إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bakıda Pakistanın Müstəqillik günü qeyd olunub - FOTO

Azərbaycan paytaxtında Pakistanın Müstəqillik günü qeyd olunub.

Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, Müstəqillik Gününə həsr olunmuş tədbirdə Pakistan səfirliyinin əməkdaşları, Pakistanın Azərbaycandakı icmasının nümayəndələri iştirak edib.

Tədbirdə Pakistanın bayrağı qaldırılıb. Daha sonra, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee çıxış edib.

O, müstəqillik illərində Pakistanın qazandığı uğurlardan danışıb.

Səfiri Bilal Hayee jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Pakistanın ən önəmli dostudur:

"Pakistan 1947-ci ilin avqustun 14-də müstəqilliyini qazandı və bu il biz müstəqilliyimizin 74-cü il dönümünü qeyd edirik. Keçən 74 il ərzində Pakistan müxtəlif sahələrdə böyük inkişafa nail olub. Bizim iqtisadiyyatımız, insan resurslarımız böyüyüb, sənayemiz inkişaf edib. Ən əsası isə bu illər ərzində Pakistan beynəlxalq arenada vacib dostlar qazanıb. Bu məqamda xüsusilə qeyd etməyə şadam ki, Azərbaycan Pakistanın ən önəmli dostudur, iki ölkə hər zaman həm yaxşı həm də çətin zamanlarda yanaşı dayanıb, bir-birinin yanında olub. Pakistan Azərbaycanı onun çətin zamanlarında dəstəkləyib, Azərbaycan da hər zaman Pakistanın yanında olub, xüsusilə də Cəmmu və Kəşmir məsələsini vurğulamaq istərdim. Biz Azərbaycan xalqının bu cəsarətli dəstəyini yüksək qiymətləndiririk", - deyə pakistanlı diplomat bildirib.

O deyib ki, hazırda həm Pakistan, həm də Azərbaycan yeni çətinliklərlə, COVID-19 pandemiyası ilə, iqlim dəyişikliyinin fəsadları ilə və s. üzləşib:

"Belə halda hər iki ölkə - Azərbaycan və Pakistan üçün dayanışma içində olmaq, bu çətinliklərin öhdəsindən birgə şəkildə gəlmək çox vacibdir. İnanıram ki, yaxın aylarda və illərdə hər iki ölkə bu çətinliklərin öhdəsindən uğurla gələcək. Biz öz regionumuzda rifaha, inkişafa cə sülhə nail olacağıq. Mən öz ölkəm və hökumətim adından qardaş Azərbaycan xalqına uğurlar arzu edirəm", - Bilal Hayee əlavə edib.

Pakistan, Azərbaycan və Türkiyə arasında keçirilən birgə hərbi təlimlərə toxunan səfir bildirib ki, bu ölkələrimiz arasında üçtərəfli əməkdaşlığın bir hissəsidir:

"Biz həm ikitərəfli, həm üçtərəfli formatlarda müxtəlif sahələrdə əməkdaşlıq edirik. Xarici işlər nazirlərinin görüşləri olub, bu yaxınlarda hər üç ölkənin parlament spikerlərinin Bakıda görüşü baş tutdu. Növbəti ay Pakistan və Türkiyənin xüsusi qüvvələri birgə təlimlər üçün buraya gələcək. Üç qardaş ölkə arasında əlaqələr uzunmüddətlidir və bu əlaqələr daha da güclənir. Bu əməkdaşlığın əsas məqsədi regionda sülh və stabilliyi təbliğ etmək, ona töhfə verməkdir. Bu əməkdaşlığın arxasında birlik və sülhdən başqa niyyət yoxdur. Əsas məqsədimiz qlobal sülhə töhfə verməkdir".

 

 

 

 

 

 

 

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Avqust, 2021  11:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!