إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycanda Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Mərkəzi Qan Bankının bütün tibb heyəti bu gün - Aşura günündə Bakı şəhərində yerləşən 6 məsciddə və Qan bankının 8 bölgədəki bölmələrində qanvermə aksiyalarının keçirilməsinə cəlb olunub.

Ahlibetr.az-ın xəbərinə görə, TƏBİB-dən mətbuata verilən açıqlamaya görə, 100-dən çox tibb işçisi Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı, Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı, Nizami rayonu “Şah Abbas” məscidi, Səbail rayonu Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonu “Qaraçuxur” məscidi, Yasamal rayonu “Təzə Pir” məscidində, eyni zamanda Qan bankının Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Sumqayıt, Quba və Lənkəran bölmələrində təşkil olunan qanvermə aksiyaları üzrə təhkim olunub.

Qanvermə bu gün saat 08:00-dan başlayıb və 18:00-dək davam edəcək.

Qanvermədən əvvəl bütün donorların zəruri müayinələrdən keçirilməsi prosesi baş tutur. Alınan qanın standart dozası 350-400 ml təşkil edir.

Bildirilir ki, qanlar toplandıqdan sonra infeksiyalar üzrə müayinə olunacaq, təmiz qanlar hemofiliya və talassemiya xəstələrinin, eləcə də qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, eyni zamanda dini konfessiya rəhbərləri qanvermə aksiyasında iştirak edib.

Mətbuata müsahibə verən QMİ sədri bildirib ki, Kərbəla şəhidləri ilə bərabər, biz öz şəhidlərimiz üçün də dualar oxuyur, ehtiyacı olanlara qan veririk: Azərbaycanın qanvermə ilə bağlı müsbət ənənələri artıq başqa müsəlman ölkələrində də yayılır. Bizdən sonra həmin ölkələrdə də Aşura günündə qan verməyə başlayıblar”.

Qeyd edək ki, Saat 12:00-a olan məlumata görə, ümumilikdə 1 436  nəfər könüllü olaraq qan verib. Bakı üzrə rəqəm sayı 1013 nəfər (Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı (162 nəfər), Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı (191 nəfər), Nizami rayonu “Şah Abbas” məscidi (173 nəfər), Səbail rayonu Bibiheybət məscid ziyarətgahı (147 nəfər), Suraxanı rayonu “Qaraçuxur” məscidi (150 nəfər), Yasamal rayonu “Təzə Pir” məscidində (190 nəfər)) olub.

Qan bankının Gəncə (73 nəfər), Şəki (8 nəfər), Mingəçevir (43 nəfər), Bərdə (52 nəfər), Şirvan (63 nəfər), Sumqayıt (47 nəfər), Quba (50 nəfər) və Lənkəran (87 nəfər) bölmələrində isə ümumilikdə 423 nəfər qan verib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Avqust, 2022  15:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!