إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

27 Sentyabr - Azərbaycanda Anım Günüdür

Vətən müharibəsinin başlanmasından 1 il ötür – Bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Ahlibeyt.az-ın xəbərinə görə, bu gün səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarinda, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir.

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.

Azərbaycan Ordusunun zəfər yürüşünə tap gətirməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib.

Ermənistanın bu hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarını işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub.

Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb.

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2907 hərbi qulluqçusu şəhid olub, 7 nəfər itkin düşmüş sayılır.

Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Sentyabr, 2021  09:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!