|
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 103-il ötürAvqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 103 ili tamam olur. Dövlət Sərhəd Xidmətinin əsas təyinatı dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsidir. Dövlət sərhədlərimizin bütövlükdə mühafizə olunması Azərbaycan sərhədçisinin ən böyük missiyasıdır. Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Ahlibeyt.az xəbər verir ki, 18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib. 1991-ci ilin 18 oktyabrında “Müstəqillik haqqında Konstitusiya Aktı”nı qəbul etdikdən sonra milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı. Həmin illərdə dövlət sərhədinin mühafizəsi, əsasən şəxsi heyətin fiziki imkanları və SSRİ dövründən qalmış, fiziki və mənəvi cəhətdən köhnəlmiş mühəndis-texniki qurğular və texniki vasitələr hesabına həyata keçirilir, şimal və şimal-qərb istiqamətində yaradılmaqda olan sərhəd məntəqələri vaqonlarda, çadırlarda və ən yaxşı halda, uyğunlaşdırılmış binalarda yerləşirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyev 2000-ci il avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirib. Elə bu səbəbdən də üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş DSX-nin təşkilinə qədər bütün proseslər Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyevin Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarlar sübut etdi ki, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadirdir. Onun 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərmanı Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi. Ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Son illərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində DSX-nin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub. 2007-ci il iyunun 12-də Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı. 2008-ci il sentyabrın 14-də DSX Akademiyasının ilk kursantları Vətənə, dövlətə sədaqət andı içərək təlim və tədrisə başladılar. Dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi, yeni hərbi hissələrin yaradılması, ən müasir texnika və avadanlığın sərhəd xidmətində tətbiqi, şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər uğurla həyata keçirilir. Müasir tələblərə cavab verən sərhəd zastavalarında, hərbi hissələrdə şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, təlim şəhərciyi, anbarlar, mərkəzləşdirilmiş istilik sistemləri, hamam-camaşırxana, idman şəhərciyi, zabit və gizir ailələri üçün tikilən mənzillər sərhədçilərin istifadəsinə verilib. Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılıb, sərhəd nəzarəti məntəqələrində sənədlərin yoxlanılması üzrə müasir tipli laboratoriyalar yaradılıb. Şəxsi heyət dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı sərhəd nəzarətinin həyata keçirilməsi üçün müasir texniki avadanlıqla təchiz edilib. Ali Baş Komandan İlham Əliyev DSX-nin hərbi potensialını nəzərə alaraq, Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin qurum tərəfindən təhvil alınması barədə tapşırıq vermişdi. Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsini DSX-nin mühafizəyə götürməsi onun bütövlüyünün təmin edilməsinin başlanğıcı oldu. Uzaqgörənliklə atılmış bu addım Azərbaycan sərhədçilərini həm də daha böyük amala - ən müqəddəs vəzifə olan bütün sərhədlərimizin mühafizəsi yolunda böyük sınaq idi. Bu sınaqdan üzüağ çıxan DSX-nin şəxsi heyəti 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq dövlət sərhədlərimizə tam nəzarətin həyata keçirilməsi və sərhədlərimizin mühafizəsinin təmin olunması yolunda əsl qəhrəmanlıq və şücaət nümayiş etdirdi. Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın qurumun qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edildi. DSX-nin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında şücaət və qəhrəmanlıq göstərdilər. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildikdən, Ermənistan ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradıldı. Hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər görüldü, bu ərazilərdə yeni hərbi hissələr xidməti-döyüş fəaliyyətinə başladı. İşğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə Azərbaycan sərhədçiləri son bir ildə 19 yeni hərbi hissə kompleksini, 110 sərhəd-döyüş məntəqəsini, İranla dövlət sərhədində işğaldan azad olunmuş ərazilərdə 14 sərhəd zastavasının fəaliyyətini bərpa edib. “Eyvazlı” və “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri inşa olunub, eləcə də “Füzuli” Beynəlxalq Hava Limanında sərhəd nəzarətinin işi təşkil edilib. Həmçinin 1452 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib. İşğaldan azad edilmiş ərazilərdə 104 kilometr məsafədə yeni yollar çəkilib, 223,7 kilometr məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib. Bu müddətdə Azərbaycan-Rusiya dövlət sərhədində demarkasiya işləri davam etdirilib, 142 əsas, 44 köməkçi olmaqla ümumilikdə 186 ədəd sərhəd nişanı quraşdırılıb. Vətən müharibəsində DSX-nin şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə lazımi diqqət və qayğı göstərilib, yaralanmış hərbi qulluqçular qurumun Hərbi Hospitalında, respublikamız ixtisaslaşmış tibb müəssisələrində müayinə, müalicə və reabilitasiya olunub. Onlardan ağır yaralanmış hərbi qulluqçular xarici ölkələrdə müalicə edilib. Dövlətimizin başçısının ötən gün imzaladığı sərəncamlarla Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə DSX-nin 93 hərbi qulluqçusunun ali rütbə, orden və medallarla təltif olunması sərhədçilərimizin xidməti vəzifələrini peşəkarlıqla yerinə yetirmələrinə və vətənpərvərliyinə verilmiş ali diqqət və qayğının növbəti təzahürüdür.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Avqust, 2022 09:15 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |