|
Bakıda “Alban mədəniyyətinə qarşı ermənilik” adlı kitabın təqdimatı olubİyunun 7-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının təşkilatçılığı ilə “Alban mədəniyyətinə qarşı ermənilik” adlı kitabın təqdimatı keçirilib. Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə oxuculara rus dilində təqdim olunan kitabda xristian dövrünün tarixi və mədəniyyət abidələrinə qarşı erməni təcavüzü mövzusundan bəhs edilir. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Qanun” nəşriyyatında təşkil edilən tədbirdə tanınmış yazarlar, alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan tanınmış yazıçı-publisist, şərqşünas- tərcüməçi Fazil Güney Abbasov Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü nəticəsində yaşayış məskənləri ilə bərabər dini və arxeoloji abidələrin məhv edildiyini və mənimsədildiyini bildirib. Qeyd olunub ki, ermənilər xalqımıza məxsus islam dini dəyərləri - türbələri, məscidləri, pirləri, ziyarətgahları, qəbirüstü abidələri, qəbiristanlıqları dağıdıblar. Erməni vandallarının vəhşiliklərindən danışan Fazil Güney Abbasov vurğulayıb ki, alban abidələrində xaçların dəyişdirilməsi saxtakarlıqdan başqa bir şey deyil. Bildirilib ki, kitabda alban xaçı və erməni xaçı arasındakı fərqin verilməsi hər şeyi ortaya qoyur. “Alban mədəniyyətinə qarşı ermənilik” adlı kitabın əhəmiyyətini qeyd edən şərqşünas-tərcüməçi xarici dillərdə erməni saxtakarlığını ifşa edən kitabların çap olunmasının vacibliyini vurğulayıb. Kitabın müəllifi, İşğal Olunmuş Ərazilərdəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib ki, eramızdan əvvəl I-II minillikdən etibarən həmin ərazilərdə mövcud olan bütün tarix və mədəniyyət abidələri Oğuz, Alban İslam dövrü mədəniyyətini əhatə edir. Ermənilər bu ərazilərdə sıx halda yaşamadıqları üçün 19-cu əsrə qədər Azərbaycan ərazisində erməni mədəniyyətini əks etdirən heç bir abidə yoxdur. F.İsmayılov diqqətə çatdırıb ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərində xristianlıq dövrü və xristianlığa qədər olan tarixi mədəniyyət abidələrini erməni kilsəsi və ya erməni monastırı kimi dünyaya təqdim edir. Qeyd olunub ki, ermənilərin kilsələrindən biri Bakıdadır və həmin kilsə yüksək səviyyədə qorunur. Onun sözlərinə görə, ermənilərin Şuşa şəhərində “Qazançı” adlandırdığı kilsəsi isə erməni deyil, məhz rus-pravoslav kilsəsidir. Həmçinin Azərbaycana məxsus və VIII-IX əsrə aid edilən “Xudavəng” monastırı və Vəngli kəndi ərazisindəki XIII əsrdə inşa edilmiş “Gəncəsər” monastırı, Laçın rayonunun Kosalar kəndindəki “Ağoğlan” məbədi, Xocalı rayonunun Əsgəran qəsəbəsi yaxınlığında XII əsr alban dövrü abidəsi erməni kilsəsi kimi təqdim edilir. Müəllif bildirib ki, bir həqiqət var - ermənilər bizə aid dini və tarixi abidələri yerlə-yeksan ediblər, qalanlarını isə özününküləşdiriblər və bu ədalətsizlikdir. “Düşünürəm ki, “Alban mədəniyyətinə qarşı ermənilik” adlı kitab rusdilli oxuculara çox mətləbləri başa salacaq”, - deyə F.İsmayılov qeyd edib. Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, ermənilər ərazilərimizi işğal etməklə kifayətlənməyiblər. Erməni vandalları həm də bizə aid tarixi saxtalaşdırıblar. “Biz ermənilərin saxtakarlığını dünyada ifşa etmək üçün daha çox iş görməliyik. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizi işğaldan azad etdi. Döyüş meydanında qalib gəlmişik, amma görüləsi işlər çoxdur. Tarixin saxtalaşdırılması ilə bağlı xarici dillərdə nəşr olunan kitablara, elmi məqalələrə, sənədli filmlərə ehtiyac var”, - deyə deputat qeyd edib. Kitabın əhəmiyyətini qeyd edən C.Məmmədov bildirib ki, regionda yeni reallıq yaradan Azərbaycan sülhün, dinc və yanaşı yaşamanın tərəfdarıdır. Amma ermənilərə heç vaxt bel bağlamaq olmaz. Tarixin təkrarlanmaması üçün işimizi etibarlı tutmalıyıq. Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu vurğulayan Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin mətbuat üzrə müşaviri Hüseyin Altınalan bildirib ki, artıq dünya erməni yalanlarına inanmır. “Azərbaycan ermənilərin bütün yalanlarını, saxtakarlığını üzə çıxardı, iç üzünü ifşa etdi. Birinci Qarabağ müharibəsindən fərqli olaraq hərbi və iqtisadi cəhətdən güclənmiş Azərbaycan 44 günlük Vətən müharibəsində öz sözünü dedi və düşməni yerində oturtdu”, - deyə müşavir diqqətə çatdırıb. Türkoloq alim, tənqidçi, ədəbiyyatşünas Tofiq Məlikli erməni saxtakarlığını üzə çıxarmaq və onları ifşa etmək üçün başqa dillərdə nəşr olunan daha çox elmi məqalələrin, kitabların yazılmasının önəmindən danışıb. Bildirilib ki, bu istiqamətdə araşdırmaların, tədqiqatların aparılması çox vacibdir. Tədbir müzakirələrlə davam edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyun, 2022 10:40 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |