|
Qədim yaşayış məskənində arxeoloji qazıntılara yenidən start verild - VİDEOŞabran rayonunun Aygünlü kəndi ərazisindəki eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid abidələr kompleksində arxeoloji qazıntıların növbəti mərhələsinə başlanılıb. Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, bu ərazidəki qədim yaşayış yerləri ötən əsrin 70-ci illərində qeydə alınıb. Ərazidə qədim təpəliklər mövcuddur. 2016-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Çaqqallıqtəpədə 5 minillik tarixə malik qazma evlər aşkarlanıb.
Aşkarlanan tapıntılar Şimali Qafqazdan Suriyaya, Fələstinə qədər gedib çıxan Kür-Araz mədəniyyətinə aiddir. Eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid edilən abidə bu vaxta kimi Azərbaycanın şimal-şərqində aşkarlanan və tədqiqatlar aparılan ən qədim yaşayış məskənidir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun sözlərinə görə, hazırda arxeoloqlar I Çaqqallıqtəpədə qazıntı işləri aparır. Əsas məqsəd mədəni təbəqəni sona qədər öyrənmək və təpənin ilk məskunlaşma dövrünü müəyyənləşdirməkdir.
Qazıntılar zamanı əksəriyyətində ox ucluqları olan çaxmaq daşından alətlər də aşkarlanıb. Bu da sübut edir ki, eradan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlində burada yaşayan yerli əhali əkinçilik və maldarlıqla yanaşı, ovçuluqla da məşğul olub.
Çaqqallıqtəpədə qazıntılar zamanı aşkarlanan ən əhəmiyyətli tapıntılardan biri də elmi ədəbiyyatda tokin adlandırılan gil əşyalardır. Tokinlər yazıyaqədər mübadilədə istifadə olunan gildən hazırlanmış xüsusi jetonlardır. Erkən Tunc dövrünə aid bu əşyalara indiyədək Azərbaycanda yalnız Naxçıvan Muxtar Respublikası ərazisindəki Maxta tarixi abidəsində rast gəlinib. Tokinlər Çaqqallıqtəpənin yerləşdiyi ərazidə ilkin inzibati idarəetmənin, yəni dövlətçilik ənənələrinin mövcud olduğunu sübut edir.
Qazıntılar Çaqqallıqtəpə abidəsində 4 tikinti xüsusiyyətini müəyyənləşdirməyə kömək edib. Birincisi, ərazidə Erkən Tunc dövrünə aid 5 qazma ev tapılıb və bu tip evlər Azərbaycanda hələ öyrənilməyib. İkincisi, Kür-Araz mədəniyyətinə xas olan gil möhrə üzərində yüngül konstruksiyalı ağac örtüklü evlərin qurulmasıdır ki, bu, bölgə üçün xarakterikdir. Üçüncü xarakterik xüsusiyyət daş özül üzərində dairəvi evlərin tikintisidir. Dördüncü isə çiy kərpicdən hörülmüş evlərdir.
Çaqqallıqtəpə abidələr kompleksində arxeoloji qazıntılar iyun ayının sonunadək davam edəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyun, 2022 10:00 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |