إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Şuşa Qala divarının bərpası layihəsinin ilk mərhələsi yekunlaşıb - Foto

Şuşa şəhərinin Qala divarları üzərində vaxtilə mövcud olmuş, lakin Ermənistan Silahlı qüvvələri tərəfindən işğal dövründə sökülmüş məşhur “Şuşa” yazısı yenidən bərpa edilmişdir.

Ahlibeyt.az-ın xəbərinə görə,bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatında bildirilir.

Dövlət başçısının göstərişinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycanın xüsusi tarixi, mədəni və strateji əhəmiyyətə malik olan şəhəri – Şuşanın bərpası və yenidənqurulması, şəhərə yenidən həyatın qaytarılması və onun gələcək inkişafının təmin edilməsi məqsədilə zəruri planlaşdırma və layihələndirmə işlərinə başlanmışdır.

Şuşa Qala divarının bərpası layihəsinin ilk mərhələsi yekunlaşdı

Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizin mədəniyyət paytaxtı elan olunmuş Şuşanın hazırlanacaq baş planının əsas prioritetlərindən biri şəhərin olduqca zəngin tarixi-memarlıq irsinin, əsrlərlə formalaşmış tarixi simasının qorunub saxlanmasıdır. Bu istiqamətdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ilin əvvəlindən aidiyyəti qurumlarla, yerli və xarici ekspertlərlə əməkdaşlıq edərək təşkil etdiyi önəmli layihələrdən biri Şuşanın Qala divarlarının bərpası və konservasiyası layihəsidir.

Bu layihənin birinci mərhələsi – Şuşanın XVIII əsr ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi olan Gəncə qapısının konservasiyası və Qala divarlarının işğal nəticəsində dağılmış və əhəmiyyətli dərəcədə zədələnmiş, Gəncə qapısının ətrafındakı hissəsinin bərpası və konservasiyası uğurla başa çatdırılmışdır.

Şuşanın Qala divarlarının və Gəncə qapısının bərpası layihəsinə Komitə tərəfindən məsləhətçi qismində Avstriyanın dünyaca məşhur restavrasiya şirkəti olan və 2010-cu ildən etibarən Azərbaycanda Qız Qalası, Məhəmməd Məscidi və bir sıra digər dünya və ölkə əhəmiyyətli abidələrin bərpa və konservasiyasını həyata keçirmiş "Atelier Erich Pummer GmbH" ​şirkətinin rəhbəri Erix Pumer cəlb edilmişdir. Bərpa və konservasiya layihəsi bu sahədə ixtisaslaşmış yerli “Conco” (Konko) QSC tərəfindən həyata keçirilir.

1

Görülən işlər abidənin arxiv materiallarına uyğun olaraq orijinal görünüşünün bərpa olunması üçün müvafiq texnologiyalar və materiallardan istifadə olunaraq aparılmışdır. Həmçinin, layihənin növbəti mərhələsinə hazırlıq işləri çərçivəsində müasir texnologiyalardan istifadə edilərək Şuşa Qala divarlarının üçölçülü (3D) modelinin yaradılması üçün lazer skaner cihazı ilə çəkilişlər və müayinə aparılmışdır ki, hazırlanan model layihələndirmə və bərpa prosesinin daha səmərəli və yüksək dəqiqliklə aparılmasına imkan verir.

Bərpa işlərinin başa çatmış birinci mərhələsində Qala divarlarının və yüksək memarlıq xüsusiyyətləri ilə seçilən Gəncə qapısının daşları son illər ərzində tətbiq edilmiş yad sement-qum tərkibli suvaq qatından təmizlənmiş, beynəlxalq konservasiya standartlarına uyğun olaraq daşların tikişlər əhəng-qum məhlulu ilə doldurulmuşdur. Qapının xarici tağının yuxarı səmti, həmçinin, Qala divarlarının dörd zədələnmiş hissəsi, kontrforsun dağıdılmış tərəfi, Qala divarlarının fasad hissəsində müdafiə məqsədilə tüfəng atəşi üçün nəzərdə tutulmuş 9 mazğal bərpa edilmişdir.

1

Eyni zamanda, Qala divarlarının gözətçi qülləsinin altındakı zirzəminin divarları və köməkçi otağı da sement-qum suvağından təmizlənərək əhəng-qum məhlulu ilə doldurulmuş, iki gözətçi qülləsi arasındakı divarın bütün perimetri üzrə yuxarı ətəyinə eyni səviyyə verilmiş, divar üzərində yad yazılar təmizlənmişdir. Tarixi abidənin xarici və daxili həyətlərində mövcud olan yad metal elementlər də demontaj edilmiş, əsgər yolunun bir hissəsi təmizlənərək bərpa olunmuşdur.

Bununla yanaşı, Şuşa şəhərinin Qala divarları üzərində vaxtilə mövcud olmuş, lakin Ermənistan Silahlı qüvvələri tərəfindən işğal dövründə sökülmüş məşhur “Şuşa” yazısı da yenidən bərpa edilmişdir. Bu məqsədlə Komitənin tabeliyində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən yüngül metal konstruksiya əsaslı və Qala divarlarına hər hansı təhlükə və xələl gətirməmək şərtilə layihələndirilmiş və alüminiumdan istehsal olunmuş "Şuşa" yazısı tarixi yerində quraşdırılmışdır.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Mart, 2021  14:56 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!