إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İƏT Modeli proqramının Azərbaycan mərhələsinə yekun vurulub

Artıq on ildən çoxdur Azərbaycanda uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” proqramının növbəti - 2021-ci il milli mərhələsinə yekun vurulub. İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən proqramda ölkəmizin bir sıra aparıcı ali məktəblərini təmsil edən və iştirak üçün müraciət etmiş 360 tələbə arasından seçilmiş 100 gənc iki ay ərzində onlayn mühazirələrdə iştirak ediblər.

Ahlibeyt.az-ın xəbərinə görə, Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, tədbirin bağlanış mərasimində İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov çıxış edərək proqramın tarixi, milli və beynəlxalq mərhələlərinin xüsusiyyətləri, İƏT-ə üzv ölkələrdə əhatə etdiyi gənclər hərəkatları, təhsil müəssisələri haqda məlumat verib. O, qarşıdakı illərdə proqramın daha çox gənci əhatə edəcəyini bildirib.

Proqramın həmtəsisçisi qismində çıxış edən Gənclər və İdman Nazirliyinin adından çıxış edən nazir müavini Fərhad Hacıyev 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı parlaq qələbədən sonra gənclərin beynəlxalq diplomatiya sahəsində iştirakının vacib olduğunu bildirib, onları bu sahədə təmsil etdiyi nazirliklə sıx əməkdaşlığa çağırıb.

Tədbirin bağlanış mərasimində Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Anar Rzayev ölkəmizin keçən il əldə etdiyi şanlı qələbədən sonra beynəlxalq münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə çatdıraraq, bu kontekstdə İƏT Modeli proqramının vacibliyini vurğulayıb.

Fələstinin Azərbaycandakı səfiri Nasser Əbdül Kərim İƏT Modeli proqramının təşkilatçılarına təşəkkürünü bildirərək, proqramda iştirak edən gənclərə pandemiya və böhranların artdığı bir dövrdə yaranmış çağırışlara hazırlıqlı olmağa çağırıb.

Qeyd edək ki, iki ay davam edən proqram çərçivəsində yerli və xarici ekspertlər İslam sivilizasiyası, aktual xarakter kəsb edən regional münaqişələr, Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış geosiyasi reallıqlar, pandemiya dövrünün qlobal çağırışları, İƏT arealında baş verən hadisələr, eləcə də sözügedən qurum haqda mühazirələrlə çıxış ediblər. Eyni zamanda, İƏT-in bəzi üzv ölkələrinin Azərbaycandakı səfirləri təmsil etdikləri ölkələr, onların xarici siyasəti, beynəlxalq əlaqələri, eləcə də İƏT-də tutduqları mövqe haqda məlumat verib və tələbələrin suallarını cavablandırıblar.

Proqramın sonuncu mərhələsində iştirakçılar İƏT xarici işlər nazirlərinin beynəlxalq simulyasiya konfransında gənclər üzv ölkələrin xarici işlər nazirləri statusunda İƏT coğrafiyasında və dünyada baş verən siyasi, iqtisadi və humanitar xarakterli məsələləri, eləcə də Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı qalibiyyətli mübarizənin dəstəklənməsini müzakirə edərək yekun qətnamələr qəbul ediblər. Tədbirin bağlanış mərasimində simulyasiya oyunlarında kreativliyi, fəallığı və bacarığı ilə seçilən gənclər və işçi qrupları xüsusi mükafatlarla təltif edilib.

Xatırladaq ki, İƏT Modeli proqramının əsas məqsədi İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının gücləndirilməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahələrində yeni bilik və təcrübə əldə etməsinə töhfə verməkdir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyun, 2021  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!