|
Qars müqaviləsinin 100 illiyi silsilə tədbirlərlə qeyd olunacaqNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçiriləcək. Ahlibeyt.az-ın məlumatına görə, AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Qars müqaviləsi və Naxçıvan” mövzusunda konfransın, Qars şəhərində Türkiyənin Qars Qafqaz Universiteti ilə birlikdə beynəlxalq konfransın keçirilməsi, Qars müqaviləsi ilə təsbit olunmuş ərazinin xəritəsinin hazırlanması, “Qars müqaviləsi – 100” mövzusunda interaktiv dərsin keçilməsi, “Naxçıvan” jurnalının bir nömrəsinin Qars müqaviləsinin 100 illiyinə həsr edilməsi, zərf və poçt markalarının buraxılması, “Qars müqaviləsi və Naxçıvan” mövzusunda elmi araşdırmaların aparılması, elmi əsərlərdən ibarət sərginin təşkili, yubiley tədbirinin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Ali Məclis Sədri tərəfindən imzalanan sərəncam Naxçıvanın zəngin dövlətçilik tarixinin, muxtariyyətin baniləri olan görkəmli tarixi şəxsiyyətlərin, dövlət xadimlərinin, ümummilli liderimiz Heydər Əliyevin muxtariyyətin qorunmasındakı müstəsna xidmətlərinin öyrənilməsi və təbliği baxımından mühüm tarixi-siyasi əhəmiyyət kəsb edir. Akademik qeyd edib ki, 1920-ci ildə Zəngəzurun itirilməsi ilə Naxçıvan diyarının Azərbaycanla quru sərhəd əlaqəsi pozulub, bundan istifadə edən Ermənistan Naxçıvanı işğal etməyə səy göstərib. Böyük dövlətlərin hər cür yardımından istifadə edən düşmən hərbi təcavüzdən də çəkinməyib, Naxçıvan ərazisinə hərbi basqınlar edib, soyqırımları törədib, şəhər və kəndləri dağıdıb. Yerli ziyalıların və əhalinin qəhrəmanlığı, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe sayəsində ərazi qorunub saxlanılıb. 1921-ci ilin yanvarında Naxçıvanda keçirilən referendumun nəticəsi, yəni əhalinin 90 faizdən çoxunun səsverməsi ilə Naxçıvan diyarının Azərbaycanın tərkibində qalması, Türkiyə ilə Rusiya arasında imzalanan Moskva müqaviləsi məsələni ədalətli həll edib. Belə ki, Moskva beynəlxalq müqaviləsinə görə, Naxçıvana Azərbaycanın himayəsində muxtariyyət statusu verilib və Azərbaycan heç bir halda onu üçüncü dövlətə verməməlidir. Bundan təqribən 7 ay sonra – 1921-ci il oktyabrın 13-də Qarsda Türkiyə ilə Cənubi Qafqaz respublikaları – Azərbaycan, Gürcüstan və Ermənistan arasında Rusiya nümayəndəsinin iştirakı ilə beynəlxalq Qars müqaviləsi imzalanıb. Türkiyə, Azərbaycan və Ermənistan Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə razı olub və müqaviləni imzalayıblar. Qars müqaviləsinin mühüm siyasi və tarixi əhəmiyyətindən bəhs edən akademik İsmayıl Hacıyev bildirib ki, 20 maddə və 3 əlavədən ibarət olan müqavilə müddətsiz imzalanıb. Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın statusu ilə bağlıdır. Üçüncü əlavədə isə Naxçıvanın ərazisinin dəqiq sərhədləri verilib. “Qars müqaviləsinin nəticəsi olaraq Naxçıvan 1921-ci ilin martında Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü ilin iyununda Naxçıvan diyarı, 1924-cü ilin fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-də isə Naxçıvan Muxtar Respublikası adlandırılıb”, - deyən İsmayıl Hacıyev ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın tərkibində Naxçıvana muxtariyyət statusunun verilməsini yüksək qiymətləndirməsindən bəhs edərək dahi öndərin bu müdrik fikirlərini xatırladıb: “Bu, çətin bir dövrdə böyük mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”. Naxçıvanın dövlətçilik tarixinin, xüsusilə də muxtariyyət və müstəqillik dövrlərinin tədqiqatçısı kimi tanınan akademik qeyd edib ki, Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələ olmaqla, həm də Naxçıvanın Azərbaycanın tərkibində qorunub saxlanılmasında əhəmiyyətli rol oynayıb və böyük tarixi əhəmiyyəti var. Bunları nəzərə alan Ali Məclisin Sədri mühüm tarixi-siyasi əhəmiyyət daşıyan sərəncam imzalayıb. Həmin sərəncamda da qeyd olunduğu kimi “...Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir,... bu müqavilə Naxçıvanın ərazisi və bu ərazinin beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit etmişdir”. Akademik sonda bildirib ki, Qars müqaviləsi XX əsrin Türkiyə və Azərbaycan üçün çox mühüm sənəddir. O, nəinki Türkiyənin mənafeyinə tamamilə zidd olan Sevr müqaviləsini iflasa uğradıb, həmçinin Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında münasibətləri tənzimləyib. Müqavilənin əhəmiyyətli cəhətlərindən biri də onun müddətsiz imzalanmasıdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Fevral, 2021 12:53 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |