إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Azərkosmos”un fəaliyyətə başlamasından 10, “Azerspace-1” peykinin orbitə buraxılmasından isə 8 il ötür

Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) fəaliyyətə başlamasınından 10 il ötür.

Ahlibeyt.az-ın məlumatına görə, AZƏRTAC xəbər verir ki, Prezidenti İlham Əliyevin 2010-cu il 3 may tarixli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə təsis edilən "Azərkosmos" 2011-ci ildə fəaliyyətə başlayıb. “Azərkosmos”un idarəçiliyində olan ilk milli peykimiz – “Azerspace-1” telekommunikasiya peyki 2013-cü il fevralın 8-də Fransız Qvianasında yerləşən Kuru kosmodromundan Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane-5” daşıyıcı raketi vasitəsilə 46 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarılıb. Peyk ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfindən istehsal olunub.

“Azerspace-1” peykinin qabaqcıl texnoloji dizaynı və çevik qoşulma imkanları sayəsində dünyada milyonlarla insan dayanıqlı informasiya və kommunikasiya xidmətlərinə çıxış imkanı əldə edə bilir. Şirkət “Azerspace-1” peyki vasitəsilə öz müştərilərinə yüksək etibarlı peyk əsaslı teleradio yayımı, DTH (Direct-to-Home), səs, video və məlumatların ötürülməsi xidmətlərini təqdim edir.

“Azerspace-1” peyki Afrika, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə 50-dən artıq ölkəni birləşdirən ortaq məkanda mühüm informasiya ötürücüsü funksiyasını yerinə yetirir.

“Azərkosmos” 2014-cü ilin dekabr ayından etibarən Azərbaycan və Fransa arasındakı strateji əməkdaşlıq çərçivəsində imzalanan müqaviləyə əsasən Azərbaycanın sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” peykini təhvil alıb. Bununla da “Azərkosmos” Yer səthinin məsafədən müşahidəsi üzrə kommersiya fəaliyyətinə başlayıb.

Peyk xidmətlərinin etibarlılığını və rəqabətliliyini təmin etmək məqsədilə ikinci telekommunikasiya peyki - “Azerspace-2“ 2018-ci il sentyabrın 26-da 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə buraxılıb.

Yüksəkixtisaslı peşəkar heyətə və texniki imkanlara malik olan “Azərkosmos” yaradılmasından ötən dövr ərzində ölkədə və bütünlüklə regionda İKT sektorunun aparıcı qüvvələrindən birinə çevrilib. Şirkətin resursları ona müasir infrastruktur əsasında yeni yaranan texnologiyaların tətbiqinə, bununla da yerüstü rabitə şəbəklərinin əhatə dairəsinə düşməyən ərazilərdə peyk əsaslı xidmətlərdən istifadə edilə bilməsi üçün əlavə dəyər yaratmağa imkan verir.

“Azərkosmos“ Bureau Veritas tərəfindən ISO 9001:2008 uyğunluq sertifikatına və ISO 27001 – İnformasiya Təhlükəsizliyi Standartı sertifikatına layiq görülüb. “Azərkosmos” ASC-nin, göstərdiyi xidmətlərin keyfiyyətinin yüksək səviyyədə saxlanılması və informasiya təhlükəsizliyinin daima artırılması məqsədilə “Keyfiyyət və informasiya təhlükəsizliyi sahəsində siyasəti” mövcuddur. Müştərinin və digər maraqlı tərəflərin sorğusu əsasında həmin sənəd tanışlıq məqsədilə təqdim edilə bilər.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Fevral, 2021  10:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!