إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İlham Əliyev: Ermənistan ərazi bütövlüyümüzü şübhə altına alır və bizi də analoji addımlar atmağa vadar edir

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır və Azərbaycanı da onun ərazi bütövlüyünə qarşı analoji addımlar atmağa vadar edir”

Ahlibeyt.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib:

Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati vahid mövcud deyil və Ermənistan tərəfinin bu məsələyə istənilən istinadı yeni qarşıdurmaya səbəb olacaq. Biz Ermənistan tərəfindən “Dağlıq Qarabağ”ın statusu ilə bağlı sözlər eşitməyə başlamışıq. Bu, tamamilə qeyri-məhsuldardır və Ermənistanın özü üçün təhlükəlidir. Çünki “Dağlıq Qarabağ” mövcud deyil.

Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci ilin sonunda Azərbaycan parlamentinin qərarı ilə ləğv edilib və bizim ərazimizdə bu inzibati struktur yoxdur. Ona görə də dırnaqarası statusa istənilən istinad yalnız yeni qarşıdurmalara səbəb olacaq. Ermənistan hökuməti bunu başa düşməlidir və tarixi yenidən yazmaq səylərindən əl çəkməlidir.

Tarix artıq buradadır və bu, bir növ şifahi razılaşma idi ki, heç kim statusdan danışmayacaq. Təəssüf ki, bu baş verir və bu, çox ciddi nəticələrə səbəb ola bilər. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altında qoymağa davam etsə, Azərbaycanın başqa seçimi olmayacaq və Ermənistanın ərazi bütövlüyünü sual altında qoyacaq. Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə daha çox haqqımız var. Çünki son əsrin tarixi aydın şəkildə göstərir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən 6 ay sonra sovet hökuməti Azərbaycanın tarixi hissəsi olan Zəngəzuru qoparıb Ermənistana verib. Ona görə də əgər Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etsə, nə üçün Azərbaycan Qərbi Zəngəzurdan olan azərbaycanlılar üçün status tələb etməsin? Çünki orada tam olaraq azərbaycanlılar məskunlaşmışdı.

Beləliklə bu, çıxılmaz vəziyyətə səbəb ola bilər. Düşünürəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdır, bu dərsləri yaxşı öyrənməlidir və Azərbaycana qarşı istənilən ərazi iddialarından çəkinməlidir.

Çıxışı zamanı ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunan president İlham əliyev qeyd edib ki, ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etmədi. Buna görə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmayıb:

“Rusiya-Ukrayna müharibəsindən sonra Minsk qrupunun üç həmsədrinin bir araya gəlməsinin mümkün olmadığını hamı anlayır. Biz artıq bu mesajları almışıq ki, Minsk qrupunun həmsədr institutu fəaliyyət göstərməyəcək. Artıq onların pensiya vaxtıdır.

Beləliklə, mən öz mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq”.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyun, 2022  12:15 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!