|
XİN: Ermənistanın Azərbaycanın öz ərazisində apardığı bərpa-quruculuq işləri ilə bağlı şərh verməyə hüquqi əsası yoxdurAzərbaycanın 30 ilə yaxın işğal altında saxlanılan ərazilərinin azad edilməsi ilə ölkəmiz bu torpaqlarda bərpa və quruculuq prosesinə başlayıb. Hazırda bu ərazilərdə nəhəng yenidənqurma işləri həyata keçirilir, o cümlədən onilliklərlə davam edən Ermənistan işğalı zamanı yerlə-yeksan edilmiş tarixi, mədəni və dini irsimiz bərpa olunur. Ahlibeyt.az xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfindən Şuşada aparılan bərpa işləri ilə bağlı bəyanatının şərhində yer alıb. Bildirilib ki, Şuşa şəhərində həyata keçirilən geniş miqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri, eləcə də Qazançı kilsəsi bərpa edilir. Qeyd etmək istərdik ki, bu yenidənqurma işləri Şuşanın tarixi simasının bərpa edilməsi məqsədilə məhz orijinal memarlıq üslubuna uyğun olaraq həyata keçirilir. Eyni zamanda, onu da vurğulamaq istərdik ki, Şuşadakı Qazançı kilsəsinin 200 metrliyində “İsgəndər M” raketinin qalıqlarının tapılması və yalnız xoşbəxtlikdən bu faciənin baş verməməsi onu göstərdi ki, bu ölümcül silahla Ermənistan bütün şəhəri, o cümlədən “dəyər verdiyi” kilsəni belə məhv etməyə hazırdır. Ermənistan Xarici İşlər Nazirliyinə xatırladırıq ki, qonşu dövlətin ərazilərini onilliklər ərazində qanunsuz hərbi işğal altında saxlayan Ermənistandan fərqli olaraq, torpaqlarını azad edən Azərbaycan üçün ərazisindəki hər bir abidə, bina, daş belə dəyərlidir, onların yenidən qurulması və qorunmasına dövlət səviyyəsində əhəmiyyət verilir. Qeyd olunub ki, Ermənistana gəldikdə, bu ölkənin Azərbaycanın ərazilərində törətdiyi vəhşiliklər göz qabağındadır. Ermənistan bu ərazilərdəki mədəni və tarixi irsin xarakterini sistematik və qəsdən məhv edib və ya dəyişdirib, o cümlədən muzeylərin mülkiyyətində olan əlyazmalar və digər dəyərli eksponatlar yox edilib və yaxud onlar oğurlanaraq qara bazarlarda satışa çıxarılıb, Azərbaycanın xalçaçılıq sənətinin dəyərli nümunələri talan edilib, yüzlərlə mədəniyyət müəssisəsi, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 8 mədəniyyət və istirahət parkı, habelə Füzuli rayonu ərazisində dünyanın ən qədim yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib. Bütün bu vəhşiliklərə, beynəlxalq öhdəliklərin pozuntusuna səbəb olan bir ölkənin Azərbaycan tərəfindən öz ərazisində aparılan bərpa-quruculuq işləri ilə bağlı hər hansı şərh verməyə mənəvi, ya da hər hansı hüquqi əsası yoxdur. Vurğulanıb ki, bu gün Azərbaycan Ermənistanın təcavüzkar siyasətinin, törətdiyi vandallıqların ağır nəticələrini aradan qaldırır. Odur ki, belə olan halda Ermənistan XİN-in əsassız iddialar deyil, üzrxahlıq bəyanatı ilə çıxış etməsi daha doğru olardı.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 May, 2021 17:30 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |