إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Cümə xütbəsində Azərbaycanın Londondakı səfirliyinə edilən hücum pislənildi VİDEO

Bakının Məşədi Dadaş Məscidində Cümə namazı xütbəsində Azərbaycanın Britaniyadakı səfirliyinə edilən hücum pislənilib.

Ahlibeyt.az xəbər verir ki, Hacı Şahin Həsənlinin imaməti ilə keçirilən xütbənin ikinci hissəsi ötən gün Londonda baş verən hadisəyə həsr olunub.

Hacı Şahin Həsənli bildirib ki, Azərbaycanın Britaniyadakı diplomatik nümayəndəliyinə qarşı vandalizm islam dini ilə heç bir əlaqəsi olmayan rəftar və davranışdır:

"Baxmayaraq ki, hücumu təşkil edən məlum qruplaşmanın üzvləri bu hərəkətlərini dini şüarlar altında edirlər. Amma bu, dini hislərin istismar edilməsidir. O insanların nə dini, nə məzhəbləri var. Onların fəaliyyətinə nəzər yetirəndə görürük ki, onlar fəaliyyətə başladığı ilk gündən dinlərarası, ənənəvi məzhəblərarası qarşıdurma yaratmaq istiqamətində çalışırlar. Çox güman ki, bu işləri xarici xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçirirlər və belə belə bir həssas dönəmdə - Məhərrəm ayı günlərində Azərbaycanda insanların dini hisslərinə toxunmağı qarşılarına məqsəd qoyurlar.

Məzhəb və dinlərarası münasibətləri korlamaq və ona zərbə vurmaq üçün bu addımları atırlar. Əminliklə deyirəm ki, bu kimi addımlar əvvəlcədən uğursuzluğa düçar olacaq. Azərbaycanın dini mühitində belə insanların hər hansı bir təsir imkanı yoxdur. Azərbaycanda ümumiyyətlə radikallığın sosial bazası yoxdur. Bəlkə də onlar bu ölkədə fəaliyyətlərini genişləndirə bilmədiklərinə görə öz aləmlərində Azərbaycandan qisas almağa, ölkəmizin imicinə zərbə vurmağa çalışırlar".

Azərbaycan səfirliyinə hücum zamanı təhqir olunan bayraq uğrunda minlərlə insan canını fəda edərək şəhidlik zirvəsinə ucalıblar. O bayrağın təhqir edilməsi Azərbaycan dövlətinin təhqir edilməsi ilə yanaşı həm də dinimizin, inancımızın təhqir edilməsi deməkdir.

Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin terror-təxribat əməlinə cavab olaraq bu günlərdə "Qisas" əməliyyatı həyata keçirilib. Ola bilər "Qisas" əməliyyatı kimlərisə narahat edib. Belə bir mərhələdə dini hislərə toxunmaqla Azərbaycanda hansısa bir qarışıqlıq yaratmağa cəhd göstərilib.

Erməni teleqram kanallarında Azərbaycanın Britaniyadakı səfirliyinə edilən hücum canfəşanlıqla paylaşılır. Yəqin ki, zaman göstərər ki, bu kimi addımlarda düşmən izi olduğu var. Ona görə də inanclı insanlar da bu kimi məsələlərdə ayıq-sayıq olmalıdırlar hər bir insan dini şüarlar səsləndirməklə belə hesab etməyək ki, onların niyyətinin dindir. Bu kimi qrupların ən böyük zərbəsi müsəlman cəmiyyətinə dəyir".

Xütbə qeyd edilən mövzu ətrafında davam edib.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini dəstə hücum edib. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.

Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

">

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Avqust, 2022  14:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!