إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

ICESCO Azərbaycanda regional nümayəndəliyini açmağı planlaşdırır

ICESCO Azərbaycanda öz regional nümayəndəliyini də açmağı planlaşdırır.

Ahlibeyt.az QMİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə oktyabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki bildirib.

Qonağı səmimi salamlayan Şeyxülislam həzrətləri nüfuzlu beynəlxalq təşkilatın Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib: “Ölkəmizlə ISESKO arasında əlaqələr yüksək səviyyədə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev sizinlə görüşərkən təşkilatın, o cümlədən Baş katib kimi şəxsən sizin fəaliyyətinizi yüksək dəyərləndirdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İSESKO-nun Xoşməramlı Səfiri seçilməsi də qarşılıqlı faydalı əməkdaşlığın göstəricisidir.

Ermənistan 30 ildən çox idi ki, Azərbaycan ərazisini işğal edərək yaşayış məskənlərimizi, məscid və qəbirsanlıqları dağıtmış, tarixi mədəniyyət abidələrini məhv etmişdi. ISESKO törədilən bu vandalizm aktlarına öz kəskin etirazını bildirib, Azərbaycanın haqlı mövqeyini daim müdafiə edib və bu gün də öz obyektivliyini davam etdirməkdədir. Bu illər ərzində verdiyiniz dəstəyə görə şəxsən sizə və rəhbərlik etdiyiniz qurumun əməkdaşlarına minnətdarlığımı bildirirəm.

Siz Bakıya çoxsaylı səfərlər etmisiniz, budəfəki gəlişiniz xüsusi ilə əlamətdar bir dövrə təsadüf edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə nail olub. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti və Ordumuzun rəşadəti sayəsində xalqımız misilsiz qələbə qazanıb. Təbii ki, Azərbaycanın ərazi bütövlüyü yolunda şəhidlər vermişik, Vətən üçün canından keçən hər bir qəhrəmanın xatirəsi bizim üçün əzizdir, Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Dövlətimiz işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri başlamaqla, tarix və mədəniyyət abidələrini bərpa etməklə şəhidlərin də ruhunu sevindirir”.

QMİ sədri Şuşa şəhərinin ISESKO-nun xətti ilə 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasını da mühüm hadisə kimi dəyərləndirib: “Bu barədə xəbəri böyük sevinclə qarşıladıq. QMİ dini mərkəz olaraq bu məsələni diqqət mərkəzində saxlayacaq. İnşallah gələn il din xadimlərimizin iştirakı ilə Şuşada tədbir keçirməklə mühüm tədbirə öz töhfəmizi verəcəyik”.

Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçiriləsi planlaşdırılan Dünya Dini Liderlərinin III Samiti barədə də geniş məlumat verib, ISESKO-nun bu tədbirdə mötəbər heyətlə iştirak edəcəyinə inandığını bildirib: “Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən hər iki sammitdə dünyanın müxtəlif ölkələrindən dini konfessiyaların liderləri, görkəmli ictimai xadimlər iştirak edib, mühüm məsələlər müzakirə olunub. Növbəti sammitin də yüksək səviyyədə keçirilməsinə, dünyada dinlər və mədəniyyətlər arasında dialoqun inkişafına xidmət edəcəyinə çalışacağıq”.

Səmimi qarşılanmaya görə QMİ sədrinə təşəkkür edən ISESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik dünyada nüfuzlu din xadimi kimi tanınan Allahşükür Paşazadə ilə növbəti dəfə görüşmək fürsəti əldə etməkdən məmnunluq duyduğunu dilə gətirib: “Şeyxülislam həzrətlərinin ürəyimdə çox əziz bir yeri var. Allaha şükürlər olsun ki, sizinlə yenidən görüşə bildim”.

Baş direktor Bakıda keçirdiyi rəsmi görüşlər barədə məlumat verərək Azərbaycanla ISESKO arasında yüksək səviyyəli əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inandığını bildirib: “Həm Azərbaycan Prezidenti İlham Əliyevlə, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə görüşlərdə çox səmimi qarşılandım, şəxsimə və rəhbərlik etdiyim təşkilata qarşı çox böyük hörmət bəsləndiyinin şahidi oldum. Azərbaycan dövlət rəhbərinin başçılığı ilə qələbəyə imza atıb. Xalqınızı bu münasibətlə ürəkdən təbrik edir, rifah və inkişaf arzulayıram”.

Salim bin Məhəmməd əl-Malik Şuşanın 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinin Azərbaycan həqiqətlərinin müsəlman dünyasına çatdırılmasına gözəl bir vəsilə olacağına inandığını qeyd edib. O, bildirib ki, ISESKO Azərbaycanda öz regional nümayəndəliyini də açmağı planlaşdırır. Qonaq bildirib ki, Dünya Dini Liderlərinin Bakıda planlaşdırılan III Sammiti ilə bağlı ISESKO QMİ ilə strateji əməkdaşlıqda maraqlıdır.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdə İSESKO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri Anar Kərimov, Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fazil Qəzənfər və Cavanşir Paşazadə iştirak ediblər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Oktyabr, 2023  09:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!