إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Gənclər arasında “Hərb oyunları” layihəsinə start verilir

“İrəli” İctimai Birliyi gənclərdə hərbi vətənpərvərlik hissinin və zəfər ruhunun gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir.

Ahlibeyt.az-ın xəbərinə görə, İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, gənclərin vətənpərvər və sağlam ruhda inkişafına töhfə vermək məqsədilə avqustun 27-dən sentyabrın 2-dək Ağdam rayonunda yeni - “Hərb oyunları” layihəsi icra olunacaq.

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə reallaşdırılacaq layihənin məqsədi Vətən müharibəsində şanlı Qələbənin ardından gənclərdə hərb sahəsinə marağın gündən-günə artmasını nəzərə alaraq, vətənpərvərlik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətləri inkişaf etdirmək, onları orduda xidmətin müqəddəs borc və şərəf işi olmasına inam yaratmaqdır. Layihə çərçivəsində həyata keçiriləcək tədbirlər də gənclərin məhz bu istiqamətdə yetişməsi, eyni zamanda, hərbi sahədə bilik və bacarıqlarının artırılmasına yönəlib.

“Hərb oyunları” layihəsində iştirak edəcək yüzə yaxın gənc ekstremal şəraitdə maneələrlə qaçış, atıcılıq, bıçaqatma, əlbəyaxa döyüş, pentatlon və hərbiyönümlü digər idman növləri üzrə yarışlarda mübarizə aparacaq. Həmçinin bir həftə ərzində peşəkar idmançılar və mentorlar tərəfindən ustad dərslərinin, xüsusi təlimlərin, fiziki-psixoloji və intellektual oyunların da keçirilməsi nəzərdə tutulur.

Layihənin yekununda yarışlarda qələbə qazanmış komandalar təltif olunacaqlar.

Xatırladaq ki, gənclərdə hərbi vətənpərvərlik hissinin formalaşması, onların sağlam ruhda inkişafı istiqamətdə “İrəli” İctimai Birliyi tərəfindən iyulun 27-dən avqustun 2-dək Göygöl rayonunda “Marş İrəli” layihəsinin üçüncü mövsümü uğurla həyata keçirilib. Silsilə layihənin ilk mövsümü 2018-ci ildə Ağdam, ikinci mövsümü isə 2019-cu ildə Goranboy rayonunda baş tutub. Üç mövsüm ərzində layihə ümumilikdə 500-ə yaxın gənci əhatə edib.

“İrəli” İctimai Birliyi vətənpərvər gənclərin formalaşması və onların hərtərəfli inkişafı sahəsində tədbirləri bundan sonra da davam etdirəcək.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Avqust, 2021  12:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!