|
Əziz Şuşa, iyirmi doqquz ildən sonra 8 mayı azad qarşılayırsanAzərbaycanın qədim şəhəri olan Şuşa 29 ildən sonra ilk dəfədir may ayının 8-ni azad şəkildə qarşılayır. Uzun illər 8 may tarixini Şuşa şəhərinin işğal günü kimi qeyd edən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun gücü sayəsində ilk dəfə olaraq bu günü sevinclə qeyd edir. 1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni hərbi birləşmələri 11 min nəfərlik qoşunla üç istiqamətdən Şuşa şəhərinə hücum edib və Qala şəhəri işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox insan etnik təmizləməyə məruz qalıb. Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malik olan, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub. Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bundan əlavə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılıb, 20 kitabxana yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib, müqəddəs məbəd və məscidlər təhqir edilib. Ölkənin mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin işğal günü 28 il xalqımız tərəfindən ürək ağrısı ilə qeyd edilib. Dünya azərbaycanlıları daima qəlbində yaşatdığı Şuşanın bir gün azad olunacağı ümidini isə heç bir zaman itirməyib. Buna səbəb xalqın öz liderinə, onun sözlərinə, vədlərinə inanması olub. Xalqın Şuşanın azad olunacağına inamı məhz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin dəfələrlə çıxışları və müsahibələri zamanı verdiyi vədlərlə daha da artıb. Elə bu inamla verilən vədlərin gerçəkləşməsi nəticəsində Şuşa öz azadlığına qovuşub. Əziz Şuşa, sənə azadlıq yaraşır... Belə ki, 2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmənin Azərbaycan torpaqlarından qovulmasına başlanıldı. Beləliklə, döyüş əməliyyatları zamanı düşmən işğal altında saxladığı müqəddəs torpaqlarımızdan qovuldu. 44 gün davam edən Vətən müharibəsinin 42-ci günündə - noyabrın 8-də azərbaycanlıların illərdir həsrətində olduğu Şuşa şəhəri işğaldan azad edildi və elə həmin gün Şuşada Azərbaycan bayrağı qaldırıldı. Bu tarixi və müqəddəs müjdəni Azərbaycan xalqına Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev böyük fəxarət və qürur hissi ilə çatdırdı. Dövlət başçısı noyabrın 8-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəndən sonra, elə Şəhidlər xiyabanından Şuşanın azad olunduğu xəbərini bütün düynaya bəyan etdi. Müzəffər Ali Baş Komandan "Şuşa bizimdir! Qarabağ bizimdir!" deyərək bu münasibətlə bütün Azərbaycan xalqını və bütün şuşalıları ürəkdən təbrik edib. Prezidentimiz bildirib: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Prezident İlham Əliyev Şəhidlər xiyabanındakı çıxışında daha sonra bildirib: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam”. Dünyanı heyrətə salan Şuşa döyüşləri... Şuşa Azərbaycan əsgərinin peşəkarlığı, onun gücü və qüdrəti nəticəsində düşmən tapdağından azad edilib. Azərbaycan hərbçiləri dağlardan, meşələrdən, dərələrdən, sıldırım qayalardan keçərək Şuşanı azad ediblər. Təsadüfi deyil ki, Ali Baş Komandan yanvarın 14-də Şuşada olan zaman deyib: "Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir". Eyni zamanda, Azərbaycan Prezidenti Şuşada - Cıdır düzündə xalqa müraciət edərkən deyib: "Biz Şuşanı qan tökərək azad etmişik, Şuşa uğrunda ciddi döyüşlər gedirdi. Laçın dəhlizi boyunca işğalçıların qalıqları səpələnmişdi, yüzlərlə, bəlkə də minə qədər işğalçı Şuşa döyüşlərində məhv edildi. Hərbçilərimiz sıldırım qayalardan qalxaraq, dərədən-təpədən, Xocavənd meşələrindən, cığırlardan keçərək yüngül silahlarla Şuşaya gəldilər. Yüngül silahlarla, tapançalarla, süngü-bıçaqla mübarizə apardıq. Amma bizə qarşı burada toplardan, tanklardan istifadə olundu. Amma düşmən bizim gücümüzü gördü, iradəmizi gördü, milli ruhumuzu gördü və məğlub oldu. Şuşanın azad edilməsi Vətən müharibəsində xüsusi yerə malik olan hadisədir. Şuşa bizim hədəfimiz idi və biz bu hədəfə doğru gedirdik. Şuşaya qədər azad edilmiş bütün torpaqlarda Azərbaycan Ordusunun yerləşməsi Şuşanın azad olunmasını da şərtləndirmişdi". Şuşanın azad olunmasından sonra diz çökən Ermənistan silahlı qüvvələri artıq məğlubiyyətə uğradıqlarını dərk etməyə başlayıb. Elə bu səbəbdən Ermənistan hakimiyyəti kapitulyasiyaya getməyə məcbur olub. Beləliklə, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci ilin noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu sülh yolu ilə Azərbaycana qaytarılıb. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Bərpa və quruculuq işləri - Şuşa artıq dirçəlir... Vətən müharibəsi başa çatandan sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunan torpaqlarda bərpa və quruculuq işlərinə başlanılıb. Bu proses hazırda Şuşa şəhərində də davam etdirilir. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılıb. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilib. Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib. Prezident İlham Əliyevin mayın 7-də imzaladığı sərəncama əsasən, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub. 32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki “Xarıbülbül” musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Hazırda festivala son hazırlıq işləri görülür. Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq. Beləliklə, əziz Şuşamız azaddır və günü-gündən dirçəlir. Biz bu qədim Azərbaycan şəhərinə əbədi olaraq dönmüşük!
Mənbə: Report.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 May, 2021 09:20 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |