إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

23 avqust - Xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günüdür

1993-cü il ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradıldığı gün - avqustun 23-ü ölkəmizdə xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günü kimi qeyd olunur.

Ahlibeyt.az xəbər verir ki, ölkəmizdə xüsusi mühafizə sisteminin tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır.

Cümhuriyyətin parlamentinin 1919-cu il fevralın 18-də keçirilmiş 15-ci iclasında Azərbaycan parlamentinin mühafizə dəstəsinin yaradılması haqqında Qanun qəbul edilib. Qanunda parlamentin ixtiyarında olan “Məclisi Məbusan Xassə Qoruyucu Bölüyü” yaradılıb.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xüsusi mühafizə xidməti bir çox dəyişikliklərə uğrasa da, zəruri qurum kimi inkişafını davam etdirib. Belə ki, 1931-1935-ci illərdə Xalq Daxili İşlər Komissarlığının mühafizə şöbəsi, 1936-1972-ci illərdə Bakı şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin 2-ci Divizionu, 1972-ci ildən 1991-ci ilədək Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Partiya-sovet orqanlarını mühafizə şöbəsi fəaliyyət göstərib.

Bu qurum 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sentyabrın 25-dən dekabrın 5-dək Prezident Aparatı yanında Mühafizə İdarəsi kimi fəaliyyət göstərib. Həmin il dekabrın 5-dən isə yenidən Daxili İşlər Nazirliyinin tərkibində Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi kimi fəaliyyətini davam etdirib.

Xalqımızın ümummilli lideri Heydər Əliyev 1993-cü il avqustun 23-də Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi ilə 1991-ci il dekabrın 25-də yaradılmış Azərbaycan Respublikasının Milli Qvardiyasının bazasında Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması haqqında Fərman imzalayıb.

Prezident İlham Əliyevin 2020-ci il martın 16-da imzaladığı “Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman ölkəmizdə bu sahədə fəaliyyətin müasir dövrün tələbləri nəzərə alınmaqla yenidən qurulması baxımından mühüm addım olub. Fərmana əsasən, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilərək onun əsasında üç dövlət orqanı - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb.

Xüsusi mühafizə sisteminin şəxsi heyəti Azərbaycan Respublikasının ərazi bütövlüyü, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, respublikamızda baş verə biləcək terror aktlarının qarşısının alınması kimi ən mühüm sahələrdə daim nümunəvi fəaliyyəti və fədakarlığı ilə diqqəti cəlb edib.

Dövlətçiliyimizin qorunması işində mühüm yer tutan xüsusi dövlət mühafizə sistemində çalışan əməkdaşların fədakar və nümunəvi fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən daim yüksək qiymətləndirilir.

Dövlətimizin başçısının avqustun 22-də imzaladığı sərəncamlarla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin 47 əməkdaşının təltif olunması bu sahədə çalışan əməkdaşların fəaliyyətinə verilən ali diqqət və qayğının bariz göstəricisidir. Həmin sərəncamlara əsasən, Xidmətin əməkdaşlarından bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə”, bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, yeddi nəfər “Vətən uğrunda”, səkkiz nəfər “İgidliyə görə”, 29 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Bir nəfərə general-mayor ali hərbi rütbəsi verilib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Avqust, 2022  09:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!