إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Türkdilli Dövlətlər Təşkilatına üzv ölkələrin müsəlman dini liderləri Azərbaycanda toplaşacaqlar

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə avqustun 11-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə görüşüb.

Ahlibeyt.az xəbərinə görə, QMİ-nin mətbuat xidmətinin məlumatında bildirilib ki, qonağı səmimi salamlayan şeyxülislam A. Paşazadə Azərbaycanın dostu olan Bağdad Amreyevi ölkəmizdə görməkdən çox şad olduğunu bildirib. B.Amreyevin rəhbərlik etdiyi Türk Dövlətləri Təşkilatının böyük və dəyərli işlər gördüyünü qeyd edən QMİ sədri A.Paşazadə son illər türk birliyinin güclənməsi istiqamətində atılan addımların əhəmiyyətindən danışıb. Şeyxülislam Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında tarixi dostluq, qardaşlıq münasibətləri zəminində inkişaf edən və dərinləşən dini-mənəvi əlaqələrdən söhbət açıb.

Azərbaycan Prezidenti İlham Əliyevin milli-mənəvi irsə qayğı və himayəsini yüksək qiymətləndirən QMİ sədri milli və mənəvi dəyərlərinə sadiq ölkəmizin ortaq tarixə malik, eyni dini-mənəvi dəyərləri bölüşən qardaş xalqların Türk Dövlətləri Təşkilatının yüksəlişi istiqamətində səylərini xüsusi qeyd edib. A.Paşazadə B. Amreyevin onu ziyarət etməsini TDT Baş katibinin İslam dininə ehtiramının təcəssümü kimi dəyərləndirib. Bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderləri dövlət başçılarımızın qardaş xalqlarımız naminə müştərək fəaliyyətlərinə ruhən dəstək vermək məramındadırlar və TDT ideyalarının insanların qəlblərinə, mənəviyyatına çatdırılması üçün dini-mənəvi müstəvidə səylərini əsirgəmirlər.

Söhbət əsnasında şeyxülislam A. Paşazadə B. Amreyevin rəhbərlik etdiyi təşkilat tərəfindən 44 günlük Vətən müharibəsi günlərində Azərbaycana nümayiş etdirilmiş qardaş dəstəyinə görə minnətdarlığını ifadə edib, habelə bu yaxınlarda ölkəmizin Londondakı səfirliyinə edilmiş vandal hücumu qətiyyətlə qınadıqlarına, ölkəmizi birmənalı dəstəklədiklərinə görə Türk dövlətlərinə təşəkkürlərini bildirib.

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Azərbaycanın, Qafqazın dini lideri ilə görüşməyi şərəf saydığını qeyd edərək, şeyxülislam A. Paşazadənin şəxsiyyətinə və fəaliyyətinə böyük dəyər verdiyini bildirib. B. Amreyev xüsusi qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin Şurasının yaradılması təşəbbüsünün müəllifi olan A. Paşazadənin bu ideyanın reallaşmasına töhfələri böyükdür. Qonaq TDT-yə üzv ölkələrin qarşıdakı noyabr zirvə görüşündən danışıb və Özbəkistanda keçiriləcək bu görüşdə nəzərdə tutulan işlər barədə məlumat verib. O, TDT-yə üzv ölkələrin müsəlman dini liderlərinin oktyabrda Azərbaycanda baş tutacaq görüşünün önəmini xüsusi vurğulayıb və bu görüşün yüksək səviyyədə gerçəkləşəcəyinə əminliyini bildirib. İslam dininin birləşdirici rolunu və qardaş Türk xalqlarının birliyi üçün bu ortaq dəyərin mühüm önəm kəsb etdiyini vurğulayan B.Amreyev bu amil olmadan Türk birliyinin zəifləyə biləcəyinə diqqəti çəkib.

Daha sonra TDT üzv ölkələrin müsəlman dini liderlərinin oktyabr görüşündə qəbul ediləcək sənədin detalları müzakirə olunub. Bildirilib ki, TDT çərçivəsində türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi naminə təşkilati müstəvidə yeni addımların atılması məqsədəuyğundur.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Avqust, 2022  07:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!