إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

ICESCO məktəblilər üçün beynəlxalq ədəbiyyat müsabiqəsi elan edib

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) uşaq və yeniyetmələr üçün beynəlxalq ədəbiyyat müsabiqəsi elan edib.

Ahlibeyt.az-ın məlumatına görə, AZƏRTAC təşkilatın mətbuat xidmətinə istinadla xəbər verir ki, müsabiqənin şərtlərinə görə, həvəskar azyaşlı yazıçılar internet vasitəsilə məktəb zorakılığı ilə bağlı qrafik hekayələrin mətnlərini ICESCO-nun baş ofisinə təqdim edəcəklər. Multidissiplinar ekspertlərdən ibarət münsiflər heyəti iştirakçıların hekayələrini qiymətləndirəcək və müvafiq qrafikləri hazırladıqdan sonra dərc olunacaq xüsusi buraxılış üçün onların ən yaxşılarını seçəcək.

Ədəbiyyat müsabiqəsi üzv ölkələrdə məktəblilər arasında maarifləndirməni artırmaq və müəllimlərə məktəb zorakılığı ilə bağlı müşahidələrinə əsaslanaraq uşaqları daha yaxşı anlamaqda və dəstəkləməkdə kömək etmək, eyni zamanda, təhsil müəssisələrində neqativ halların qarşısının alınması mexanizmlərini gücləndirmək məqsədi daşıyır.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 30 dekabr 2023-cü il tarixindən gec olmayaraq ingilis, ərəb və ya fransız dillərində öz hekayələrinin mətnlərini shs@icesco.org elektron poçtu vasitəsilə təqdim etməlidir. Bundan başqa, hekayənin ssenarisi orijinal olmalı, heç vaxt başqa yerdə dərc edilməməli, həmçinin digər tərəflər tərəfindən təqdim edilmək və ya dərc edilmək üçün eyni vaxtda nəzərdən keçirilməməlidir.

Münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmədən sonra ICESCO qalib hekayənin müəllifi ilə əlaqə saxlayaraq müvafiq mətn qrafikasını hazırlamaq və xüsusi buraxılışda dərc etmək üçün müəllif hüququ müqaviləsi imzalayacaq.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Dekabr, 2023  11:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!