlə bağlı neqativ tendensiyalar daha çox yayılır. Belə hallardan xüsusilə də, radikal dini qruplar yararlanmağa çalışırlar.

Qeyd edilənlərə əsasən, fəaliyyət dövrünün beş ili tamam olmuş, ali və orta ixtisas dini təhsili olan din xadimlərinin mütəmadi olaraq attestasiyadan keçirilməsi nəzərdə tutulub.

- Proses hansı formada həyata keçiriləcək?

- “Qaydaya əsasən, attestasiyanın keçirilməsi məqsədi ilə komitədə Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri, habelə mütəxəssislər daxil olmaqla 9 nəfərdən ibarət Attestasiya Komissiyası yaradılmalı, həmçinin attestasiyadan keçəcək din xadimlərinə imtahanın başlanılmasına ən geci 1 (bir) ay qalmış bu barədə məlumat verilməlidir.

Artıq komitə sədri tərəfindən Attestasiya Komissiyasının tərkibi təsdiq olunub. Attestasiya olunacaq din xadimlərinə müvafiq məlumat verilir. Onların imtahanı mart ayının 4, 5 və 6-da Qafqaz Müsəlmanları İdarəsində keçiriləcək.

- Attestasiyadan keçməyənlərlə bağlı hansı qərar veriləcək?

- Öncədən vurğuladığımız kimi, təyinatından beş il keçmiş, ali və orta ixtisas dini təhsili olan bütün din xadimləri mərhələli şəkildə attestasiyadan keçiriləcəklər. Attestasiya olunacağı ilə bağlı məlumatlandırılmış din xadiminin imtahanda iştirakı vacibdir. Qaydaya görə, din xadimi üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən Attestasiya Komissiyasının iclasına gəlmədikdə attestasiyadan keçirilməmiş hesab edilir. Həmin din xadimi komissiyanın növbəti iclasında attestasiyadan keçməlidir. Qaydanın 8.1.2-ci bəndinə əsasən, din xadimi attestasiyadan keçmədikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə attestasiyada üzrlü səbəb olmadan iştirak etmədikdə vəzifəsindən azad olunacaq.

- Attestasiyadan keçənlərin vəzifəsində yüksəlmə və aldıqları məvacibdə artım olacaq?

- Attestasiyada iştirak edən din xadimlərinə komissiya tərəfindən “tutduğu vəzifəyə uyğun gəlir”, “komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərti ilə tutduğu vəzifəyə uyğun gəlir” və “tutduğu vəzifəyə uyğun gəlmir” qiymətlərindən biri verilə bilər. Qaydada attestasiyadan keçən din xadimləri üçün vəzifədə yüksəlmə nəzərdə tutulmayıb. Vəzifədə yüksəlmə yalnız müsahibə yolu ilə mümkündür.

Eyni zamanda, bildirməliyik ki, din xadimlərinə əmək haqqı verilmir. Onlara Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən maddi dəstək verilir. Attestasiyalar din xadimlərinə maddi dəstəyin verilməsinə təsir göstərməyəcək.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Fevral, 2024  09:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!